Talanmış Kürdəxanı bağları

Talanmış Kürdəxanı bağları
 

Müsahibim, AMEA Nəsimi adına Dilçilik İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru, Yazıçılar Birliyinin üzvü, 1-ci dərəcə əlil Mətanət Tağıyeva Kürdəxanı bələdiyyəsindən şikayət edir.

XX əsrin əvvəllərində zəngin Bakı tacirləri Pirşağı, Kürdəxanı və Nardaran arasındakı örüşlərdə bağ salıb, mülk tikərdilər. Sənədləşməyi
sevməyən bu insanlar üçün kişi sözü min möhürlü kağızdan üstün idi. Kim hansı kəndə yaxın yeri bəyənirdi, oranın kəndxudasından qızıl beşliyə bir
hektar torpaq alırdı.
SSRİ-də kollektivləşmə zamanı Kürdəxanı və Nardaran bağları iki dəfə
müsadirə edilmiş və sonuncu dəfə 1962-ci ildə faktiki sahiblərinə qaytarılmışdır.
Postsovet milli müstəqilliyimizin ilk illəri özəlləşdirməyə icazə verilsə də bağçılar (valideynlərim də daxilolmaqla) dədə-baba adətilə kupça almaq barədə düşünmədilər. Maddi vəziyyətim atamdan asılı olmayandan sonra öz 22 sotumuzu özəlləşdirməyə çalışdım. 2005-ci ildə özəlləşdirmə artıq mümkün deyildi. Kürdəxanı bələdiyyəsi mənimlə on illik icarə müqaviləsi bağladı. Qanunla, məhz həmin müddətdən sonra
de-jure bağ yiyəsi ola bilərdim.
2006-2016-cı illər ərzində torpaq və bələdiyyə vergiləri ödəmişəm, son
beş ildə, bələdiyyənin göstərişilə, yalnız torpaq vergisi verirəm.
Bu sözləri müsahibim, AMEA Nəsimi adına Dilçilik İnstitutunun dosenti,
filologiya üzrə fəlsəfə doktoru, Yazıçılar Birliyinin üzvü, 1-ci dərəcəli əlil Mətanət Tağıyeva deyib. Mətanət Tağıyeva bildirir ki, Kürdəxanı bələdiyyə sədri Ağaəli Məsimovun sözlərinə görə, mən qanuna riyayət edən yeganə bağ sakiniyəm.
"2008-ci ildə sənədləşmə də dayandırıldı. Yerli əhalinin yarısı anonim sahibkara sotu 400 manata torpaq satdı. İndi məmurlar həmin sövdələşməyə "təhvil vermə" adı veriblər".
Müsahibim qeyd edir ki,  2008-ci ildən bəri munisipal işçilərdən yetərincə eşitmişəm ki, yeni plana əsasən bağlar 12 sotluq kvadratlara bölünəcək, yol, su, kanalizasiya, qaz və işıq çəkiləcək. Kvadratlar tədricən bir daş hündürlüyündə hasarlanır, bağını satmayan sakinləri bir kvartalda cəmləşdirmək əvəzinə villa ucaldan yad varlılara satılır. "Elektrik xəttini camaat 1990-cı ildən çəkdirmişdir. Sonralar sayğaclaşma başlandı. İki il öncə Azəriqaz təmənnasız qaz kəməri çəkdi və sayğac quraşdırdı. Suyu isə kim haradan bacarır, oğurluqla həyətinə dartır".
Mətanət Tağıyeva qeyd edir ki, son illər bağı su qiymətinə təhvil verənlərin balaları qanunsuz olaraq ata-baba yurdlarında 12 sot yer tutur, qohumlar arasında münaqişə yaranır. Kürdəxanı bələdiyyəsi guya aciz qalır. 
Bütün deyilənlərdən belə qənaətə gəlmək olar ki, qurum ona ayrılan qrant və dotasiyaları mənimsəyib. Əgər belə deyilsə o zaman yeni dübbədüz küçələr və geniş asfalt yollar hanı?!
Bəli, Mətanət xanımın da qeyd etdiyi kimi, dərəbəylik o yerə çatıb ki, onun çertyoju çəkilmiş, vergisi ödənilən sahəsinə özünün qohumu, illərlə bağ yadına düşməyən Sabunçu rayonunun tanınmış makleri Dilavər Xəlilov təcavüz edib. Bələdiyyə sədri bir-iki dəfə ona ağızucu xəbərdarlıq eləsə də, dəfələrlə təcavüzkarla dil tapmağa səsləyir.
Mətanət Ağayeva ona məxsus 3 sot torpağı qəsbkarın qəpik-quruşuna dəyişməklə böyük korrpusiya oyununun iştirakçısına çevrilmək istəmir. Zərərçəkən qeyd edir ki, qapı ağzında adi bir səkini təmir edəndə polis adamın başının üstünü kəsdirir, xətrcam olmayınca və 20 manat "şirinlik" almayınca əl çəkmir. Amma nədənsə sotlarla torpaq oliqarx caynağına salınanda məmurlar və qanun mühavizləri guya əlacsız qalırlar.
Bəli, heç kəsə sirr deyil ki,  Sabunçu rayonda Kürdəxanı Bələdiyyəsi, Kürdəxanı İcra Nümayəndəliyi və 15 saylı Polis bölməsindən ibarət mütəşəkkil mafiya mövcuddur. Belə olmasaydı bələdiyyə sədri Ağaəli və baş mühəndisi Hacı Mətanət xanımı özləriylə "bərabərhüquqlu" saymazdılar.
Həmsöhbətim sonda qeyd etdi ki, makler Dilavər heç vaxt qonşum da olmayıb ki,  2021-ci ilin oktyabrında da "şərq tərəfimi" ata malı kimi mənimsəsin.

Şahnaz Salehqızı, Paralel.az

0.016299962997437