Qeyri-rəsmi işçilərin maaşların kim, necə indeksləşdirəcək?
Rövşən Ağayev yazır:
Azərbaycan iqtisadiyyatı böyük neft gəlirlərinin daxil olduğu ilk illərdən sonra (2005-2008-ci illər) qiymətlərin ən yüksək həddə çatdığı mərhələyə qədəm qoyub.
Xüsüsilə də qida inflyasiyasının yüksək səviyyəsi ölkədə yoxsulluğun miqyasının artması, sosial vəziyyətin sürətlə pisləşməsi ücün əsas riskə çevrilib.
Nəzərə almaq lazımdır ki, Azərbaycanda məşğul əhalinin təxminən 65%-i qeyri-rəsmi çalışır. Belə vəziyyətdə minimum əmək haqqı və büdcə işçilərinin maaşları vasitəsilə indeksləşdirmə mexanizmi qeyri-rəsmi sektorda gəlirlər üçün işlək mexanizm rolunu oynamır. Sadə deyim: əgər inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da hər 100 işçidən 95 nəfəri rəsmi maaşa imza atmış olsa idi, onların gəlirlərinin minimum əmək haqqının indeksləşdirilməsi vasitəsilə inflyasiyadan qorunması real olardı.
İşsizliyin yüksək, əmək bazarında işçinin deyil də işəgötürənin birtərərfli qaydada diqtə edən tərəf olduğu şəraitdə nəinki qeyri-rəsmi işçilərin, bütövlükdə son dərəcə məhdud məşğulluq potensialına malik özəl sektorun hətta rəsmi işçilərinin inflasiya tempinə uyğun indeksasiya tələb etmək şansları çox məhdudur.
Qida inflyasiyası hazırda qlobal miqyasda problemə çevrilib. Dünya Ərzaq Təşkilatının məlumatına görə, bu ilin noyabrında qlobal ərzaq qiymət indeksinin səviyyəsi öən ilin noyabrına nisbətən 27% yüksəkdir. Lakin Azərbaycan kimi iqtisadiyyatın yüksək səviyyədə monopollaşdığı, rəqabətin olmadığı şəraitdə əlavə daxili faktorlar qiymətləri daha da yüksəldir.
Azərbaycan Statkomu bu ilin oktyabr ayı üzrə istehlak bazarında qida qiymətlərinin 2020-nin eyni ayına nisbətən təxminən 14% çox olduğu barədə məlumat yayıb. Eyni zamanda, həmin dövr üzrə yerli ərzaq emalçıları üzrə istehsalçı qiymət indeksinin 16% yüksək olduğunu qeyd olunur.
Gömrük statistikasında idxal mallarının qiymət indeksinin səviyyəsinin daha yüksək olduğu görünür. Məsələn, 2020-ci ilin sentyabrına nisbətən bu ilin sentyabrında idxal qiymət indeksinin hazır qida məhsulları üzrə 25%, heyvan mənşəli yağlar üzrə təxminən 50% yüksək olduğu bildirilir.
Rəsmi statistika bu il ərzində əhalinin rəsmi gəlirlərinin, o cümlədən maaşların 2-3%-lik artım olduğunu qeyd edir. Bu o deməkdir ki, hətta rəsmi statistika ölkədə ev təsərrüfatlarının real gəlirlərində ciddi azalmanın olduğunu göstərir.
Təəssüf ki, Azərbaycanda bütün regionlar üzrə yoxsulluğu etibarlı və operativ ölçən statistika olmadığından real gəlirlərin belə kəskin azalmasının ölkədə yoxsulluğa təsiri barədə cəmiyyət obyektiv informasiyaya malik olmur.
Belə bir reallıqda hökumətin tarifləri tənzimlənən xidmətləri kəskin şəkildə bahalaşdırması ölkədə inflasiyanı daha da sürətləndirir...
Paralel.az