Qızınmadım istisinə
Dövlət subsidiyaları hesabına işləyən qurumlar özəlləşdirilsin
Paralel.az xəbər verir ki, belə qurumlar arasında adları daha şox hallanan kommunal xidmət sahələtidir. Heç kimə sirr deyil ki, artıq neçə illərdir, qazın, işığın, suyun, istiliyin, lift xidmətinin istifadı-xidmət haqları dəfələrlə artırılsa da, əhaliyə göstərilən xidmətdə heç bir müsbət nəticə müşahidə olunmur. Bu qurumlar həm də hər il dövlətdən on milyonlarla manat subsidiya alırlar. Məsələn, gələn ilin dövlət büdcəsində «Azəristiliktəchizat» ASC üçün 41,1 milyon manat subsidiya ayrılacağı nəzərdə tutulub. «Azəristiliktəchizat» ASC-nin məlumatına görə, 554 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb, 531 odluq təmir olunub, 931 qazan aqreqatı əsaslı və cari təmir olunub. Qurum rəhbərliyi bəyan edir ki, 2021-2022-ci illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində əhəmiyyətli işlər görülüb. Bu işlərin səmərəsini insanlar görmürsə, onun əhəmiyyəti nə ola bilər ki? Sadəcə, bu rəqəmlər arxasında gizlənib, pulları mənimsəməkdən başqa.
Başqa bir məqam, nə üçün bu qurumun «Azəriqaz»a 25 milyon manata yaxın borcu yaranıb? Belə çıxır ki, bu qurumun gördüyü bütün «əhəmiyyətli işlərə» rəğmən bu borcu ödəməzsə, insanlar bu il də istilik sistemindən normal istifadə edə bilməyəcəkiər. 41,1 milyonun 25 milyonunu borca, qalan pulu da bu il istifadə edəcək qaza görə ödəsə, digər işlərə pul qalmayacaq.
Bax belə. Bəs əhalinin dərisini soyaraq topladığı pullar hara getdi? Məlum məsələdir ki, bu qurumda çalışanların rifahının yüksəlişinə. Bu səbəbdən də, həmin qurumlar özəllşdirilməlidir ki, heç olmasa büdcə pulları korrupsiya yeminə çevrilməsin.
Yaxud da, həmin 41,1 milyon manat yardım kimi vətəndaşlara verilsin. Yoxsa ki, bu qurumlar həm vətəndaşların son qəpiyini əlindən alır, həm də heç bir iş görmədikləri halda, büdcədən «əhəmiyyətli işlər üçün» vəsait alırlar.
Yusif Seyid