London-Bakı marşrutu üzrə məhkəmə...

London-Bakı marşrutu üzrə məhkəmə...
 

 

Cahangir Hacıyevlə oxşar taleyi; hüquqşünas: “Dünyanın harasında olmasından asılı olmayaraq dindirmələrə cəlb oluna bilər”

Londonda və Bakıda keçirilən səs-küylü, maxinasiyalar üzrə məhkəmə prosesi həbsdəki və azadlıqdakı oliqarxlara yaxşı heç nə vəd etmir. Ötən həftə belə məlumat yayıldı ki, Azərbaycan Beynəlxalq Bankının hazırda həbsxanada olan keçmiş rəhbəri Cahangir Hacıyev London məhkəməsində ifadə verə bilər. Bu haqda “The Evening Standard” nəşri məlumat verib. Qəzetin yazdığına görə, Böyük Britaniyanın Milli Kriminal Agentliyi (NCA-National Crime Agency) Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın ümumi dəyəri 3,2 milyon funt sterlinq (təxminən 4,5 milyon dollar) təşkil edən qızıl-zinət əşyalarının müsadirə edilməsi üçün iddia qaldırıb. Nəşr bildirir ki, Cahangir Hacıyevin bu iş üzrə şahid qismində həbsxanadan videokonfrans yolu ilə ifadə verməsinin təmin edilməsi üçün Milli Kriminal Agentliyi Azərbaycan tərəfinə sorğu göndərə bilər.

Cahangir Hacıyevin vəkili perspektivlə bağlı bəzi məqamlara aydınlıq gətirib.

NCA adından məhkəmədə çıxış edən krallıq vəkili Endryü Berd məhkəməyə bildirib ki, aktivlər “Cartier Ltd” firmasından və “Christies” hərrac evindən müsadirə edilib: "Onlar ora Leyla Mahmudova tərəfindən (keçmiş MTN rəhbəri Eldar Mahmudovun qızı-red.) göndərilib, amma dəlillər var ki, zinət əşyaları əslində cənab Hacıyevanın istifadə etdiyi hesablardan ödənilən 3 milyon funt sterlinqə alınıb. O, “Harrods”dan müxtəlif mallar almaq üçün kredit kartlarından istifadə edib. Bu zinət əşyalarının çoxu “Harrods”dan kredit kartları hesabına alınıb".

Qəzet yazır ki, gələn il iş üzrə daha bir məhkəmə keçiriləcək və orada Cahangir Hacıyevin müsadirə prosesində hansı rol oynaya biləcəyi müəyyən olunacaq, daha sonra zinət əşyalarının taleyi barədə qərar veriləcək. NCA bildirir ki, Z.Hacıyeva bu zinət əşyaları və yaşadığı malikanə ilə yanaşı Askotddakı “Mill Ride” qolf meydançasını da qanunsuz əldə edilmiş vəsaitlərlə alıb.

Z.Hacıyevanın aktivlərinə Böyük Britaniyada 2017-ci ildən qüvvəyə minmiş İzahedilməz Sərvətlər Haqqında qanun əsasında həbs qoyulub. Bu qanun korrupsioner oliqarxlara və onların ailə üzvlərinə sərvətlərinin mənbəyini açıqlamaq məcburiyyəti qoyur. Əgər adekvat izahat verilməsə qanun bu sərvətlərin müsadirəsini nəzərdə tutur.

Xatırladaq ki, bir cinayət məhkəmədə mübahisələndirildikdə, tərəflərin hər birinin ifadəsinə baş vurulur. Tərəflərdən tutaq ki, 1 nəfər həbsdədirsə, müasir texnoloji imkanlar vasitəsilə onu da dünyanın istənilən yerində keçirilən məhkəmə iclasında dindirmək mümkün olur. O baxımdan C.Hacıyevin məlum məhkəmə prosesində onlayn iştirakı istisna edilmir.

Azərbaycanda isə səs-küylü bir məhkəmə prosesi aparılır. Adına “KİVDF işi” deyilən bu prosesdə adı keçən şəxslərdən biri də Mehrac Babayevdir. O, hazırda Azərbaycanda yaşamır. Amma adı cinayət işində keçirsə, Babayevin nə zamansa məhkəməyə dəvət olunacağı istisna deyil. Onu da Cahangir Hacıyev kimi hakimlər onlayn dindirə bilərmi? Bu perspektiv mümkündürmü?

Xatırladaq ki, jurnalistlər üçün tikilən binada böyük yeyintilər olub. Binanı inşa edən şirkət isə M.Babayevə məxsusdur.

 “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Mehrac Babayevin bu iş üzrə canlı olaraq, yaxud onlayn şəkildə dindirilməsi mümkündür.

“Mehrac Babayevin bu gün xaricdə yaşaması Azərbaycanda törətməsi ehtimal edilən əməllərlə bağlı dindirilməsinin mümkünsüzlüyü anlamına gəlmir. Dünyanın harasında olmasından asılı olmayaraq onu Azərbaycan məhkəməsi dindirməyə cəlb edə bilər. Prezidentin tapşırığı ilə Azərbaycan məhkəmə sistemi elektronlaşdırılır, müasir məhkəmə komplekslərində onlayn proseslərin keçirilməsi üçün texniki imkanlar var. Mehrac Babayev də belə komplekslərdə quraşdırılan avadanlıqlar vasitəsilə dünyanın harasında olmasından asılı olmayaraq dindirmələrə cəlb oluna bilər. Əgər Mehrac Babayev Azərbaycan məhkəməsinin çağırışlarına cavab verməsə, dindirmələrdən yayınsa, barəsində məcburi gətirilmə qərarı verilə bilər. Bundan başqa, əməlində cinayət tərkibi olsa, bu zaman barəsində beynəlxalq axtarış da verilə bilər” - deyə hüquqşünas bildirib.

Onun sözlərinə görə, Azərbaycan hüquq-mühafizə orqanları bu gün istənilən tapşırığı yerinə yetirmək imkanındadır. Sadəcə, ortada məhkəmələrin, istintaq orqanının qanuni qərarlarının olması yetərlidir.

Elşən MƏMMƏDƏLİYEV

Paralel.az

0.032015085220337