Paşinyan deputatların suallarına cavab verib

Paşinyan deputatların suallarına cavab verib
 

Paralel.az xəbər verir ki, Paşinyan dünən parlamentin "Hökumət saatı"nda çıxış edib, daha doğrusu, deputatların suallarını cavablandırıb. Maraqlı olacağını nəzərə alıb Paşinyanın cavablarının qısa xülasəsini təqdim edirik:

1. Kommunikasiyaların açılması barədə verilən suallara cavab:

-  Əgər Azərbaycan Ermənistan ərazisi vasitəsilə Naxçıvanla gediş-gəliş imkanı əldə edəcəksə, demək Türkiyə ilə də əlaqə yaradacaq. Burda bir disbalans yoxdur. Kommunikasiyaların açılması dedikdə, Azərbaycan dəhlizin açılması qarşılığında öz ərazisi vasitəsilə ermənilərə Gorusla Qafan arasında gediş-gəliş imkanı verməyi nəzərdə tutur. Məsələ burasındadır ki, bizim bu iki yaşayış məntəqəsi arasında Azərbaycan ərazisi vasitəsilə əlaqə yaratmaq kimi bir problemimiz yoxdur. Bu, bizim üçün texniki məsələdir. Artıq bizim yeni yolumuz var: İrəvan-Qafan. Yaxın aylarda digər alnertaniv yollarımız da işə düşəcək.

2. Sərhədlərin delimitasiya və demarkasiyası barədə:

- Ermənistan hökuməti Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasındakı sərhədlərlə bağlı hüquqi əhəmiyyəti olan bütün sənədləri öyrənib. Belə sənədlər «de-yure» var və onların heç birində qeyd etdiyiniz ərazilər (verilən suala cavab olaraq Azərbaycan ərazilərini nəzərdə tutur – red.) Ermənistan ərazisi kimi göstərilməyib. Biz necə deyiriksə ki, dünənki hadisələr Ermənistan ərazisində baş verib, o cür də deməliyik ki, Eyvazlı və Çayzəmi Ermənistan torpaqları deyil.
Ermənistan Respublikası öz müstəqilliyini Sovet Ermənistanının ərazisində elan edib və beynəlxlaq ictimaiyyət də Ermənistanı bu sərhədlər daxilində tanıyıb. Sovet İttifaqının vaxtındakı sərhədlər o vaxt kı kimi indi də beynəlxalq əhəmiyyət kəsb edir.

3. Görüşlər və müzakirələr barədə:

-  Üçtərəfli işçi qrupu gündəlik rejimdə çalışır, onun işinə fasilə verilməyib. Hə, bu başqa məsələdir ki, hazırda ortada konkret nəticə yoxdur. Regional kommunikasiya, delimitasiya və demarkasiya və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, bunlar 3 müxtəlif məsələlərdir. Bu məsələlər bir-birləri ilə bağlı olsalar da, onların mahiyyəti və müzakirə formatı fərqlidir.

4. Sülh müqaviləsi barədə:

- Bizim məqsədimiz sülh müqaviləsi imzalamaqdır. Bu çox geniş bir prosesdir, biz bu işdən heç vaxt imtina etməmişik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (ruscası ODKB - Организация Договора о коллективной безопасности) bizim üzv olduğumuz təhükəsizlik sistemidir. Oxşar hadisələr zamanı biz bu sistemin işə düşməsi mexanizmləri üzərində işləyirik və sistemin işləyəcəyinə inanırıq. Bu mexanizmin işə düşməsi ilə bağlı əvvəllər uyğun şərait yaranmayıb. Belə vəziyyət birinci dəfədir ki, meydana çıxıb. Biz əlimizidən gələni edirik ki, bu mexanizm vaxtı yetişəndə və uyğun prosedurlar şəklində işə düşsün.

5. Azərbaycanın erməni əsirlərə cinayət işi açması barədə (bu açıqlama ən çox hiddət doğuran hissə olub):

- Ermənistan silahlı qüvvələrində xidmət keçənlərin nizamnamə ilə müəyyənləşdirilmiş konkret  məsuliyyəti var. Əsir düşmək nə deməkdir? Bu hansı şəraitdə baş verib? Hərbi reqlament dəqiq şəkildə müəyyən edib ki, hansı şəraitdə əsir düşmək cinayət sayılmır. Əgər hərbçi yaralı və anlaqsız vəziyyətdə əsir düşübsə, Azərbaycan ona qarşı heç bir iddia irəli sürə bilməz. 

6. İctimaiyyətin məlumatlandırılması barədə:

-  Mən ictimaiyyətin hər şeyi (təfərrüatları) bilməsinin əleyhinə deyiləm. Mən onun əleyhinəyəm ki, indi mənim hər şeyi danışmağım arzuolunan deyil. Çünki bundan Ermənistan vətəndaşı olmayanların da xəbəri olacaq.

7. Azərbaycanlıların irəliləməsi haqqında:

- Ümumi balans dəyişməyib, onların girdiyi ərazilərdə bizim də mövqelərimiz var, azərbaycanlıların da.  Onlar əvvəl də orda idi, indi də ordadırlar. Biz gedirik, başqa yerdə post qururuq, nəticədə hansısa mövqelərdə dayanmaq mənasız olur. Sonra onlar da həmin ərazidə postu bir yerdən başqa yerə köçürürlər. Ona görə də demək olmaz ki, azərbaycanlılar Ermənistan ərazisində irəliləyiblər, yoxsa yox. İrəliləsələr də, çox irəliləməyiblər. Yəni, yenə də həmin 41 kilometrin hüdudlarındadırlar, dünənki hadisələrdən sonra heç nə dəyişməyib. Əvvəllər də belə hallar olurdu. Nə qədər ki, belə hallar var, beynəlxlaq ictimaiyyət bu hadisələri gərginliyin konkret mənbəyi kimi görür, Ermənistan və Azərbaycandan müzakirələr yolu ilə problemi həll etməyi gözləyir.
Akif Nəsirli

0.022085189819336