Lord Maunbattenin arxivi
Mauntbatten cütlüyü ilə Cavaharlal Nehrunun şəkli. Necə gözəl və anlamlı fotodur, elə deyilmi?..
*
Bu həftə Lord Mauntbattenin şəxsi gündəlik və məktublarının ictimaiyyətə tam şəkildə açıqlanıb-açıqlanmamasına qərar veriləcək. Diqqətlər Londonda davam edən apellyasiya dinləmələrindədir.
*
Luis Maunbatten və ya I Qraf Maunbatten Birmalı (ing. Louis Francis Albert Victor Nicholas Mountbatten, 1st Earl Mountbatten of Burma, 1900 — 1979) Britaniya dəniz hərbçisi, donanma admiralı və tanınmış dövlət xadimidir. O, Hindistanın sonuncu vitse-kralıdır. Hindistan Böyük Britaniyadan müstəqilliyini məhz onun zamanında elan edib.
*
İngiltərənin cənubundakı Southampton universiteti geniş ictimaiyyətə təqdim etmək niyyətilə 2011-ci ildə Brodlends (Broadlands) Arxivi kimi tanınan arxiv materiallarını 2,8 milyon funt sterlinqə Mauntbatten ailəsindən satın almışdı.
“Mauntbatten Kolleksiyası tarixi əhəmiyyəti baxımdan mühümdür, lakin hakimiyyətin səlahiyyətlərindən sui-istifadə etməsi, habelə tariximizə olan senzura kimi problemlər var”, – Endryu Louni deyir. O, tarixçi və “Maunbattenlər: Diki və Edvinanın həyatı və eşqi” (The Mountbatten: The Life and Love of Dickie and Edwina Mountbatten) adlı kitabın müəllifidir.
Şahidlərdən biri deyib ki, arxiv materiallarının yaşına baxmayaraq sənədlərin açıqlanacağı təqdirdə Böyük Britaniyanın digər ölkələrlə, xüsusən də Hindistan və Pakistanla münasibətlərinə xələl gələ bilər. Yəni arxivdə olduqca ciddi məlumatlar var.
*
Southampton universitetinin aldığı Arxiv materiallarında rezonansa səbəb olacaq nə kimi ciddi məsələlər ola bilər? İngilislər müstəmləkəyə son verib Hindistandan çıxarkən hansı bildikləri həqiqətləri Dünyadan gizlədiblər?..
Damarlarında Alman qanı da axan, Rus çar ailəsi, İsveç kral xanədanı ilə qohumluq bağları olan, İngiltərə kralı VIII Eduardla gəncliyində dostluq edən Lord Maunbatten olduqca rəngli bir insan idi. Yaraşıqlı, mükəmməl təhsil almış Lord Stalinlə görüşmüş, Çörçilin dəstəyini almış, 2-ci Dünya müharibəsində 5-ci esmines donanmasına komandanlıq etmiş, bir sıra mühüm və cəsarətli hərbi əməliyyatlar həyata keçirmişdi.
Lord Maunbatten leyboristlərlə əlaqələri sayəsində müharibədən sonra hökumət tərəfindən dəstəkləndi və əvvəlcə Hindistanın sonuncu vitse-kralı (1947), sonra isə müstəqil Hindistanın ilk general-qubernatoru (1947-1948) oldu. Hindistanın Britaniya imperiyasından müstəqilliyini elan etməsi də məhz onun səyləri nəticəsində oldu. O, hind şahzadələri arasında böyük nüfuza malik idi, Cəvahirləl Nehru ilə yaxşı münasibətlər qurmuşdu.
Təəssüf ki, o, müsəlman liderləri vahid və müstəqil Hindistan elan etməyə razı sala bilmədi. Nəticə etibarı ilə Hindistanı dini zəmində 2-yə – Hindistan və Pakistana böldülər. Sonradan Banqladeş Pakistandan ayrılaraq öz dövlətini qurdu. Bu, “Lord Maunbatten” planı idi.
Hindistanın müstəqilliyini elan etməsi prosesində Lord Maunbattenin fəaliyyəti müəyyən tənqidlərə məruz qalır. Onu Hindistanın daxilindəki münaqişələri bitirmədən tez-tələsik müstəqillik planının icrasına başlamaqda da günahlandırırlar. Pəncabın bölünməsi zamanı tökülən qanda da Lordu ittiham edirlər.
İngilislərin Hindistandakı missiyasını tamamlayıb Vətəninə dönən Lord Maunbatten ömrünün sonuna qədər şad-xürrəm yaşadı, müxtəlif vəzifələrdə çalışaraq həyatdan maksimum dərəcədə keyf aldı. Ancaq Hindistan, Pakistan, Banqladeş, Şri Lanka və b. bölgələrdəki qanayan yaralar hələ də sarılmış deyil.
Londonda davam edən apellyasiya dinləmələri arxivin açılmasına qərar verərsə ortaya çıxacaq həqiqətlərin necə bir qalmaqala səbəb olacağını təxmin edə bilirsizmi?...
Bu qısa yazını Böyük Britaniyanın kolonial siyasətinə olan marağımdan deyil, geniş coğrafiyalarda sərhədləri yenidən təsnif edib, tarixi həqiqətlər müstəvisinə inikas edərkən diqqətli və uzaqgörən olmanın vacibliyini düşünərək yazdım. Yoxsa gələcək nəsillər günahkarları tapıb tarix qarşısında hesab soracaqlar…
Şahnaz, Paralel.az