Kreml ABŞ-ın Putini Rusiya prezidenti kimi tanımamasına cavab verib
Peskov: "ABŞ-ın Rusiyadakı seçkilərlə bağlı qətnaməsi beynəlxalq münasibətlər çərçivəsinə sığmır"
ABŞ konqresmenləri Stiv Koen və Co Vilsonun Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə bu vəzifəyə namizədliyini irəli sürmək qərarına gələrsə, dövlət başçısı kimi tanınmamasını təklif edən qətnamə layihəsi müasir beynəlxalq münasibətlər çərçivəsinə sığmır.
Paralel.az TASS istinadən xəbər verir ki, bu sənədin ortaya çıxmasına Kremlin sözçüsü Dmitri Peskov belə cavab verib.
Peskovun sözlərinə görə, amerikalı parlamentarilərin bu təşəbbüsü ABŞ-ın başqa dövlətlərin daxili işlərinə rəsmən müdaxilə etdiyini bütün dünyaya nümayiş etdirir. Eyni zamanda, Moskva belə qətnamələri qəbuledilməz hesab edir.
“Biz əminik ki, Rusiya Federasiyasının prezidenti kimin və nə vaxt seçiləcəyini yalnız ruslar müəyyən edə bilər”, - Rusiya liderinin mətbuat katibi vurğulayıb.
O, əlavə edib ki, ABŞ konqresmenlərinin təklifi o qədər təəssüf doğurur ki, Rusiyadan heç bir cavab tələb etmir.
Eyni zamanda, Peskov qeyd edib ki, rusiyalı parlamentarilər artıq Amerikanın qətnaməsinə aktiv reaksiya verməyə başlayıblar.
Akif Nəsirli