Dünyanın ən şərəfli insanı
Əmək veteranlarına status və imtiyazlar verilsin
Paralel.az xəbər verir ki, 40-50 il əmək cəbhəsində çalışan insan, heç kimə möhtac olmamalıdır, hətta övladlarına belə. Bu insanlara inkişafı, qüdrəti, dayanıqlığı uğrunda çalışdığı DÖVLƏT sahib çıxmalıdır! Çünki həyatlarının böyük hissəsini işə, zəhmətə sərf edən bu insanlar diqqətdən kənarda qalmamalıdırlar. Azərbaycan hökuməti əmək veteranlarının statusu haqqında qanun qəbul etməlidir ki, həmin insanlar bu qanundan istifadə edərək qalan ömürlərini normal yaşaya bilsinlər.
Səhv etmirəmsə, hazırda mövcud olan qanuna görə, 40 il əmək stajı olan insanlara, arxasındı heç bir imtiyaz durmayan, heç kimin istifadə belə edə bilmədiyi «Əmək veteranı» adı verilir, vəssalam! Əslində, əmək veteranlarının sovet dönəmində olduğu kimi, bir çox imtiyazlardan istifadə etmək hüquqları tanınmalıdır. İlk əvvəl isə geniş ictimai müzakirələrlə həmin imtiyazlar müəyyən olunmalıdır. Bu çox vaxt aparan və çətin bir işdirsə, onun sadə bir formulu var. Hər bir əmək veteranının əsas pensiyasına, 40 il staja görə 500 manat, 45 il staja görə 750 manat, 50 il və daha çox staja görə isə 1000 manat əlavə olunmalıdır ki, onlar heç olmasa ömürlərinin son 5-10-15 ilini normal insanlar kimi yaşaya bilsinlər.
Bu gün 40-50 il stajı olan əməkçi insanlar ən yaxşı halda 300-400 manatla dilənçi həyatı yaşamaq məcburiyyətindədirlər.
Yaddan çıxarmayın ki, əmək veteranı adını daşıyan hər bir insan, sözün bütüt mənalarında, dünyanın ən şərəfli insanıdır. Çünki bu adı öz zəhmətiylə qazanıb.
Yusif Seyid