İnsan necə dolansın?
Pensiya və müavinatların təyinatı nə üçün aylarla vaxt aparır?
Paralel.az xəbər verir ki, pensiya və əlilliyin təyin olunması məsələsi büdcə müzakirələri zamanı dəfələrlə gündəmə gətirilsə də, bu sahədə heç bir irəliləyiş müşahidə olunmur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov isə mətbuata açıqlamasında bildirib ki, ««Əlilliyi olan şəxslərin hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliyin edilməsi barədə» 2 iyul 2021-ci il tarixli Qanuna əsasən, əgər əlillik müddəti bitdikdən sonra 6 ay ərzində təkrar əlillik təyin olunarsa, həmin aradakı 6 aya qədərki dövr də, əlillik dövrü hesab edilir və ötürülmüş həmin müddət üçün də müavinat ( və ya əlilliyə görə pensiya) ödənilir». Ay bərəkallah, Fazil müəllim! Məhz bu istedadınıza görə, hər zaman sizin açıqlamalarınızı böyük heyranlıqla dinləmişəm və oxumuşam. Amma bir məsələyə aydınlıq gətirmək, deyəsən yadınızdan çıxıb. Heç bir yerdən alacağı olmayan, gözünü müavinəta, yaxyd pensiyaya dikən insanlar bu 6 ayda necə və nəyin hesabına yaşamalıdırlar? Qanun öz yerində, bəs insanlıq? Yaxyd da kosmos əsrində yaşadığımızı, cəmiyyətimizin başdan-ayağa elektronlaşdığını iddia etdiyimiz bir zamanda, pensiya və müavinatların təyin olunması üçün nədən aylarla vaxt lazım olur? Bu suallara da cavab versəniz, sizə heyranlığımın daha da artacağına tam əmin ola bilərsiniz.
Yusif Seyid