Pələngin qisası

Pələngin qisası
 

Səadət Sultan yazır:

Zooparkda adi günlərdən biri idi. Səlim dayı bir-bir qəfəslərin içinə nəzarət edib onların təmizliyinə baxırdı. Müxtəlif ölkələrdən gətirilib Bakı zooparkına nümayiş üçün yerləşdirilən bu heyvanların hər birinin özünəməxsus xarakteri vardı. Məsələn, canavarlar heç vaxt bir yerdə dayanmır, qəfəsin içində var-gəl edirdilər. Ayılar  - xüsusən burada olan qonur ayılar daha məşhur idi. Müxtəlif quş növləri – qartallar, flaminqolar, çöl quşları, nadir quş növlərindən – qızılquş, şahinlər, durna, leylək və s. quşlar da xüsusi qəfəslərdə saxlanılırdı. Ən çox diqqət çəkən isə vəhşi təbiət heyvanları – şirlər, pələnglər, leopardlar, bəbirlər və s. idi.
Zooparka heyvanları ziyarətə gələn azyaşlı uşaqlar bu faunanın gözəlliklərinə heyranlıqla baxırdılar. Uşaqların dünyasında xüsusi yeri olan zoo aləm, canlı heyvanlarla daha yaxından tanış olma marağı həmişə olub.
Adi günlərdən biri idi. Atası Səlim balaca Vüqara onu zooparka aparacağına söz vermişdi. Qəfil gələn qonaq – Səlimin yaxın dostu Bilal, onlarla birlikdə heyvanat aləminə zooparka getmək istəyirdi. Xasiyyətindəki yaramazlıq hələ də qalırdı. Səlim onun xarakterindəki çılğınlığa çoxdan alışmışdı. Balaca Vüqarın inadkarlığından qurtula bilməyəcəyini görüb:

-Yaxşı, oğul bala, bir az səbr elə, Bilal dayı ilə birlikdə gedəcəyik.

- Bax, ata, söz verdin aa...

- Gəl gedək, uşağın ürəyini üzmə daha – deyə, dostu Bilal dilləndi.
Evdən çıxanda hava sakit idi. Heyvanları görəcəyinə sevinirdi balaca Vüqar. Zooparkın qapısına çatıb kassadan iki böyük, bir balaca üçün bilet alıb içəri keçdilər. Qəfəsdə var-gələn heyvanların narahatlığı qəribəlik doğururdu. Səlim Vüqara heyvanlar haqqında danışır, uşağın təsəvvüründə yaratdığı zooaləmə bir az da rəng qatırdı.
Oğlu ilə heyvanlara, quşlara seyr etməkdə ikən, Bilalın hara yoxa çıxdığını bilmədi. Bilal zooparkın vəhşi heyvanlar olan hissəsində bir uşağın pələngi yaxından telefona çəkmək istədiyini gördü. Hətta anası ilə mübahisə edib, pələngin üzünü onlara tərəf çevirmədiyinə etiraz edərək, ağlamağa başladı. Uşaq ani olaraq, yerdən daş götürüb qəfəsin o üzünə atmaq istədi. Kənardan baxan yaşlı qadın məzəmmətlə uşağa tərəf gəlib:
- Heyvana, özü də vəhşi heyvana daş atmağın bədəli çox ağır olur...

Bu sözləri eşidən Bilal qəşş elədi:

- Heç bir qorxusu yoxdu, o nə qanır ki...
- Məndən söyləməkdir... – deyə, qadın acıqla Bilala tərəf baxdı.

Yaşlı qadının bu sözlərinə əhəmiyyət verməyən Bilal yerdən bir daş götürüb pələng oturan qəfəsə atdı. Gözlənilməz halda daş pələngin belinə dəydi. Qəzəblənən pələng Bilala tərəf baxıb nərə çəkdi.  
Vəziyyətin bu qədər ciddiyə çevriləcəyini düşünməmişdi Bilal. Qorxusundan ayaqyoluna tərəf nə vaxt qaçdığının fərqinə varmadı. Orda olarkən,  zooparkda qalxan hay-küydən təlaş keçirməyə başladı. Bayıra çıxanda, camaatın qorxaraq, o tərəf-bu tərəfə qaçdığını, qışqırışdığını gördü. Pələng qəfəsdən çıxmışdı. Nə baş verdiyini anlamırdı – elə ətrafa baxmağa macal tapmamış, bir qədər aralıda onunla üz-üzə dayanan pələngi gördü. Artıq gec idi... Bilal canını qurtarmaq üçün qaçmağa üz qoydu.  Amma nə fayda – heyvanın daxilindəki qisas hissi onu daha sürətlə qaçmağa sövq edirdi. Bilal hər şeyin bitdiyini və pələngin ovuna çevriləcəyini düşündükcə, soyuq tər onu basırdı...   

Xilasetmə komandası artıq gecikmişdi. Bilal pələngin pəncəsindən özünü qurtara bilməmişdi. Şikarını divarın küncünə sıxıb, qisasını aldıqdan sonra pələng həmin yerdən uzaqlaşmaq istədiyi anda xilasedicilər onu uzaqdan nişan aldılar. Heyvan elə oradaca yıxılıb qaldı...

Paralel.az

0.018665075302124