Allah insanın infaq anlayışını necə inşa edir?
Siracəddin Hacı yazır...
İnfaq bütün yardımları əhatə edən anlayışdır, Qurani-Kərimdəki infaq ayələrinin bir sıra özəllikləri var:
- sayı çoxdur – bu, infaqın dəyərini göstərir;
- Bəqərə surəsində önəmli yer tutur – Bəqərə mədəni surədir, Mədinə dönəmi müsəlmanların gücləndiyi, dövlət olduğu, ordu qurduğu, onları yox etməyə çalışan düşmənlərlə üz-üzə qaldığı, savaşdığı, şəhid, qazi ailələrinin, yetimlərin, dulların sayının çoxaldığı, savaş xərclərinin artdığı dönəmdir, yəni bu mərhələdə infaqın önəmi birə on artdı, elə buna görə də Allah Bəqərə surəsində daha çox infaqa təşviq edir;
- infaq ayələrində misallara çox yer verilir, məsələn, Allah rizası üçün infaq edən insan belə tanıdılır: Allah yolunda infaq edən insan torpağı bərəkətli, yağış suyu ilə bəslənən, havası təmiz, Günəşi bol, təpə üzərində salınmış, meyvəsi çox, fərqli, ətirli, dadlı, can dərmanı olan, gözəl bağça kimidir;
- infaq ayələrinin bir çoxu Allahın adları ilə bitir, deyir ki, O, hər şeyi görür, bilir, eşidir;
- infaq ayələrində insanın sərvət təsəvvürü inşa olunur – sərvət mülkiyyət deyil, əmanətdir, sərvətə mülkiyyət kimi baxmaqla, əmanət kimi baxmağın bu fərqləri var: əmanət şüuru deyir ki, mülkün gerçək sahibi Allahdır, mülkiyyət şüuru deyir ki, mülkün sahibi mənəm – insandır, əmanət şüuru deyir ki, sərvət keçicidir, mülkiyyət şüuru deyir ki, sərvət qalıcıdır, əmanət şüuru təvazökarlığa, mülkiyyət şüuru təkəbbürə yol açır, əmanət şüuru deyir ki, axirəti düşün, əmanətin hesabı var, mülkiyyət şüuru sonu düşünməz, ana məhkum olar, əmanət şüuru yaradılmışların sənin üzərində haqqı var deyər, mülkiyyət şüuru ancaq özünü düşün söyləyər, əmanət şüuru insanı sərvətin köləliyindən azad edər, mülkiyyət şüuru insanı sərvətin köləsinə çevirər, əmanət şüuru sərvəti paylaşmağa, mülkiyyət şüuru yığmağa yönəldər, əmanət şüuru savab qazandırar, mülkiyyət şüuru bərəkəti yox edər, əmanət şüuru sevgiyə, barışa, ədalətə, mərhəmətə, birliyə, mülkiyyət şüuru isə nifrətə, kinə, savaşa, zülmə, acımasızlığa, parçalanmağa səbəb olar. Sərvətin ilahi təyinatını bilən sevə-sevə infaq edər;
- bu ayələrdə Allaha, axirətə imanla infaq arasında bağ qurulur – Allahı doğru tanıyan xəsis olmaz, ürəkdən yardım edər;
- bu ayələrdə infaqla malın bərəkəti arasında əlaqə var – infaq ilahi rəhməti, bərəkəti, xeyiri cəlb edər;
- infaq ayələrində infaqla sosial ədalət, mərhəmət, barış, qardaşlıq, ümmət şüuru iç-içədir;
- bu ayələrdə Allah infaq mədəniyyətinin əsaslarını açıqlayır, infaqın ədəbini öyrədir: sevə-sevə ver, sevdiyin maldan ver, imkanın olanda da, olmayanda da ver, verdiyini başa qaxma, yardım etdiyinin könlünü incitmə, göstəriş (riya) üçün deyil – göstəriş infaqın savabını yox edər, Allah rizası üçün, Allah yolunda ver;
- bu ayələr deyir ki, infaqın maddi, mənəvi olanı var – elm öyrətmək də, təhsil vermək də, təbiəti qorumaq da infaqdır;
- infaq ayələri Allahın güclü şəxsiyyət inşa etmək proqramıdır, elə bir şəxsiyyət ki, Allaha təslim olmuşdur, nəfsinə hakimdir, halalından qazanır, sərvət onu deyil, o, sərvəti idarə edir, sərvəti infaq edərək axirət azuqəsinə çevirmişdir;
Paralel.az