İstefada olan general-mayor vəfat edib
Paralel.az xəbər verir ki, A. Vasyak Rusiyanın Kaluqa şəhərində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
General A. Vasyak uzun illər Azərbaycan Silahlı Qüvvələri sıralarında müxtəlif vəzifələrdə xidmət edib.
General Qarabağ savaşının ilk illərində ön cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin erməni birləşmələrinə qarşı döyüşlərində yuxarı komandanlığın nümayəndəsi kimi döyüş əməliyyatlarının idarə olunmasında çox aktiv iştirak edib. 1992-ci ildə Vasyak Ağdərə istiqamətində ermənilərə qarşı çox uğurlu əməliyyatlarda şəxsən iştirak etmişdi. Daha sonra general A. Vasyak Müdafiə Nazirliyinin Əməliyyat İdarəsinin rəisi, Hərbi Elmi Mərkəzdə məsul vəzifədə çalışıb. Ordudan tərxis olunduqdan sonra Vasyak Ukraynada yaşayıb. İndiki müdafiə naziri general-polkovnik Zakir Həsənov onu Bakıya çağıraraq Nazirliyin Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi vəzifəsinə təyin etmişdi.
Bir müddət öncə isə Vasyak yenidən ordu sıralarından tərxis olunaraq bu dəfə Rusiya Federasiyasının Kaluqa şəhərinə ailə üzvlərinin yanına getmişdi. Bu gün isə o ağır xəstəlikdən dünyasını dəyişib. A. Vasyakın həyat yoldaşı da onun vəfatı xəbərini təsdiqləyib.
Sabah general A. Vasyakın nəşi Bakıya gətiriləcək və o, Müdafiə Nazirliyi tərəfindən təntənəli şəkildə son mənzilə yola salınacaq.
Məlumata görə, mərasim 23 noyabr tarixinə planlaşdırılıb. Müdafiə Nazirliyinin rəsmilərindən olan general E. Xəlilovun rəhbərliyi altında dəfn komissiyası yaradılıb.
Paralel.az