Azərbaycançılıq Azərbaycanın ərazisində
yaşayan xalqların həmrəyliyi ilə məhdudlaşmır

Azərbaycançılıq Azərbaycanın ərazisindəyaşayan xalqların həmrəyliyi ilə məhdudlaşmır
 

Azərbaycan hökuməti dini konfessiyalar arasında qarşılıqlı
hörmətə söykənən münasibətlər formalaşdırmağa nail olub

 

Bu hamıya bəlli həqiqətdir ki, milli ideya istənilən xalqın milli xüsusiyyətlərinin və xarakterinin, ən başlıcası, məqsədə doğru can atmaq əzminin ifadəsidir. O, sadəcə, insanların müəyyən mühakimə, fikir, ideya üzərində köklənməsi deyil, eyni zamanda obyektiv gerçəkliyin düzgün dəyərləndirilməsi, milli potensialın qlobal məqsədlər naminə səfərbər edilməsidir. Əlverişli siyasi şəraitdə formalaşan milli ideya cəmiyyəti təşkil edən birliklərin sosial-mədəni konsolidasiyası baxımından da vacib amildir.

Hər hansı millətin indi və gələcəkdə rifahı, sağlamlığı, inkişafı və tərəqqisinin strategiyası kimi milli ideya milləti sıx birləşdirir, vahid tam kimi fəaliyyətinə şərait yaradır, cəmiyyətin mənafelərini ifadə edən davranış qaydaları, qanunlar və digər mühüm ictimai-siyasi qaydalar formalaşdırmağa kömək edir. Milli ideya etnosun (millətin), onun bənzərsiz mədəniyyətinin, təkrarsız "mən"inin qorunub saxlanmasına imkan yaradır. Milli ideya həm də Azərbaycançılıq ideyasının formalaşmasında təməl rolunu oynamaqla yanaşı, ölkəmizdə yaşayan bütün xalqları birləşdirir. Azərbaycan polietnik dövlət kimi ərazisində yaşayan bütün xalqların vətənidir. Bu mənada dövlətin irəli sürdüyü hər hansı ideya və fikir etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq ölkənin bütün əhalisinin maraqlarını önə çəkir. Bu ideya azərbaycançılıq adlanır.

Ümummilli lider Heydər Əliyev ölkədə mütərəqqi islam dəyərlərinin inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərin inkişafına da dözümlü mühitin yaradılmasını təmin edib, dini konfessiyalar arasında qarşılıqlı hörmətə söykənən münasibətlər formalaşdırmağa nail olub. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması da, tolerantlığın bariz təzahürüdür. Dini tolerantlıq Azərbaycan xalqının qanında, canında, kökündə var. Milli ənənələrimizdə, mentalitetimizdə, düşüncə arxetiplərimizi özündə ehtiva edən folklorumuzda başqa dinlərə, millətlərə dözümlü münasibət özünü yaşadır. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası isə dini tolerantlığın ən başlıca təminatçısı kimi çıxış edir.

"Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" əsərində haqlı olaraq qeyd edilir ki, bəzən hətta elmi ədəbiyyatlarda milli ideya və ideologiya anlayışları qarışdırılır və bu, düzgün yanaşma deyil. İdeya həyata keçirilməsi nəzərdə tutulan, müəyyən nəticəyə gətirib çıxarmalı olan bir niyyət, yaxud nəzəri sistemin əsasını təşkil edən məntiqi prinsipdir. Yunan sözü olan ideologiya isə fikir haqqında təlim mənasını verir. İdeologiya tarixin gedişi ilə meydana çıxaraq bu prosesdə xalqın rolunu təyin edən ən parlaq və obyektiv ideyalar sistemidir. Və vahid vətən hissi ilə birləşən toplumların tarixi birgəyaşayışından, ictimai fəaliyyətindən törənən idealların vəhdəti kimi formalaşır. İdeologiya xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindəndir - xalqın kimliyini əks etdirən təfəkkür, adət və inanclar sistemidir. Dil, ərazi, din və ideoloji birlik xalqın, millətin və dövlətin tarixi varlığının əsas atributlarıdır.

Ümummilli lider Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya azərbaycanlılarının I qurultayında dövlətin siyasətini səciyyələndirərkən onun prioritet istiqamətini də nəzərə çatdırıb: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".

Azərbaycançılıq xalqımızın çox əzab-əziyyətlər bahasına nail olduğu tarixi sərvətdir. Bu, ilk növbədə, vahid və bölünməz Azərbaycanın qorunub saxlanılması və möhkəmləndirilməsinin siyasi əsasıdır. Bu gün azərbaycançılıq milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və fıravanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir.

Bununla belə, azərbaycançılıq ölkəmizin ərazisində yaşayan xalqların həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya həm də Azərbaycanın müstəqilliyini arzulayan, onun güclənməsini istəyən bütün insanları birləşdirir.

Bu gün bu birləşmənin başında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev durur və Ulu öndərin əsasını qoyduğu ideologiyanı uğurla həyata keçirir.

Prezident İlham Əliyevin ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlərarası dialoqa mühüm töhfələr verdiyini nəzərə alaraq 2016-cı ili "Multikulturalizm ili" elan edilməsi də, Ulu öndərin siyasi kursunun ardıcıllıqla həyata keçirilməsinin bariz göstəricisidir. Bunu açıq ifadə edən faktlardan biri də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasıdır. Bu faktın özü də, bu gün respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə hər zaman sadiq qaldığın bir daha ortaya qoyur. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində böyük uğurla keçirilməsi də, dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə  münasibətlərinin real ifadəsidir. Bəşəriyyət adlı qlobal məkanda XX əsrin sonlarından başlayaraq bu gün də davam edən, öz sürəti, keşməkeşliyi və mürəkkəbliyi ilə nəinki insanları, zamanın özünü də təəccübləndirən proseslər baş verir.

Bu baxımdan, "Multikulturalizm azərbaycanlıların həyat tərzidir" deyimi, bu gün ölkəmizdə mövcud olan reallıqları tam olaraq özündə əks etdirir. Çünki bizim "qonaqpərvərlik", "hörmət", "əsl azərbaycançılıq" dediyimiz dəyərlər və xüsusiyyətlər dünyanın siyasi leksikonunda məhz multikulturalizm adlanır.

 Ölkəmizin mühüm coğrafi-siyasi məkanda yerləşməsi və zəngin təbii sərvətlərə malik olması, tarixən başqa millətlərin də diqqətini özünə çəkib. Bu məqamda, əsrin əvvəllərində Nobel qardaşlarının Bakıda həyata keçirdiyi layihələri xatırlatmaq yerinə düşər. XX əsrin əvvəllərində Almaniyadan, Polşadan, Türkiyədən, Rusiyadan, İrandan çoxlu sayda tacir, neftçi, habelə fəhlələr ölkəmizə gələrək Bakıda və Azərbaycanın digər bölgələrində çalışıblar. Bu da ölkəmizdə multikultural və tolerantlıq ənənələrinin daha geniş formada inkişafına səbəb olub.

Bununla belə bir məqamı da xüsusi qeyd etməliyik ki: daim hörmət-izzət göstərdiyimiz, süfrəmizin başında oturtduğumuz bəzi bədxah millətlər xalqımızın tolerantlığa, multikultural dəyərlərə verdiyi önəmdən sui-istifadə edərək, xalqımıza və dövlətimizə dönük çıxıblar. Məkrli qonşularımız olan ermənilərin nankorluğu və xəyanəti, qəsbkar siyasəti barədə xüsusi danışmağa ehtiyac yoxdur. Ermənistan bu gün də monoetnik dövlət kimi tanınır. Lakin bu bədxahlardan fərqli olaraq, hətta 70 illik totalitar sovet rejimi də xalqımızın multikultural düşüncəsinə hakim kəsilə bilməyib.

Xüsusən də ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətdə olduğu 70-80-ci illərdə respublikamızda multikultural dəyərlər sürətlə inkişaf edib. O, hakimiyyətinin ilk dövrlərindən etibarən xalqın mənəvi dəyərlərini, dilini məharətlə qoruyub, təbliğ edib. Eyni əzmkarlıqla bu ərazidə yaşayan etnosların da hüquqlarına sahib çıxıb, Azərbaycanın unudulan tarixi qəhrəmanlarını, dövlət adamlarını yenidən xalqa qaytarıb, eyni fədakarlıqla da digər xalqların görkəmli nümayəndələrinin xatirəsini əbədiləşdirib.

Heydər Əliyevin müdrikliyini və misilsizliyini sübut edən faktlardan biri də budur ki, o, xalqımızın bütün müsbət xüsusiyyətlərinin üzə çıxmasına şərait yaradıb. Bu dəyərlərin təbliğini təmin edib. Bu xüsusda multikulturalizm və tolerantlıq xüsusi əhəmiyyət daşıyır. Heydər Əliyev bu iki ali meyarı azərbaycançılığın mühüm tərkib hissələri kimi nəzərdən keçirib.

Heydər Əliyevin səfər etdiyi kənd və qəsəbələrin sayı minlərlədir. Bu yaşayış məntəqələrinə ulu öndərimiz yalnız bir rəhbər kimi yox, həm də sakinlərin xeyirxah dostu, qayğıkeş himayədarı kimi gəlirdi. Görüşlərdəki səmimiyyətin, sadəliyin səbəbi də, məhz bunda idi. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin də vətəndaşlarla ünsiyyətin ən mükəmməl, səmimi formasını seçməsi və xalqın əsl inam, etimad ünvanına çevrilməsi bizə ötən əsrin 70-80-ci illərini xatırladır və olduqca qürurlu, xoş duyğular yaradır.

Digər azsaylı xalqların yaşadıqları kənd və qəsəbələrdə keçirilən görüşlər isə tamam ayrı bir aləm idi. Heydər Əliyev bütün səfər və görüşlərində, bilavasitə özünün dəstəyi ilə yaradılan milli ansamblların, rəqs və ifa qruplarının konsertlərinə qatılırr, onların özünəməxsus mətbəxini dadır, həyat tərzlərini təqdir edirdi. Təsadüfi deyil ki, o dövürdə azərbaycanlılarla yanaşı, digər xalqların nümayəndələri də yüksək dövlət vəzifələrində təmsil olunur, deputat seçilir, həm respublika, həm də İttifaq miqyaslı təltiflərlə mükafatlandırılırdılar. Bu gün də həmin ənənələr davam etdirilir, ölkəmizdə heç bir vətəndaş dininə, dilinə, irqinə və ya mənsub olduğu etnik fərqnə görə ayrı-seçkiliyə məruz qalmayıb, yəqin ki, bundan sonra da qalmayacaq. Çünki Azərbaycan hökuməti bu kursu bu gün də davam etdirir.

 

“Paralel”in

Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.1193859577179