Jurnalist olmaq

böyuk dərddir...

Zəncinin arzuları, yaxud Masazır camaatı nə istəyir?!

 

Vəllah, billahi, təllahi jurnalist olmaq çox böyük dərddir. Bilənlər bilir, bilməyənlər üçün isə ərz edim ki, bəziləri elə düşünürlər ki,(ələlxüsus da yaşlı nəslin nümayəndələri) jurnalist hər hansı bir problemi qəzetdə, saytda, yaxud başqa bir informasiya vasitəsində işıqlandırsa, problem həmin andaca həllini tapacaq.

Bəyənmədiyimiz, adına "sovet rejimi" dediyimiz dönəmlərdə belə olub. Qəzetdə gedən bir tənqidi yazı, hansı vəzifə tutmasından asılı olmayaraq, yazıda adı çəkilən məmurun karyerasına son qoya bilərdi. Bu baxımdan o dövürdə jurnalist yazısının bir kəsəri var idi. Dövlət məmurdan çox, mətbuata, jurnalistə inanırdı. Yaşlı insanlar da bu nastaljidən çıxış edərək, jurnalistlərə irad tuturlar ki, niyə yazmırsan?

Əslində isə belə deyil əzizlərim, əsla belə deyil! Baxmayaraq ki, dövlətimizin başçısı son çıxışlarının birində qeyd edib ki, "jurnalistlər mənim köməkçilərimdir" bəzi məmurlar bunu görməzdən və eşitməzdən gəlirlər, yəni məmur özbaşınalığı hər şeydən irəlidir. Bax, elə buna görə də deyirəm ki, jurnalist olmaq çox böyük dərddir. Bir az da tanınırsansa, bu dərd birə iki artır. Tanıyan, bilən məhəllədə, küçədə qabağını kəsib soruşur ki, "müəllim, sizə də ev verdilər?". Susub keçirəm, çünki cavab versəm, suallar, sual dalınca yağacaq. Bu sualın isə cavabı məndə deyil axı.

Gəlin mətləbdən uzaqlaşmayaq, yoxsa əsas məsələlər yaddan çıxar. Zənci nələr arzulamışdı ki, dahi şairimiz Səməd Vurğun ona bütöv bir poemə həsr etmişdi, sadəcə olaraq azad olmaq, özgür olmaq istəyirdi, qul kimi zəncirləndiyi zəncirləri qırmaq istəyirdi, həpsi bu!

Masazır camaatı nə istəyir? Azadlığın, özgürlüyün gətirdiyi məmur özbaşınalığından, məmur biganliyi zəncirlərindən qurtulmaq. Siz burada bir fərq görürsünüzmü? Sən demə azadlıq, özgürlük öz-özlüyündə heç nə ehtiva etmir, bu cəmiyyətdə. Buna görə də, qəsəbə sakinlərinin ən böyük arzuları dövlət başçımızın, prezidentin qəsəbələrinə qonaq gəlməsidir.

 "Qurturuş", "Qaçqın şəhərciyi"nə yox, məhz Masazır qəsəbəsinə. O Masazır qəsəbəsinə ki, nə yolu var, nə izi, nə kanalizasiyası var, nə də zibilyığanları. O Masazır qəsəbəsinə ki, işıq yananda qazı olmur, qaz gələndə su kəsirir, su gələndə isə nə işıq yanır, nə qaz gəlir. Kimdən nə soruşursan, deyir:"qəza baş verib, qaydasına qoymağa çalışırıq". Masazır qəsəbəsinin yollarından isə danışmağa dəyməz.

Dünyanın hər yerində insanlar kosmosa səyahətə hazırlaşdıqları bir dönəmdə, Qafqazın lider dövləti olan Azərbaycanın paytaxtından cəmi 10 km məsafədə yerləşən Masazır qəsəbəsinin sakinləri qəsəbədə asfat yol axtarışı ilə rezin çəkmələrdə gəzmək məcburiyyətindədirlər.

Bu qəsəbədə nə qədər əhalinin yaşadığını dəqiq demək çox çətindir, lakin hesab edirəm ki, 15-20 mindən az deyil. Onların da böyük əksəriyyəti paytaxt  Bakıda aparılan abadlıq, quruculuq işlərinin qurbanı olan Bakı sakinləridir. Hərtərfli kommunal sistemə malik, oturuşmuş yaşayış yerlərini tərk etmək məcburiyyətində qalan bu insanlar, yaşam üçün heç bir şəraiti olmayan bu qəsəbədə özlərin çox pis hiss edirlər.

Abşeron rayon rəhbərliyi və rayonun bütün struktur rəhbərləri isə düşünürlər ki, bu qəsəbədə ancaq Əliağa Vahid küçəsində insanlar yaşayır. Qəsəbədaxali yaşayış məskəni ilə heç kim maraqlanmır, torpaq dəllallarından başqa. Bu qəsəbənin strukturu o qədər qarışıqdır ki, əlində halalca çıxarışı (kupçası) olan evin də, hansı küçədə yerləşdiyi dəqiq bilimir, çıxarışda bir ünvan göstərilir, əslində isə yaşadığı ünvan tamamiylə başqadır. Qəsəbə bələdiyyəsinin nümayəndəsi isə iddia edir ki, ünvanların dəqiqləşdirilməsi prosesi gedir. Yaxşı bəs, bu proses yekunlaşandan sonra insanlar gərək bütün sənədlərin dəyişsinlər, hətta çıxarışları belə, bunu əziyyətini, xərcini kimin boynuna yazaq? Əvvəlcədən torpaq bölgüsünü, evlərin tikilməsini normal şəkildə həyata keçirmək olmazdı? Olardı, amma, ancaq və lakin...

Bildiyimiz qədər dövlətimizin başçısı, prezident İlham Əliyev cənabları bu günə qədər Bakı və ətraf qəsəbələrin sosial -iqtisadi problemlərinin həlli ilə bağlı 3 dövlət proqramı imzalayıb və onun uğurla yerinə yetirilməsi barədə məmurlar prezidentə məlumat veriblər. Bəs Masazır qəsəbəsi nə oldu, cənablar. Həmin proqramdan Masazır qəsəbəsinə pay düşmədi, yaxud ...?  Bu qəsəbənin günahı nədir ki, belə biganəliklə üzləşir?

Yuxarıda da qeyd etdim ki, Masazır qəsəbə sakinlərini ən böyük arzusu Prezidentimizin qəsəbəyə qonaq gəlməsidir, burada xoş hər-hansı bir şeylə üzləşməyəcək zatən, ancaq sakinlər hiss edəcəklər ki, prezident onları da yaddan çıxarmayıb, bu isə dövlətə inamın artması üçün çox mühüm şərtdir. Masazır camaatı ümid edir ki, ölkəmizin ən ucqar kənd və qəsəbələrinin belə abadlaşdırılmasını, insanların yaşam rifahının yüksəlişini daim diqqətdə saxlayan prezident İlham Əliyev Masazır qəsəbəsində baş verənlərdən xəbər tutarsa, bu problemlər tez bir zamanda öz həllini tapar. Bu acınacaqlı vəziyyətin yaranmasına baiskar olan məmurlar isə cəzalarını alarlar.  

Masazır qəsəbəsinin bir mühüm problemi də, səhiyyə təminatının olmamasıdır. Düzdür, hazırda qəsəbədə çox yaraşıqlı poliklinika fəaliyyət göstərir. Lakin çox təəssüflər olsun ki, ixtisas həkimləri olmadığından, qəsəbə sakinləri Xırdalan şəhər poliklinikasına müraciət etmək zorunda qalırlar ki, orada da ildən -ilə artan insan kütləsinə normal xidmət götərmək üçün heç bir şərait yoxdur. Qəsəbənin digər ağrılı yeri isə Təcili Tibbi Yardımla bağlıdır. Abşeron kimi geniş bir ərazini əhatə edən rayonda cəmi 3 Təcili Tibbi Xidmət avtomobili işlək vəziyyətdə olur ki, bu da insanlarda haqlı narazılıq yaradır. Məsələn, Bu ilin fevral ayında Masazır qəsəbəsində qazdan zəhərlənmə hadisəsi baş verib, təcili yardım briqadası hadisə yerinə 1 saat sonra çatıb. Xoşbəxtlikdən bədbəx hadisə baş verməyib. Təsəvvür edin ki, hadisə yerinə gələn təcili tibbi xidmət briqadasının bu anda daha üç çağırışı olub, o isə zəhərlənən vətəndaşı Bakı şəhərinə aparmaq məcburiyyətindədir. Daha 3 xəstə isə həmin maşını saatlarla gözləyir. Belə vəziyyətdə hansı tibbi təminatdan danışmaq olar?

Yaxud, bu günlərdə Abşeron Gənclər Şəhərciyinin sakini Təcili Tibbi Xidmət stansiyasına zəng edib, kömək istəyib, ona cavab veriblər ki, bəs, maşınımız yoxdur, olan kimi göndərəcəyik. Yəni, kobud da çıxsa, necə deyərlər, "ölmə eşşəyim ölmə, yaz gələr yonca bitər".  İki saat sonra zəng edən həmin vətəndaşa, maşınların hələ də boşalmadığı bildirilib, təsəvvür edirsinizmi... Kimdir günahkar- səhiyyə nazirliyi, Abşeron rayon tibb şöbəsi, yoxsa Təcili Tibbi Xidmət stansiyasının rəhbərliyi?

Abşeron rayonunda yaşayan vətəndaşların günahı nədir ki, onlara qarşı bu dərəcədə biganəlik, laqeyilik göstərilir?

Zənci azadlıq, özgürlük arzulayırdı, biz isə azad olduq, özgürlük qazandıq və  məmurların biganəlik və laqeyilik caynağına düşdük. Allah yardımçınız olsun, məmurlara da insaf versin.

Mən, əslində paxıl adam deyiləm, amma bəzən paxıllıq edirəm ki, ucqar kəndlərdən birində yaşasaydıq, cənab prezident bizi daha tez yad edərdi, daha paytaxtın 5 addımlığında olub tam yaddan çıxmazdıq. Bu da yəqin səbəbsiz deyil, prezident fikirləşir ki, məmurlar ölkəmizin paytaxtının 5 addımlığında belə özbaşınalıqlara cürət etməzlər, amma edirlər, bunu sizə bir köməkçiniz olan jurnalist kimi deyirəm . 

Əlqərəz, "Öz qövmümüzün başına əngəlkələfiq biz" (M.Ə.Sabir) .

P.S. Vəllah, billah, təllah jurnalist olmaq çox böyük dərdir. Hamının dərdini yazır, öz dərdinə yana-yana, öz dərdi özünə yetsə belə. Ən əsası xalqın dərdi azalsın, xalqın dərdi azalanda jurnalistin də dərdi olmayacaq. Siz dediniz, "müəllim niyə bunları yazmırsan?", mən də yazdım, oxumağı sizdən, yozmağı...

0.23860788345337