Yaxşı padşahın nağılı 

Yaxşı padşahın nağılı 
 


(Pritça)

Qalib Arif

Deyirlər, Şərqin tarixi həm də yaxşı padşahların tarixidir. Belə şahları Allah da sevərmiş, hətta öz mələklərini onların xidmətinə göndərərmiş. Deməli, çox qədim zamanlarda İranda bir padşah varmış, daim kasıbların qayğısına qalar, camaata kömək edərmiş. Ayda bir dəfə yaşıl geyinib taxta çıxar, adi insanları qəbul edərmiş. Onların problemlərini öyrənər, dərdlərinə çarə edərmiş...
Bu padşahın bir adəti də varmış, bunu yeniyetmə oğlundan və birinci vəzirindən başqa kimsə bilməzmiş. Deməli ildə bir dəfə, sarayı vəzirə tapşırar, 15 yaşlı oğlunu da yanına alar, ölkəni gəzərmiş. Məqsəd camaatın dərdlərini, problemlərini yerində görmək, öyrənmək imiş. Atalar demiş, eşitdiklərinə inanmaq yaxşıdır, amma gözlərinlə görmək daha yaxşıdır. Padşah onu tanımasınlar deyə paltarını da dəyişərmiş, qara dərviş paltarı geyərmiş. 15-20 gün müddətində ölkəyə vəzir nəzarət edərmiş. Təbii ki, padşahın sarayda olmadığı dövlət sirri imiş, hamıdan gizlədilərmiş...
Deməli günlərin bir günü bizim padşah paltarını dəyişir, dərvişi-libas olub oğlu ilə yola düşür. Paytaxtdan bir neçə günlük yolda olan bir şəhərə gəlir. Əvvəl oğlu ilə bazara gedir, qiymətlərə baxır, camaatın dolanışığı ilə maraqlanır. Axşam şəhərin ən varlı tacirlərindən birinin evinə gedir, "Allah qonağıyam" deyir. Tacir qara paltarlı dərvişi və oğlunu xoş üzlə qarşılayır, "Allaha da qurban olum, qonağına da" deyir. Əlavə edir ki, "lap vaxtında gəlmisiz, biz axşam yeməyinə hazırlaşırdıq". Tacir adi dərvişə şahlara layiq süfrə açır, plov qonaqlığı verir. Ata-oğul qonaq otağında gecələyir, səhər tezdən yola düşmək istəyirlər. Tacir onları buraxmır, birlikdə yağlı, ballı səhər yeməyi yeyirlər. Dərviş tacirə təşəkkür edir, ayrılanda barmağındakı iri qaşlı qızıl üzüyü ona hədiyyə edir. Tacir də borclu qalmaq istəmir, dərvişə uzaq Çindən gətirilmiş, Çin ipəyindən toxunmuş, göy qurşağının bütün rənglərinə çalan, al-əlvan bir xurcun bağışlayır...
Dərvişlər bütün günü piyada yol gedirlər, axşama lap əldən düşürlər. Hava qaralana böyük bir kəndə yetişirlər. Amma karvansaraya getmirlər, kənxudanın evini xəbər alırlar, onun evinə yollannırlar. "Kimsiz, nə istəyirsiz?" sualını "Allah qonağıyıq" cavablayırlar. Həmin dövrdə qayda-qanun varmış, Allah qonağını qapıdan qovmaq günah sayılırmış. Ona görə də kəndxuda dərvişləri qapıdan qovmur, amma evə də qoymur. Xidmətçi qonaqları qaranlıq zirzəmiyə aparır, lampa yandırıb quru yerə bir kilim salır. Ata-oğul tacirin xurcuna qoyduğu pendir-lavaşdan yeyir, "Allaha şükür" deyirlər. Ata oğluna deyir, "sən yat, mən bu divarı düzəltmək istəyirəm". Oğul baxır ki, zirzəminin bir küncü dağılıb, əməlli-başlı deşik açılıb. Bir söz demir, sakitcə kilmin üstünə uzanıb yatır. Ata həyətdən su gətirir, lampa işığında divarın uculan yerini tikir.
Ata-oğul səhər tezdən durur, xurcunda qalandan yeyib yola düşürlər. Oğul hiss edir ki, xurcun yaman ağırdır, atası əziyyət çəkir, kömək etmək istəyir, amma ata imkan vermir. Axşamüstü kiçik bir kəndə gəlib çatırlar. Kəndin girəcəyində kasıb bir daxmadan kənxudanın evini xəbər alırlar. Amma evin cavan sahibi zorla onları içəri dəvət edir, "Allaha da qurban olum, qonağına da" deyir. Ev sahibinin ikicanlı arvadı inəyi yenicə sağıb, bir qazan süd bişiribmiş. Südü elə qazanla süfrəyə gətirir, yanına yağ-pendir də qoyur. Ata-oğul gecəni qonaq otağında yatırlar. Səhər durub görürlər ki, ev sahibinin cavan arvadı ağlayır. Demə evin "çörək ağacı" olan inək gecə ölübmüş, ev sahibi də onun cəmdəyini basdırırmış. Ata-oğul xudafizləşib getmək istəyirlər. Bu zaman ev sahibi gəlib çıxır, onları zorla saxlayır. Oturub bir qismət çörək yeyirlər...
Yolda oğul atasına deyir: "Mən səni başa düşə bilmirəm, ata. Sən varlı tacirə onun bütün var-dövlətindən baha almaz qaşlı üzük verirsən. Xəsis kəndxudanın divarını təmir edirsən, inəyi ölmüş mərd kasıba isə kömək etmirsən. Almaz qaşlı üzüyü kasıb kəndliyə versəydin yaxşı olmazdımı?!" Sonra isə əlavə edir: "Yaxşı, bəs xurcun hanı?"
Ata gülümsəyir, sakitcə cavab verir: "Oğul, sən düz deyirsən, amma birini bilirsən, birini bilmirsən.

acir bizi şahlara layiq qarşıladı, şahlara layiq süfrə açdı, biz də ona şahlara layiq hədiyyə verdik. Xəsis kənxudanın zirzəmisində böyük bir xəzinə vardı, amma özü bilmirdi. Mən əvvəlcədən bilirdim, Allahın mələkləri xəbər gətirmişdi. Bu xəzinədən bi xurcun qızıl götürdüm, divardakı deşiyi də hördüm ki, kəndxudanın xəzinədən xəbəri olmasın. Kasıb kəndliyə gəlincə... Mərd adamdı, bizi kişi kimi qarşıladı, kişi kimi də yola saldı. Gecə Əzrayıl onun ikicanlı arvadının canını almağa gəlmişdi. Mən Allaha yalvardım, Əzrayılı gəlinin yerinə inəyin canını almağa razı saldım...

Yadında saxla, bala, bizim şahlıq varlı tacir kimi imkanlı adamların, kasıb kəndli kimi mərd insanların çiyinlərində dayanır. Biz onları qorumalı, imkan olduqca, mükafatlandırmalıyıq. Xəsis kəndxudanı kimi məmurları isə, yeri gəldikcə, cəzalandırmalıyıq. Xurcuna gəlincə, mən içi qızılla dolu ipək xurcunu kasıb kəndlinin evində qoydum... Bu qızıllara yüz dənə yanı balalı inək almaq olar"...

Paralel.az

0.050852060317993