Siracəddin Hacı yazır...

Siracəddin Hacı yazır...
 

Bəqərə surəsinin mesajları

VII YAZI
(əvvəli ötən sayımızda)
Bəqərə surəsinin nüzul ortamı, mövzu və mesajları
- insanların cənnətə girməsinə səbəb olan ən önəmli əməl uca Allahdan çəkinmək (təqva) və gözəl əxlaqdır; (Tirmizi, Birr, 62)
- Allah Rəsulu: “İslam açıq, iman isə qəlbdə (gizli) olar”, - buyurmuş, sonra da əlini qəlbinin üzərinə qoyaraq üç dəfə təqva buradadır demişdir; (İbn Hanbel, III, 134)
- Allah Rəsulu buyurur: “Bir-birinizə həsəd etməyin! (Qiyməti artırmaq üçün) müştərini qızışdırmayın! Bir-birinizə kin bəsləməyin! Bir-birinizə arxa çevirməyin! Heç biriniz başqasının satışı üzərindən (ikinci bir) satış həyata keçirməsin! Qardaş olun, ey Allahın qulları! Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, onu köməksiz qoymaz, ona xor gözlə baxmaz. Təqva məhz buradadır” (Müslim, Birr, 32) (Allah Rəsulu qəlbini göstərmişdir);
- müsəlman qardaşına xor gözlə baxmaq pis əməl olaraq bir şəxsə yetər. Hər müsəlmanın qanı, malı, namusu müsəlmana haramdır; (Müslim, Birr, 32)
- Allah Rəsulu buyurur: “Şübhəsiz, ən çox təqvalı olanınız və Allahı ən yaxşı tanıyanınız mənəm”; (Buxari, İman, 13)
- O, bu dünya nemətlərinə meyil etməmiş, ən çox təqvalı olmağı sevmişdir; (İbn Hənbəl, VI, 69)
- dünyaya rəğbət göstərmə ki, Allah səni sevsin, insanların sahib olduqlarına rəğbət göstərmə ki, insanlar səni sevsin; (İbn Macə, Zühd,1)
- üstünlük təqvadadır; (İbn Hənbəl, V, 411)
- Allah Rəsulu səfərə çıxmaq istəyən bir insana belə dua etmişdir: “Allah səni təqva ilə ruziləndirsin!”; (Tirmizi, Dəavat, 44; Darimi, İstizan, 41)
- Allah Rəsulu Ondan nəsihət istəyənə buyurmuşdur: “Sənə Allahdan qorxmağı tövsiyə edirəm, dinin əsası (canı) budur”; (Təbərani, əl-Mucəmul-Kəbir, II, 157)
- təqvalı insan sahib olduğu nemətin haqqını verər; (İbn Hənbəl, V, 372)
- “İnsanların ən xeyirlisi Qurani-Kərimi ən çox oxuyan, ən təqvalı olan, yaxşılığı ən çox əmr edib, pislikdən ən çox çəkindirən, qohum-əqrəbasının qayğısına ən çox qalandır”; (İbn Macə, Ticarət, 1; İbn Hənbəl, VI, 432)
- təqvaya sımsıx sarıl, bütün xeyirləri özündə toplayan xüsusiyyət təqvadır; (Süyuti, II, 62)
- təqva dinin yarısıdır; (Beyhəqi, Şuəbul-iman, IV, 382)
- təqva uca Allahın yardımına yol açar; (Riyazüs-salihin, c.I, s. 302-303)
- təqva cəhənnəmdən qurtuluşa vəsilədir; (Riyazüs-salihin, c.I, s. 303)
- insan təqva üçün dua etməlidir; (Riyazüs-salihin, c.I, s. 327)
- təqva ruziyə vəsilədir; (Riyazüs-salihin, c.I, s. 303)
- insanların ən xeyirlisi təqvalı olandır; (Riyazüs-salihin, c.I, s. 324)
- təqva sıxıntılardan qurtuluşa vəsilədir; (Riyazüs-salihin, c.I, s. 303, 557)
- təqva və yaxşılıqda yardımlaşın; (Riyazüs-salihin, c.II, s. 28, 40-50, 198)
- təqvanın əsası şübhəli şeylərdən qaçmaqdır; (Riyazüs-salihin, c.III, s. 482)
İrfan düşüncə sisteminə bağlı olan alimlər təqva anlayışını bu ölçülərlə tanıtmışlar:
- təqvanın həqiqəti uca Allaha itaət edərək Onun əzabından qurtulmaqdır;
- təqvanın əsli öncə şirkdən, sonra pis və günah olan işlərdən, sonra da günah ehtimalı olan əməllərdən qorunmaq, sonda da faydasız halalları tərk etməkdir;
- təqva insanı uca Allahdan uzaqlaşdıran hər şeydən qaçmaqdır;
- təqva uca Allahın iradəsi ilə qulun iradəsinin ahəng (uyum) içində olmasıdır;
- insanın təqva sahibi olmasının üç dəlili var: əldə edə bilmədiyi nemətlə bağlı təvəkkülə sarılar, qazandığı nemətlə bağlı riza halında olar, əldən qaçırdığı nemətlərlə bağlı səbir göstərər;
- dünya insanlarının əfəndisi səxavətli olanlar, axirət insanlarının əfəndisi təqvalı olanlardır;
- həyat qəlbi təqva ilə döyünən insanın həyatıdır;
- təqvanın bir zahiri, bir də batini var: zahiri uca Allahın qoyduğu sınırları pozmamaq, batini (içi) ixlas və niyyətdir;
- qazancı təqva olanın əldə etdiyi nemətin dillə ifadəsi mümkün deyil;
- müttəqi (təqva sahibi) İbn Sirin kimi olar: o, bir kərə qırx küp yağ almış, xidmətçisi küplərin birindən bir siçan ölüsü çıxarmışdır. İbn Sirin siçanın hansı küpdən çıxdığını soruşmuş, xidmətçisi bilmədiyini söyləmişdir. O, bütün küplərin yağını yerə boşaltmışdır;
- rəvayət olunur ki, Bəyazid Bistami dostu ilə birlikdə bir məkanda paltarını yuyur.

Dostu deyir ki, izin verin, paltarınızı bu bağın divarından asım. Bistami izin vermir, başqasına aid divardan paltar asılmaz deyir. Dostu deyir ki, o halda, izin verin, paltarınızı bu ağacın budağından asım. Bəyazid razılaşmır, ağacın budağı qırılar cavabını verir. Dostu israr edir, izin verin paltarınızı otların üstünə sərim. Bəyazid yenə razılaşmır, ot heyvanların qidasıdır deyir. Sonda kürəyini Günəşə çevirir, yaş paltarını da kürəyinə sərir, paltarın bir tərəfi quruyunca o biri tərəfini çevirir; (Kuşeyri risalesi (hazırlayan, prof.dr. Süleyman Uludağ), İstanbul, 1991, s. 243-247)
1) “Bir hidayət rəhbəridir”
“Hidayət” sözü ərəbcədir, “h-d-ya” kökündəndir, eyni kökdən olan sözlər Qurani-Kərimdə üç yüz on altı kərə işlədilmişdir, bu anlamları var:
a) “yol göstərmək”
“Bizə doğru yolu göstər” / “Bizi doğru yola yönəlt” (Fatihə, 1/6)
b) “yönəltmək”
“Onlara cəhənnəmin yolunu göstərin” (Saffat, 37/23)
c) “səbəb olmaq”
“... Kim onu (Şeytanı) yoldaş seçərsə, bilsin ki, (Şeytan) onu azdıracaq və alovlu atəşin əzabına sürükləyəcək” (Həcc, 22/4)
ç) “fitrət qazandırmaq”
“(Musa) da bizim Rəbbimiz hər şeyə yaradılışını verən (hər şeyi yaradan), sonra da (yaratdıqlarına yaradılışına uyğun yolu göstərəndir dedi)” (Taha, 20/50)
a) “yol tapmaq”
“O daha necə əlamətlər yaratdı. Onlar ulduzlarla da (hansı yoldan gedəcəklərini) taparlar” (Nəhl, 16/16)
e) “doğrunu tapmaq”
“Onun taxtını tanımayacağı bir hala gətirin, görək tanıyacaqmı, yoxsa tanımayanlar arasındamı olacaq” (Nəml, 27/41).
ə) “qurban”
“Həcci və ümrəni Allah üçün tam yerinə yetirin. Əgər (bunları) yerinə yetirmək imkanı verməsələr, (sizin üçün) asan olan qurbanı kəsin (göndərin)” (Bəqərə, 2/196)
f) “hədiyyə”
“(Səba məlikəsi Belkıs): “Mən (indi) onlara bir hədiyyə ilə elçi göndərim, baxaq elçilər (hansı nəticə) ilə dönəcəklər”, - cavabını vermişdi” (Nəml, 27/35; Qeyd: “hidayət” sözünün daha geniş anlamları üçün bax: Mehmet Okuyan, “Çok anlamlılık bağlamında Kuran sözlüğü”, İstanbul, 2015, s. 833-837)
Ayədəki “müttəqilər üçün hidayətdir” (“hudən lil-muttəqin”) ifadəsini “hidayətə qovuşanlar üçün təqva qaynağıdır” kimi anlamamalıyıq: “... İfadədə hidayət təqvanın deyil, təqva hidayətin alt yapısı (əsası, bünövrəsi) olaraq təqdim edilir, yəni təqva hidayətin səbəbi, hidayət təqvanın nəticəsidir... Hidayətdən öncəki təqva “məsuliyyət əxlaqı”dır. “Məsuliyyətli davranış” anlamına gələn saleh əməl də məhz belə bir əxlaqdan doğular” (Mustafa İslamoğlu, Hayat Kitabı Kuran, s. 6-7)
Beydavi yazır ki, Qurani-Kərim hidayəti müttəqilərə (təqva sahiblərinə xas qılmışdır (aid etmişdir). Bunun səbəbi var: təqva sahibləri bu rəhbərlikdən istifadə etmiş, uca Allahın ayələrindən yararlanmışlar. Əslində, Qurani-Kərimin yol göstərməsi insanların hamısına aiddir: “O, insanlara bir rəhbərdir” (Bəqərə, 2/185). “Quran hidayətindən özəlliklə təqva əhlinin istifadə etməsi bunu da göstərir: Ondan ağlından doğru istifadə edənlər, düşünənlər faydalana bilər, çünki Quran sağlamlığı qorumaq üçün zəruri olan faydalı qida kimidir. Bədən sağlam deyilsə, o faydalı qidalar işə yaramaz...” (Beydavi tefsiri, c.I, s. 35-36)
“Hüda” / “Hidayət” yol göstərmək, doğru yola yönəltmək, maarifləndirmək, uca Allahın razı olduğu həyat tərzində, iman, ibadət və əxlaq yolunda ilahi rəhbərlik etməkdir.
İlahi kitablar müttəqilərə (təqvalı olanlara) doğru yolu göstərmək üçün nazil edildi, bu kitablar qorunanlara ilahi rəhbərlikdir.
Hüda/hidayət açıq olan, doğru yolu tapan, göstərən dəlildir. Elə bir dəlildir ki, insanı doğru yola qovuşdurur.
Əl-Hüda insanı arzuladığı məqsədə qovuşdurar, o, nurdur, qaranlıqları yox edər, o, bələdçidir, insanı azmaqdan qoruyar.
Qurani-Kərim hidayətdir, hidayətin qaynağıdır, hidayət Onunla mümkündür.
Hüda qəlbə yerləşən imandır, qul onu istəyər, uca Allah yaradar.
Zəməxşəri deyir ki, ayədə “müttəqilərə hidayət rəhbəridir” deyilir. Müttəqilər hidayətə qovuşmuş insanlardır.

O halda, ayə niyə bu biçimdə nazil olmuşdur? (Yəni hidayətdə olanlara hidayət istəməyin anlamı nədir?): “Bu, sənin hörmətli bir insana: “Allah səni əziz qılsın, sənə güc və qüvvət versin, sənə ikram etsin”, - tərzindəki cümlənə bənzəyir. Sən bu cümlənlə o insanda var olan şeyin sabit olmasını, artmasını, davam etməsini istəyirsən. Eyni ölçü Fatihə surəsinin bu ayəsində də var: “Bizi doğru yola yönəlt!” (Doğru yolda olanlar doğru yol istəyirlər – doğru yolda olmaq önəmli, onu qorumaq daha önəmlidir)” (Zəməxşəri, el-Keşşaf, s. 66)
Hidayətdə şüurlu, iradəli, hədəfli tələb/yönəlmə var. Hidayət arzu edilən şeylərə qovuşduran vasitələri qəti/dəqiq göstərmədir, doğru yolu tanıtmaq, yol işarələrinin anlamını izah etməkdir, yəni maarifləndirmə işidir, həqiqəti açıqlamaqdır. Hidayətin ziddi dəlalətdir (azmadır).
“Hidayət” sözü ilə eyni kökdən olan sözlərdən biri də “hədy”dir, “həyat tərzi”, “hal”, “gediş” anlamları var. Allah Rəsulu buyurur: “Sözün ən doğrusu Allahın kitabıdır, yolların ən gözəli də Məhəmmədin yoludur (hədyu Muhamməd)” (İbn Hənbəl, III, 310).
Qurani-Kərimdə hüda/hidayət ilə vəhy arasında sıx bağ var:
“Ey insanlar, sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə, nifaqa) bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir” (Yunus, 10/57).
“Onu (İslamı) bütün dinlərdən üstün etmək üçün öz elçisini hidayət və haqq dinlə göndərən Odur...” (Tövbə, 9/33).
Böyük İslam alimi Rağib əl-İsfahaniyə görə, uca Allahın insanı hidayətə yönəltməsi dörd mərhələdə gerçəkləşir:
- hidayət insana yol göstərən ağıl və biliyi ifadə edir. Bu hidayət insana verilmişdir: “(Musa): “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir”, - dedi” (Taha, 20/50).
- uca Allah Qurani-Kərimi nazil edərək, elçi seçərək insanları hidayətə dəvət etmişdir: “Biz onları əmrimizlə (insanları) doğru yola gətirən imamlar etdik” (Ənbiya, 21/73).
- hidayət uca Allahın insana lütfüdür: “İman gətirib yaxşı işlər görənlərin Rəbbi (onları)... hidayətə qovuşdurar” (Yunus, 10/9). “Kim Allaha iman gətirsə, (Allah) onun qəlbini haqqa doğru yönəldər” (Təğabun, 64/11).
- uca Allah hidayətə qovuşanları axirətdə cənnətə qoyar: “Biz onların (cənnət əhlinin) ürəklərindəki kin-küdurəti çəkib çıxardıq. Onların (qaldıqları yerin) altından çaylar axar. Onlar deyərlər: “Bizi buraya gətirib çıxaran Allaha həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz doğru yolu tapa bilməzdik. Həqiqətən, Rəbbimizin elçiləri haqqı gətirmişlər!” Onlara: “Etdiyiniz əməllərə görə varis olduğunuz Cənnət budur!” – deyə müraciət ediləcəkdir” (Əraf, 7/43; Rağib əl-İsfahani, Müfrədat, s. 538).
Alimin dediyi budur: uca Allah insanın hidayətə qovuşması üçün ona ağıl vermiş, kitablar və elçilər göndərmiş, lütf etmiş, bu imkanlardan doğru yararlananları da cənnətlə mükafatlandırmışdır. Allah Rəsulu nur və hidayət olan Qurani-Kərimə sımsıx sarılmağı tövsiyə etmiş, (Müslim, Fəzailus-səhabə, 36) Ona sarılanın nicat tapacağını, Ondan ayrılanın da zəlalətə düşəcəyini vurğulamışdır. (Müslim, Fəzailus-səhabə, 37)
Allah Rəsulu uca Allahdan hidayət istəmişdir: “Allahım, məni bağışla, mənə mərhəmət et, mənə hidayət, afiyət, ruzi ver!” (Müslim, Zikir, 35) “Allahım, hidayət etdiklərinlə bərabər mənə də hidayət ver. Sağlamlıq və afiyət verdiklərinlə bərabər mənə də sağlamlıq ver! Himayə etdiyin kimsələrlə bərabər məni də himayə et! Mənə verdiyin nemətləri bərəkətləndir!”. (Tirmizi, Vitr, 10)
Uca Allah buyurur ki, insan ağıllı, iradəli, vicdanlı varlıqdır, o, iradə etməli, istəməlidir ki, O da doğru yola yönəltsin. Hidayət tələb edilən, əmək verilən, seçilən bir nemətdir. Uca Allah istədiyinə hidayət verər, istədiyini də azdırar anlayışı yanlışdır, əgər elə olsa idi, ağıla, iradəyə, imtahana, ibadətə, itaətə, hesaba, yenidən dirilişə, cənnət və cəhənnəmə ehtiyac olmazdı. Uca Allah buyurur ki, dində məcburiyyət yoxdur, istəyən iman etsin, istəyən küfür etsin, O, diləyənin azmasına izin verər.
Qurani-Kərimə görə, insan hidayət üçün bu addımları atmalıdır:

- məsuliyyətli varlıq olduğunu qəbul etməli, üzərinə düşən işləri yerinə yetirməlidir: “De: Əgər mən azsam (dəlalətə düşsəm), öz əleyhimə azmış olaram, yox əgər doğru yolda olsam, bu yalnız Rəbbimin mənə göndərdiyi vəhy hesabına mümkün olar. Şübhəsiz, O, hər şeyi eşidir, O, (quluna şah damarından) çox daha yaxındır” (Səbə, 34/50);
- iman etməlidir, iman etsə, uca Allah ona rəhbər olar: “Əgər doğru yolda olsam, bu yalnız Rəbbimin mənə göndərdiyi vəhylə mümkün olar...” (Səbə, 34/50);
- uca Allaha (Onun kitabına) sımsıx sarılmalıdır: “Hamınız birlikdə Allahın ipinə sarılın, bir-birinizdən ayrılmayın...” (Ali-İmran, 3/103);
Ardı var...
Paralel.az
0.015667915344238