Səfərbərlik Xidmətinin həkimi rüşvətə görə həbs edilib

Səfərbərlik Xidmətinin həkimi rüşvətə görə həbs edilib
 

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Nazilə Rəhmanovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Eyni zamanda, N.Rəhmanovaya Cinayət Məcəlləsinin (CM) 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilib və təqsirləndirilən şəxsə şərti cəza təyin olunub.

Qeyd edək ki, N.Rəhmanova əvvəllər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon Şöbəsinin Hərbi Həkim Komissiyasının sədri vəzifəsində və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında həkim işləyib.

İttiham aktına əsasən, o, Hərbi Həkim Komissiyasının sədri vəzifəsində çalışan zaman çağırışçılardan hərbi xidmətə yararsız hesab edilmələri üçün rüşvət alıb və qarşılığında həmin çağırışçıların hərbi xidmətə yararsız olmaları ilə bağlı saxta tibbi sənədlər verib.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan N.Rəhmanova barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

İstintaq dövründə onun barəsində 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilmədiyini deyib. N.Rəhmanova dindirilən zaman söyləyib ki, o, 39 ildir həkim işləyib.

Təqsirləndirilən şəxs bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin Hərbi Həkim Komissiyasının sədri vəzifəsində çalışıb və vəzifəsi komissiyaya müraciət edən şəxslərin həkimlər tərəfindən müayinə edilməsindən sonra vəziyyəti komisara məruzə etmək olub. N.Rəhmanova ifadəsində heç kəsdən pul almadığını deyib.

0.024724960327148