İsveç NATO üzvlüyündən imtina etdi
Baş nazir Maqdalena Andersson: "İsveç NATO-ya üzvlük üçün müraciət etməyəcək"
Paralel.az xəbər verir ki, İsveçin baş naziri və Sosial Demokrat Partiyasının üzvü Maqdalena Andersson ölkəsinin NATO üzvlüyündən imtina etdiyini açıqlayıb. Bu barədə TASS yazır.
“Hərbi ittifaqlardan azad olmaq ölkəmizə yaxşı bəhrə verir. Bu Şimali Avropada sabitlik və təhlükəsizliyə də töhfə verir. İsveç NATO-ya üzvlük üçün müraciət etməyəcək", - deyə İsveç hökumətinin hazırkı rəhbəri bildirdi.
Bununla belə, o qeyd edib ki, Stokholm Avropaya hücum olacağı təqdirdə kənarda dayanmayacaq və İsveçə təcavüz olacağı təqdirdə Avropa ölkələrinin köməyinə ümid edir.
“Aİ İsveçin xarici və təhlükəsizlik siyasəti üçün ən mühüm arenasıdır. ATƏT-ə hazırkı sədrliyimiz İsveçə Avropanın təhlükəsizlik nizamını qorumaq imkanı verir”, - Andersson əlavə edib.
O, həmçinin ABŞ-ın iqlim, pandemiya və demokratiya mövzusunda "konstruktiv tərəfdaşlığa" qayıtmasını yüksək qiymətləndirdi.
Daha əvvəl məlum olmuşdu ki, baş nazir Andersson Yaşıllar fraksiyası İsveç hökumətini tərk etdikdən sonra istefa verib. O, bir neçə saat əvvəl öz ofisinə seçilmişdi. Bu vəziyyət İsveç Riksdaqının (birpalatalı parlament) hökumətin təklif etdiyi büdcə layihəsini dəstəkləməyərək, müxalifətin formalaşdırdığı büdcəyə səs verməsi səbəbindən yaranıb.
Akif Nəsirli