Ölkənin ən təhlükəli sürüşmə zonası Bakıda yerləşir

Ölkənin ən təhlükəli sürüşmə zonası Bakıda yerləşir
 

Telman Zeynalov: "Yamaclar həddən artıq yükləndiyindən azacıq yağış yağan kimi sürüşmə hadisəsi baş verir"

 Azərbaycan ərazisinin müxtəlif zonalarında yerləşən sürüşmə sahələrində son yüz ildə xüsusi aktiflik müşahidə edilir. Ölkədə qeydə alınan sürüşmə zonalarını aktivlyinə görə təsnifləşdirsək, onları bölgələrə və Abşeron iqtisadi rayonuna bölmək olar. Alimlərin qənaətinə görə sürüşmə sahəsinin aktivləşməsinə, əsasən uzunmüddətli yağışların yağması və yamac sahələrinə antropogen amillərin təsirləri səbəb olur. Yağıntının miqdarının çoxalması ilə aktivləşən sürüşmə bəllidir ki, obyektiv amillərlə bağlıdır. Lakin sürüşmə zonasında aktivləşmənin insan fəaliyyəti ilə bağlı olması isə tam sübyektiv amildir. Biz bu yazıda diqqətimizi, məhz sübyektiv amillər üzərinə fokslamağa çalışacağıq.

Qeyd edək ki, torpaq sürüşməsi təbii hadisə olaraq, ağırlıq qüvvəsinin təsiri altında torpaq kütləsinin və təbəqəli süxurların özüldən qoparaq yerdəyişməsinə deyilir. Təbii proseslərin təsiri altında baş verən sürüşmə, ən çox suyadavamlı süxur qatları ilə sulu süxur qatları üst-üstə yerləşən yamaclarda müşahidə edilir. Adətən davamlı yağış sularının sukeçirmə qabiliyyəti az olan lay üzərində yığılması nəticəsində sürüşmə hadisəsi baş verir. Bununla yanaşı, sürüşmə abraziya, eroziya, aşınma, seysmik hadisələr və digər təbii proseslər, həmçinin yerin geoloji şəraitini nəzərə almadan insan fəaliyyəti nəticəsində də baş verə bilir. Sözügedən təbiət hadisəsi əkin sahələrinə, sənaye müəssislərinə, yaşayış məntəqələrinə, yollara və s. strateji obyektlərə ziyan vura bilir. Sürüşməyə qarşı mübarizə aparmaq üçün sahilbərkitmə və drenaj qurğularından istifadə olunur, yamaclar yerə dirək vurulması və ağac əkilməsi yolu ilə bərkidilir.

2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu Azərbaycan ərahisindəki sürüşmə zonalarını təhlükəlilik dərəcəsi üzrə təsnifləşdirib. Təsnifata görə Böyük Qafqazın Azərbaycana aid olan hissəsində son 15 ildə qeydə alınan ən təhlükəli sürüşmə sahələrinin təhlükəlilik ardıcıllığını müəyyənləşdirib. Həmin sürüşmə zonaları aşağıdakı ardıcıllığa malikdir: Bakının Bayıl yamacı, Nobel prospekti, Dilarə Əliyeva küçəsi; Qusar rayonunun Urva, Sudur, Elik kəndləri; Quba rayonu, bu rayonun Dəlləkli, Küncüt, Güləzi, Afurca, Buduq kəndləri; Muğanlı-İsmayıllı avtomobil yolu; Quba-Xınalıq yolunun 29-cu km-i; Şamaxı rayonu, rayonun Muğanlı, Çağan və Çiçi kəndləri; Bakının Xətai, Səbail, Sabunçu rayonları, Badamdar qəsəbəsi; Abşeron rayonunun Masazır qəsəbəsi; Ağsu və Şamaxı avtomobil yolu; İsmayıllı rayonunun Xankəndi kəndi; Bakı-Sumqayıt yolu.

Alimlər müəyyənləşdirib ki, son 15 ildə baş verən sürüşmələrin çoxu 2010-cu ildən sonrakı dövrə təsadüf edir. 20 il əvvəl, yalnız Bayıl yamacında bir (şəhərsalma qaydalarının pozulması, yamacın ağır yüklənməsi səbəbindən), 2005-ci ildə Bakının Nərimanov prospektində iki (evlərin zirzəmilərinin su ilə dolması və Mikyıl Muşfiqin heykəlinin yanındakı çoxmərtəbəli evin bünövrəsində aparılan işlərlə əlaqədar) və Dilarə Əliyeva küçəsində bir (tikinti zamanı 50 metrlik su kəməri borusunun partlaması nətiəsində) sürüşmə qeydə alınıb.

Araşdırmalar göstərib ki, Abşeron yarımadası, xüsusilə Bakı şəhəri şəhərsalma qaydalarının pozulmasına görə, sürüşmə proseslərinə daha çox meyillidir. Bakıda sürüşmələrin başlanma tarixinə nəzər salsaq, şəhərin mərkəzində ilk sürüşmə hazırda Nəriman Nərimanovun heykəli yerləşən ərazidə, heykəlin sağ və sol tərəflərində 1956-cı ildə qeydə alınıb. Həmin vaxt araşdırmalar zamanı müəy-yənləşdirilib ki, sürüşmənin baş verməsinə həm yerin strukturunun sürüşməyə meyilli olması, həm də bu strukturu nəzərə almadan yamaca yaxın ərazilərin tikintilərlə yüklənməsi səbəbindən baş verib. Ardınca ərazidə yamacbərkitmə tədbirləri həyata keçirilib, yamaclarda iynəyarpaqlı ağaclar əkilib. Yeri gəlmişkən, iynəyarpaqlı ağaclar uzun və mil köklərə malik olduğundan, onların yamacbərkitmə məqsədilə əkilməsi çox səmərəli nəticələr verir.

Yuxarıda qeyd edilən ardıcıllıqdan da görünür ki, ən təhlükəli sürüşmə zonası Bakı şəhərinin Bayıl qəsəbəsindədir. Lakin siyahının ən müxtəlif sıralarında dəfələrlə Abşeron yarmadasının sürüşmə zonalarının adı keçir. Bəs bunun səbəbi nədir, nə üçün Azərbaycanda sürüşmə zonaları daha çox Abşeron yarmadasında cəmləşib?

Ekoloq Telman Zeynalov bu məsələ ilə əlaqədar bizimlə söhbəti zamanı bildirdi ki, 2000-ci illərin əvvəllərindən başlayaraq  Abşeron yarmadasının müxtəlif ərazilərinə və Bakı şəhərinə regionlardan köç başlandı: "Rayonlardan Abşeron yarmadasına miqrasiya edən əhali harada gəldi məskunlaşdılar. Bu məskunlaşmanın bir hissəsi də, məhz həmin sürüşmə zonalarına düşdü. Yamaclar həddən artıq yükləndiyindən azacıq yağış yağan kimi sürüşmə hadisəsi baş verir. Ən təhlükəli sürüşmə zonası olan Bayıl yamaclarında isə vəziyyət bir qədər fərqlidir. Belə ki, yamacın yuxarı hissəsindəki məskunlaşma ərazisində kanalizasiya sistemi mövcud deyil. Yaşayış massivində hamı çirkabı quyulara axıdır ki, həmin qurulardan süzülən su sukeçirməyən lay üzərində yığılır. Gilli torpaq həmin su yığıntısı üzərində sürüşməyə meyilliliyi artır. Kiçik təkanlar və azacıq yüklənmə sürüşməyə səbəb olur. Yekun olaraq vurğulamaq yerinə düşər ki, Abşeron yarmadasında sürüşmələrin aktivləşməsinin əsas səbəbi kortəbii məskunlaşmadır".

Mütəxəssisin rəyindən də məlum olur ki, Abşeron iqtisadi rayonunda əhali sıxlığının artması və kortəbi məskunlaşma digər ekosistemlərə mənfi təsir göstərdiyi kimi, sürüşmə zonalarında aktivləşməyə də öz təsirini göstərir.

Yeri gəlmişkən, qeyd edək ki, Bakı şəhərində yarım milyondan çox qeyri-qanuni tikili var ki, bunun da böyük əksəriyyədi fərdi yaşayış evləridir. Bu problem hazırda ciddiliyi ilə hökumət qarşısında dayanır. Artıq birinci mərhələ əldən buraxılıb, təhlükəli zonalarda evlər tikilib. Ona görə də qeyri-qanuni tikililərlə bağlı dövlət layihəsi həyata keçirilməli, münasib ərazilərdəki tikintilər sənədləşdirilməli, təhlükəli zonalardakı tikililər isə sökülməlidir. Bundan sonra isə hökumət yarmadanın tikinti üçün təhlükəli olan zonalarını dəqiqləşdirib, həmin əraziləri ciddi nəzarət altına almalıdır.

 Akif Nəsirli

 Yazı  Azərbaycan
Respublikası Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

0.016870021820068