Kreditlə yaşamağı öyrən, millət!

Kreditlə yaşamağı öyrən, millət!
 

Bilirsiniz ki, hökumətimiz hər zaman sinəsinə döyür, xalqı özünə borclu çıxarmağa çalışır ki, bizdə təhsil və səhiyyə pulsuzdur, daha nə istəyirsiniz?! Eyni zamanda təhsil və müalicə üçün insanlara kreditlər təklif edir.

Bunu necə anlayaq? Başa düşmədim, təhsil və səhiyyə pulsuzdursa, nə üçün insanlar kreditə pul alıb, öz pulları hesabına təhsil almalı, yaxud müalicə olunmalıdırlar?

BÖYÜK HƏRFLƏRLƏ QEYD EDİRƏM Kİ, AZƏR-BAYCANDA NƏ TƏHSİL, NƏ DƏ SƏHİYYƏ PULSUZ DEYİL!!! Bunu ölkəmizdə   məmə deyəndən, pəpə deyənə qədər hamı bilir. Dövlətin bu sahələrə ayırdığı büdcə vəsaitləri isə həmin sahələrə rəhbərlik edənlərin korrupsiya yeminə çevrilir. Siz mənə bir xəstə göstərin ki, son 15-20 ildə hər hansı bir xəstəxanada pulsuz-parasız müalicə olunub. Mənə bir valideyin göstərin ki, bütün bu illər ərzində uşağını bağçaya, məktəbə hədiyyəsiz (rüşvətsiz) göndərə bilib. Sözsüz ki, qohumbazlıq, yerlibazlıq, tayfabazlıq, dostbazlıq yolu ilə qəbul olunanlar istisnadır. Başqa yolla bu məmləkətdə, ələlxüsus da paytaxt Bakıda uşağın məktəbə, yaxud bağçaya yerləşdirmək müşkül məsələdir.

Bu yaxınlarda yayılan məlumatlara görə, Təhsil Nazirliyinin tabeliyində Tələbə Təhsil Krediti Fondu yaradıb və həmin Fondun nizamnamə kapitalı 80 milyon manat nəzərdə tutulub. Xeyirxah addım kimi ortaya atılan bu təklifin də, rüşvətin çiçəklənməsinə xidmət edəcəyinə heç bir şübhə yoxdur. Çünki, aztəminatlı tələbə bu pulu ödəyə bilmədiyi halda, pul məhkəmə yolu ilə ondan alınacaq. Gənclər Tələbə Təhsil Krediti Fondundan bu pulu alıb təhsil müəssisəsinə ödəyərək, təhsil almaq huququnu (yəni məktəbə gəlib-getmək) əldə edəcək, amma yenə də öz cibindən müəllimlərə pul ödəmək məcburiyyətində qalacaq. Vermədiyi halda, onu müxtəlif forma və üsullarla oxuduğu təhsil müəssisəsindən çıxaracaqlar. Yəni, "ipt də gedəcək, ipt də".

Tələbə də, krediti batmasın deyə, məcbur olacaq ki, müəllimlərlə "dil tapsın". Çünki hələlik Azərbaycanda rüşvət krediti fondları leqallaşmayıb, yalnız qeyri-leqal formada fəaliyyət göstərirlər. Bu gün insanların daha çox müzakirə etdikləri məsələ də, məhz budur.

Deyilənlərə görə, hazırda Azərbaycanda 54 ali təhsil müəssisəsi fəaliyyət göstərir, amma bir çoxları, məhz yuxarıda sadaladığım səbəblər üzündən Azərbaycanda təhsil almaq istəmirlər. Bunun bir çox başqa səbəbləri də var. Məsələn, öz savadına, biliyinə, bacarığına güvənən gəncləri Azərbaycan təhsil müəssisələrinin verdiyi bilik qane etmir. Onlar hesab edirlər ki, Azərbaycan təhsil müəssisələri, ümumiyyətlə təhsil yox, diplom həvəskarlarına diplom verir. Buna görə də, həqiqətən təhsil almaq istəyən gənclər əcnəbi ölkələrin ali təhsil müəssəsələrinə üz tuturlar. Təhsilini başa vurduqdan sonra da, vətənlərində heç bir inkişaf perspektivlərinin olmadığını anlayaraq, elə xaricdə qalmağa üstünlük verilər ki, bu da son nəticədə, ölkədən  "beyin axını"nın artmasına səbəb olur.

Qeyri-rəsmi məlumatlara görə, son 10 ildə 150 mindən çox ali təhsilli insan Azərbaycandan əcnəbi məmləkətlərə köç edib. Ən acınacaqlısı odur ki, onlardan heç də hamısı xarici ölkələrdə öz ixtisaslarına, bilik və bacarıqlarına uyğun iş tapa bilmir, yaşamaq üçün işini, peşəsini dəyişmək məcburiyyətində qalır. Sizə Almaniyada məskunlaşan, amma qəlbi Azərbaycanla döyünən bir insanın həyat hekayəsini təqdim etmək istəyirəm. Artıq 20 ildən artıq bir müddətdir ki, vətənindən uzaqlarda yaşayan bu insan, ondan yazacağım təqdirdə ad və soyadının açıqlanmamasını təvəqqə etdi və mən də buna əməl edirəm.Yay aylarında həmsöhbət olduğum fizika-riyaziyyat elmləri namizədi olan həmyerlimiz maaşının azlığından, başqa bir işdə işləmək imkanının olmaması üzündən 1998-ci ildə vətənini tərk edib, Rusiyaya üz tutur, burada da elm adamına elə bir xoş üz göstərmədiklərindən, Almaniyaya gedir:

-Məskunlaşmaq çətin olmadı, amma bir xeyli müddət iş tapmaq çox çətin oldu. Bir türk qardaşımız azarbaycanlı olduğumu bilib, tanış bir almanın mehmanxanasında məni işə düzəltdi. Burada işə qəbul zamanı kiminsə zəmanəti əsas şərtlərdən biri və ən əsasıdır, demək olar. Dili öyrənənə qədər burada çalışırsan dedi, sonrasına baxarıq. Bir ilə yaxın mehmanxananın restoranında qabyuyan işlədim. Mehmanxananın sahibi mənim çalışqanlığımı görüb, mətbəx nəzarətçisi vəzifəsinə keçirdi. İki il də belə işlədim, artıq alman dilində sərbəst danışırdım, dostlarım, tanışlarım da var idi. Həyatım öz axarına düşmüşdü. Bir gün mehmanxana sahibi məni otağına çağırdı. Türk qardaşım da orada idi. O mənə dedi ki, "mehmanxana sahibi səni işlətmən (administrator) vəzifəsinə keçirmək istəyir, nə deyirsən, işləyə bilərsən?". Çalışaram, sizi pərişan etməyim. Söhbətimiz alman dilində getdiyindən sahibkar ayağa qalxdı və həmin vəzifəni qəbul etdiyim üçün mənə təşəkkür etdi. Oradan başqa bir restorana getdik və üçlükdə nahar süfrəsi arxasında işin bütün məqamlarını müzakirə etdik. Bu vəzifəyə təyinat alandan sonra 1 il müxtəlif kurslara gedərək mehmanxana işinin bütün incəliklərini öyrandim və təxminən 10 il həmin vəzifədə işlədim. Artıq fizika-riyaziyyat elmi üzrə alim olduğum da yadımdan çıxmışdı. 

Bu gün böyük bir mehmanxana şəbəkəsinin icraçı direktoruyam və həyatım büs-bütün dəyişib, sahibkar olmağın özünün də, ağır bir iş olduğunu indi anladım. İndi hər şeyim var, amma vətənim üçün çox darıxıram, kaş belə bir işim öz vətənimdə olaydı, dediyim anlar çox olur. Həyat yoldaşım, övladlarım isə oradakı mühitə öyrəşdiklərindən, ümumiyyətlə Azərbaycana qayıtmaq istəmirlər, "bizi ac qoyan bir ölkədə nə işimiz var", deyirlər. Həyat yoldaşım ali təhsilli həkimdir, onun bəxti gətirdi, öz ixtisası üzrə işləyir. Oğlum kompüter mühəndisidir, qızım kompüter dizayneri. Hər şey istədiyimdən də yaxşıdır, amma... Müsahibim sözün ardını danışmadı, sadəcə hönkürdü, qəhər onu boğsa da bu sözləri dilinə gətirə bildi: "Axı nə üçün mən öz vətənimdə normal bir iş tapıb işləyə bilmədim?". Bu suala isə mənim heç bir cavabım yox idi. Bu, sadəcə sonluğu uğurla bitən bir həyat hekayəsidir. Bəs qalan 100 min, bəlkə də 150 min insan arasında daha yaxşı, bəlkə də daha pis vəziyyətdə olanlar var, kim bilir.

Bildiyimiz odur ki, "beyin axını" heç bir ölkə üçün yaxşı heç nə vəd etmir. Bununla belə, savadlı insanların öz vətənlərini tərk etməyinin də bir çox səbəbləri var. Ən əsası isə dövlətin onlara arxa durmaması, lazımi diqqətin göstərilməməsi, biliklərindən, savadlarından, istedad və bacarıqlarından vətən naminə istifadə olunmaması.

Bugün universitetlərdə tələbələri qane edəcək savadın verilməməsinin özü də, savadlı müəllimlərin olmaması faktoru ilə bağlıdır. Məmur, deputat professorlar tələbələrə nə öyrədə bilirlər ki, yalnız rüşvətxorluq və yaltaqlıqdan başqa. Yaddan çıxarmamalıyıq ki, rüşvətlə oxuyan tələbə sonunda mütləq rüşvətxor olacaq, çünki onun aldığı savad deyil, diplomdur, bu diplom isə ruşvət biznesinin ilk pilləsidir, bunun başqa yolu yoxdur.

Maraqlıdır ki, müstəqillik dönəmində bir neçə təhsil naziri dəyişsə də, təhsil sisteminin özündə heç bir müsbət hal müşahidə olunmadı. İslahatlar hər şeyi dəyişsə də, rüşvət faktoru toxunulmazlığını qoruya bildi. Səbəblərini də dedim artıq.

Orta təhsil pilləsində də, eyni vəziyyət hökm sürür. Bir çox məktəblərdə müəllimlər gənc olsalar da, yeni texnika və texnologiyalar, yeni təhsil konsepsiyaları hazırlayaraq tətbiq etmirlər, daha doğrusu etməkdə maraqlı deyillər. Onları da, uşaqların savadından daha çox, qazanacağı pullar düşündürür. Hazırda Azərbaycan təhsili böyük sürətlə tənəzzülə doğru gedir. Müəllimlər məktəbdə uşaqlara dərs öyrətmək əvəzinə, valideynlərə məsləhət görürlər ki, uşağını hazırlıq üçün repetitor yanına aparın. Bu isə o deməkdir ki, mənim sizin uşağınıza dərs demək marağım yoxdur. Bəs, valideynin repetitor üçün pulu yoxdursa, necə olsun?

Mən Təhsil Nazirliyinin başbilənlərindən soruşuram, orta məktəblərdə oxumaq üçün, Orta Təhsil Kreditləri nə zaman veriləcək?

Əlqərəz, millət, kreditlə yaşamağı öyrənin və birdəfəlik qulağınıza sırğa edin ki, məmurların diktaturası altında yaşamağın özü belə, kreditlə yaşamaq kimi bir şeydir. Ağzını açarsan, dilini qopararlar! Danışıb haqqını tələb edərsən, vətən xaini elan edərlər! Susmazsan, davam edərsən, vətənindən didərgin salarlar...

Əcnəbilər də fəxr edirlər ki, azərbaycanlı alimlər, yaşamaq naminə restoranlarımızda qab yuyur, küçələrimizi süpürür.

Lionid İliç Berejnev demişkən:"ŞİRAHO ŞAHAYET AZERBAYDJAN!"

 Yusif Seyid

0.073992967605591