Xoruz yoxuydu səhər açılmırdı?
Rövşən Kəbirli yazır:
Tam qələbəylə başa çatan (hələ qəti qələbədən danışa bilmərik, baxmayaraq ki, biz özünətəsəlli naminə Ermənistanın kapitulyasiya olduğunu iddia edirik) Vətən müharibəsindən ötən bir il ərzində gündəmin əsas mövzusu Qarabağın erməni anklavında olan hissəsində yaranmış arzuolunmaz durum deyil, Zəngəzur dəhlizi olub və bu gün də budur. İstər rəsmi qurumların, istərsə də sosioloq, stomatoloq, pedaqoq, kardioloq ixtisaslı ekspertlərin sözünün əvvəli də, sonu da Zəngəzur dəhlizidir. Sanki postmüharibə dövründə müzakirə ediləsi başqa problem yoxdur. Amma var və düşünürəm ki, dəhliz məsələsi ətrafında yaradılmış bu ajiotaj da məhz Qarabağın erməni-rus işğalında qalan hissəsində cəryan edən təhlükəli məsələlərdən cəmiyyətin diqqətini yayındırmağa xidmətdən başqa bir şey deyil. Çünki fikrimcə Zəngəzur dəhlizi olmadan da (necə ki, 33 ildir yoxdur) bizim, o cümlədən dəhlizin açılmasında maraqlı olan Türkiyənin dəmir yolu da daxil, stabil nəqliyyat infrastrukturu mövcuddur: Bakı-Tiblis-Qars dəmir və avtomobil yolu. Problem Naxçıvanla əlaqədirsə biz bunu indiyədək olduğu kimi İrandan keçməklə də həll etmişik.
Hesab edək ki, Zəngəzur dəhlizi həqiqətən təqdim edildiyi kimi ölüm-qalım məsələdir. Əgər Azərbaycanın siyasi rəhbərliyi bu məsələdə səmimidirsə, başqa niyyət güdülmürsə bunu həll etməyin yolu çox net və konkretdir: Ermənistana Qarabağdakı separatçı qüvvələrə yardım üçün yaradılmış Laçın dəhlizin qapadırsan və düşmən quzu balası kimi Zəngəzurla bağlı 9 noyabrda imzaladığı sənədin müvafiq bəndini yerinə yetirir.
Əslindəsə bizi bugün Zəngəzur dəhlizindən daha çox sülhməramlı çətiri altında 5 mindən artıq hərbçiylə Qarabağa yerləşmiş işğalçı Rusiyanın orda çıxardığı hoqqalar narahat etməlidir. Xəbər verildiyi kimi Moskva indi də Qarabağdakı provoslav inanclı insanların dini ayinlərinin icrasına yardımçı olmaq adıyla bölgəyə keçmiş KQB-şniki göndərib. Maraqlıdır ki, katolik ermənilər bundan sonra orta əsrlərdən bəri barışmaz rəqib hesab etdiyi provoslav rahibin əmrləriylə oturub duracaq. Təbii ki, Rusiyanın bu metropolit hoqqası müəyyən məqsədə hesablanıb. Burda provoslavların sayını süni şəkildə artırmaq, sonra onlara Rusiya vətəndaş pasportu vermək və perspektivdə ərazidəki vətəndaşlarının hüquqlarını qorumaq adı altına Azərbaycanın ata biləcəyi radikal addımların qarşısını almaq- Donbasda uğurla sınaqdan çıxarılmış ssenari.
Ona görə də yaxşı olar ki, Zəngəzur “tütəyini” ağzınızdan çıxarıb Moskvanın məkirli planlarını necə əngəlləməyin yolu barədə danışa və düşünəsiniz.
Paralel.az