Bakı beynəlxalq humanitar
forumlar mərkəzinə çevrilib

Bakı beynəlxalq humanitarforumlar mərkəzinə çevrilib
 

İlham Əliyev: "Multikulturalizm bizim dövlət siyasətimizdir, eyni zamanda, həyat tərzimizdir"

 Bildiyiniz kimi, dekabrın 21-də ölkəmizin paytaxtı Bakıda, Heydər Əliyev Mərkəzində "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən "İslam Həmrəyliyi İli"nin yekunlaşması ilə bağlı keçirilən konfrans Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən  təşkil olunub. Beynəlxalq konfransın açılışında 40-a yaxın ölkədən 150-dək nümayəndə, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumətin və parlamentin üzvləri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Konfrans müqəddəs "Qurani-Kərim"dən ayələrin oxunması ilə başlayıb.

Bu da məlum həqiqətdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ili "İslam Həmrəyliyi ili" elan etməsi, təkcə islam dövlətlərində deyil, eyni zamanda bütün mütərəqqi cəmiyyətlərdə yüksək əhəmiyyətli bir addım kimi qəbul olunub. Ölkəmizdə, eləcə də bir çox digər ölkələrdə bununla bağlı geniş tədbirlər keçirilib. Artıq 2017-ci il sona çatır və hər kəs bu ildə  gördüyü işlərin hesabatını verir. Azərbaycan dövləti də istisna deyil. Dekabrın 21-də ölkəmizin paytaxtında keçirilən "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" beynəlxalq konfransı da belə tədbirlərdən biridir və bu gün dünya miqyasında baş verən qlobal məsələlərin həllində böyük əhəmiyyət kəsb edir. Çünki dinlər və mədəniyyətlər arasında dioloqa nail olmadan, tolerant və multikultural dəyərlərin inkişafına da nail olmaq mümkün deyil. Burada islam həmrəyliyi də, prioritet istiqamətlərdən biridir. Çünki Qərbin və Avropanın bizə qarşı qərəzli olan bəzi dövlətlərin həyata keçirdiyi ikili standarlara qarşı mübarizədə həmrəy olmaq, bir-birinə dəstək vermək əsas şərtlərdən biridir. Bu baxımdan prezident İlham Əliyevin konfransda çıxışı və diqqətə çatdırdığı məsələlər təkcə ölkəmiz deyil, həm də bütün islam dünyası üçün çox önəmlidir. Bu da danılmaz həqiqətdir ki, Azərbaycan hər zaman İslam həmrəyliyinə böyük töhfələr verib. Dövlətimizin başçısı öz çıxışlarında da dəfələrlə qeyd edib ki, mədəniyyətlərarası dioloq ölkəmiz üçün prioritet məsələlərdən biridir.

Prezident İlham Əliyev öz çıxışında qeyd edib ki, xalqımız qədim tarixə malikdir. Ölkəmizdə mövcud olan dini memarlıq abidələri də bunun əyani sübutudur: "Biz fəxr edirik ki, müsəlman aləminin ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilən, Azərbaycan xalqı tərəfindən qorunan və bir neçə il bundan əvvəl əsaslı bərpa edilən Şamaxı Cümə məscidi bizim böyük sərvətimizdir. Bu məscid onu göstərir ki, Azərbaycan qədim müsəlman diyarıdır. Bizim digər tarixi dini abidələrimiz də milli sərvətimizdir".

Onu da qeyd edək ki, ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət -din münasibətlərinin prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirilməsi sayəsində, Azərbaycan beynəlxalq aləmdə müsəlman ölkələri ilə çox yaxın münasibətlər qura bilib.

Prezident İlham Əliyev daha sonra qeyd edib ki, multikulturalizm bizim dövlət siyasətimizdir, eyni zamanda, həyat tərzimizdir. Azərbaycanda yaşayan bütün dinlərin, millətlərin nümayəndələri də bunu təsdiq edirlər. Bəzilərinin mültikulturalizmin iflasa uğradığını iddia etmələrinə rəğmən, bütün dünya Azərbaycanın timsalında görür ki, multikulturalizm yaşayır, alternativi yoxdur. Onun alternativi dünyanı, ölkələri sarsıdan çox təhlükəli meyillər - islamofobiya, ksenofobiya, antisemitizmdir. Bu təhlükənin qarşısının almasının da yeganə yolu həmrəylikdir, multikultural dəyərlə sayğıdır. Buna görə də, hamımız çalışmalıyıq ki, bu dəyərləri qoruyaq, möhkəmləndirək, inkişaf etdirək.

Bu da məlumdur ki, Azərbaycanın İslam ölkələri ilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həm özəl münasibətləri var, həm də Azərbaycan bu təşkilat çərçivəsində fəal rol oynayır və böyük dəstəyə malikdir. Prezident İlham Əliyev qeyd edib ki, ölkəmizin Avropa dövlətləri ilə də sıx əlaqələri var. Avropa İttifaqına üzv 9 ölkə ilə Azərbaycan strateji tərəfdaşlıq sənədi imzalayıb. Bir sıra məsələlər ətrafında ciddi iş gedir və bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək saziş üzərində iş başlanıb: "Bu, bir daha ölkəmizin həm beynəlxalq gündəlikdə duran məsələlərə münasibətini, eyni zamanda, bizim siyasətimizi əks etdirir. Azərbaycan xalqı öz milli mənəvi köklərinə çox bağlıdır. Müstəqil Azərbaycan dövlətinin təməli məhz bu milli dəyərlərdir. Bizim milli dəyərlərimiz isə ümumbəşəri dəyərlərin tərkib hissəsidir. Həm coğrafi yerləşməyimiz, bizim tariximiz, sivilizasiyaların Azərbaycan ərazisindəki keçmişi və rolu, əlbəttə ki, Azərbaycanı dinlərarası, mədəniyyətlərarası dialoqun aparılmasında əvəzolunmaz ölkəyə çevirib."

Prezident İlham Əliyevin çıxışından sonra İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin, Müqəddəs Taxt-Tacın (Vatikanın), Konstantinopol Patriarxı I Varfolomeyin, Moskva və bütün Rusiya Patriarxı Kirillin, Ümumgürcüstan Katolikos-Patriarxı II İliyanın konfrans iştirakçılarına müraciət məktubları oxunub.

Dünya müsəlmanları adından beynəlxalq konfrans iştirakçılarına müraciət edən ISESCO-nun baş direktoru Əbdüləziz Əl-Tuveycri İslam həmrəyliyi, dinlər və mədəniyyətlərarası dialoq işinin möhkəmləndirilməsində Azərbaycanın artan rolunu xüsusi vurğulayıb.

Konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şuranın həmsədri Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycan tarix boyu multikulturalizm, dini həmrəylik mühitinin və sivilizasiyalararası dialoqun təşəkkülündə, İslam mədəniyyətinin dünyada yayılmasında mühüm rol oynayıb. Bu gün də Azərbaycanda müsəlmanlar, pravoslavlar, katoliklər, yəhudilər və digər din mənsubları dostluq, qardaşlıq şəraitində yaşayır, dövlətin diqqət və himayəsindən yararlanırlar. Ölkəmizdə məzhəblərarası həmrəyliyin nadir nümunəsi mövcuddur.

Şeyx həzrətləri daha sonra bildirib ki, dini və milli zəmində ekstremizm, terrorizm, islamofobiya, radikalizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranının yaşandığı müasir dövrdə Azərbaycan dövlətinin başçısı, Prezident İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə istinadən 2017-ci ili "İslam Həmrəyliyi İli" elan etməklə dilindən, dinindən asılı olmayaraq dünyamızı ümumbəşəri önəm kəsb edən sülh və ədalət ideyalarının ətrafında cəm olmağa çağırıb. Prezident İlham Əliyevin İslam həmrəyliyi çağırışı bəşəriyyətin ehtiyac duyduğu insan həmrəyliyinə aparan müqəddəs yolun başlanğıcıdır. Dünyaya yeni siyasi mədəniyyət nümunəsi təqdim edən dövlətimizin başçısının çağırışları həm siyasət, həm də din xadimləri tərəfindən yüksək dəyərləndirilir, beynəlxalq ictimaiyyətin rəğbətini qazanır. Bugünkü beynəlxalq konfransa təşrif buyuran dəyərli qonaqlarımızın coğrafiyası - dünyanın müxtəlif qitələrindən gələn mötəbər şəxslərin tədbirimizdə təmsil olunması buna bariz nümunədir. Prezident İlham Əliyevin elan etdiyi istər Multikulturalizm, istərsə də İslam Həmrəyliyi illəri ümumi, bəşəri məramlara xidmət edən missiyadır və Azərbaycan dövlətinin dünyada gedən proseslərə özəl, dəyərli töhfəsidir.

Azərbaycan dövləti bu uğurlara multikulturalizm və dini həmrəyliyin bünövrəsini qoyan ulu öndər Heydər Əliyevin xilaskar azərbaycançılıq məfkurəsi sayəsində nail olub. Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan bu gün uğurlu ideyalarını dünyaya təqdim etmək qüdrətinə malikdir. Azərbaycanın Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın beynəlxalq müstəvidə fəaliyyəti ölkəmizin bu istiqamətdə söz sahibinə çevrilməsinə xidmət edir.

"Biz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə istər Multikulturalizm, istərsə də İslam Həmrəyliyi illəri çərçivəsində dünyanın müxtəlif nöqtələrində - Böyük Britaniyada, İspaniyada, İsveçdə, Finlandiyada, Özbəkistanda, Rusiyada, Türkiyədə, İranda keçirdiyimiz beynəlxalq tədbirlərdə dövlətimizin başçısının irəli sürdüyü ideyaların mənəvi əzəmətinin, həm müsəlmanlar, həm də qeyri-müsəlmanlar tərəfindən böyük ehtiram və dəstəklə qarşılandığının bilavasitə şahidi olduq".

İnsan həyatının qorunub saxlanılması, sülhün və sabitliyin bərqərar edilməsi yönündə addımların atılmasının zəruri olduğu bu narahat dünyamızda dini hisslərdən siyasi məqsədlər üçün sui-istifadə yolverilməzdir.

Şeyx həzrətləri son zamanlar Qüds ətrafında baş verən məsələlərə də münasibət bildirib: "Qüds ətrafında cərəyan edən hadisələr BMT-nin Qüdsə dair tarixi qərarının yerinə yetirilməsi vacibliyini bir daha gündəmə gətirdi. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin dörd qətnaməsinin zamanında yerinə yetirilməməsi səbəbindən Azərbaycanın 20 faiz ərazisi indiyədək Ermənistanın işğalı altındadır. Biz dünyada bütün münaqişələrin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə ədalətli həllində israr edirik".

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.040689945220947