Daha bir qaçaqmalçılığın qarşısı alınıb

Daha bir qaçaqmalçılığın qarşısı alınıb
 

 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Paralel.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Tünzalə Nəsirova nəzarətə götürülüb.

O, külli miqdarda diş implantlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhd edib.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, Tünzalə Nəsirova gömrük nəzarətindən “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə keçmək istəyərkən saxlanılıb. Şəxsi yoxlama keçirilməsi üçün “Qırmızı kanal” buraxılış sisteminə yönləndirilib.

Yoxlama zamanı həmin şəxsin çamadanında gömrük nəzarətinə əvvəlcədən təqdim olunmayan, yazılı, elektron və ya şifahi formada bəyan edilməyən 120 ədəd “Bone Level” markalı implant abatmenti və 8 ədəd “Aggressor” markalı diş implantı aşkar olunub. Adı çəkilən vətəndaşın orta təhsilli olduğu və həkim köməkçisi işlədiyi müəyyən edilib.

Son vaxtlar bəzi şəxslərin sözügedən tibbi ləvazimatları qanunsuz yolla ölkə ərazisinə gətirməsi cəhdlərinə tez-tez rast gəlinir. Bu ləvazimatların gömrük sərhədindən gömrük nəzarətinə bəyan etmədən keçirilməsi üçün digər sərnişinlər arasında paylanması halları müşahidə edilir.
Müvafiq qanunvericiliyə əsasən, diş implantı və implant abatmentlərinin idxalı sanitar-gigienik qaydalara əməl olunmaqla Səhiyyə Nazirliyinin icazəsi ilə həyata keçirilir. Həmin tibbi ləvazimatların müvafiq qaydalara əməl edilmədən idxalı infeksion xəstəliklərin yayılması riskini artırır.

Paralel.az

0.046551942825317