Mən belə dünyanın nəyini sevim?
Yaşayış minimumu, minimum əmək haqqı, istehlak səbəti və bahalaşma
Parlamentin son iclasında bir çox məsələlər geniş müzakirə olunub. Amma həşəmətli parlamentarilərimiz bütün bu müzakirələrdən sonra bir neçə nəfər istisna olmaqla nəzərdə tutulan artımlara səs veriblər. Bildiyiniz kimi, artıq qazın və işığın qiyməti artıb. Bu da parlamentarilərin və dövlət məmurlarının təbirincə desək, "insanların rifahının yüksəlişi üçün atılan ciddi addımlardan biri hesab olunmalıdır". Bu mötəbər şəxslər iddia edirlər ki, parlamentə təqdim olunan layihə, hər il oldubu kimi, bu il də sosialyönümlü xarakter daşıyır.
İndi biz də öz mövqeyimizdən bu layihənin nə dərəcədə sosialyönümlü olduğuna diqqət edək.
İlk əvvəl ondan başlayaq ki, ölkəmizdə minimum əmək haqqının miqdarı son artımı da nəzərə alsaq 250 manatdan 300 manata qaldırılır. Eyni zamanda 260 adda rüsumun qiyməti minimum 50 faiz, elə yerlər də var ki 2 dəfə artır. Hökumət siyasiləri və məmurlar hesab edirlər ki, bu insanların istehlak səbətinə ümumilikdə 0,5 faiz təsir edəcək. Məsələn, 300 manat minimum əmək haqqı alan vətəndaşdan təkcə şəxsiyyət vəsiqəsini təcili dəyişmək üçün 20 manat alacaqlar ki, bu da onların təbirincə 300 manatın cəmi 0,5 faizini təşkil edir. Əslində isə bu sadəcə bir faktdır. İnsan il ərzində bir çox xidmətlər üçün rüsum ödəməli olur ki, bu da son nəticədə 0,5 faiz yox, illik qazancının ən azından 20-25 faizini təşkil edir. Kommunal xərclərdə və digər xidmət sahələrində, eləcə də ərzaq və qeyri -ərzaq məhsullarında baş verən fantastik artımları isə elə bil heç kim görmür. Məsələn, keçən ilin bu vaxtında 1kq-ı 8-10 manata satılan qaysı qurusu, hazırda 15-20 manat aralığında satılır. Bu da istehlak səbəbtinə heç də 0,5 faiz təsir etmir. Deyəsən, həmin dövlət məmurları və deputatlar artımı minimum əmək haqqı ilə yox, öz maaşları nisbətində nəzərdə tuturlar.
Bir məqamı diqqət edin, hökumət insanın aylıq istehlak səbətini elə mücərrəd rəqəmlərlə təsvir edir ki, bilmirsən güləsən, ya ağlayasan. Yeni ildən istehlak səbətinin dəyərinin 205 manata qaldırılması nəzərdə tutulur, buna qədər isə 170 manat olub. Amma bu səbətin təsnifatı verilmir ki, görəsən insan nə yeməli, nə geyməlidir ki, bu artıma yerləşsin.
Mən sizə bir faktı deyim. Azərbaycanda bir statistik ailənin, yəni 4 nəfərin (ata, ana və iki məktəbli uşaq) normal dolanışığı üçün ən azından 2 min manat gəliri olmalıdır. Müstəqil ekspertlər də, təxminən buna yaxın bir rəqəm deyirlər, adam başını 425-470 manat. Hökumətimiz isə hesab edir ki, 205 manat ailənin bütün xərclərini qarşılaya bilər.
Maraqlıdır, bu hesablamaları aparan və hökumətə təqdim edən şəxslər, görəsən hər ay ailələri üçün nə qədər pul xərcləyirlər?
İkinci bir sual; deyək ki, hər üzvü üçün 205 manat alan ailə 300 manat kirayə haqqı ödəyir, bir o qədər də övladının təhsil xərcinə, bu elədi 600 manat. Qalan 400 manatın 100 manatı kommunal və yol xərclərinə nəzərdə tutaq. Onların yemək və geyimlərinə cəmi 300 manat pul qalır. Yəni adam başına təxminən 80 manatdan bir qədər az. 80 manatla da insanın aylıq qida təlabatı ödənərmi millət? Mən minimum istehlak səbəti qədər maaş alan insanlardan danışıram. Bu gün Azərbaycanda yüzminlərlə ailə var ki, ailədə 4,5,6 nəfər və daha artıq insan yaşadığı halda, onlardan yalnız ikisi işləyir və onların da qazancı minimum əmək haqqından çox deyil. Belə olduğu halda, insan ailəsinin istehlak səbətindəki çatışmazlığı doldurmaq üçün nə etməlidir?
Bugünlərdə Məşğulluq İdarəsinin əməkdaşı televiziyadakı çıxışında deyir ki, insanlar 200-300 manata işləmək istəmirlər. Yaxud da, ümumiyyətlə Məşğulluq İdarələrinə müraciət etmirlər.
Mənim bir jurnalist dostum var idi (Allah rəhmət eləsin!) 2-3 il Yasamal rayon Məşğulluq İdarəsinə ayaq döydü ki, mənə münasib bir iş verin, gedim işləyim. Ona normal bir iş təklif etmədilər. Eləcə iş axtara-axtara dünyasını dəyişdi. Yaxud da, Yasamal rayonunda yaşayan bir insana minimum əmək haqqına Lökbatanda, yaxud Binəqədidə iş təklif edirlər ki, bu da ona sərf etmir. Çünki qazandığı pulun böyük hissəsinə yol xərcinə ödəmək məcburiyyətində qalır. Məhz belə yanaşmaya görə, insanlar Məşğulluq İdarələrinə müraciət etmirlər.
Mən sosial araşdırmaçı olaraq hesab edirəm ki, Azərbaycanda insanların normal rifahından danışırıqsa, ilk əvvəl sahibkarların insanların əməyinə adekvat əmək haqqının verilməsinə nail olmalıyıq. Buna görə isə bilavasitə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun aidiyyəti qurumları məsuliyyət daşıyır. Onlar isə Əmək Müfəttişliyinə daxil olan şikayətlərin anonimliyini əsas gətirərək, öz funksiyalarını yerinə yetirməkdən yayınmağa üstünlük verirlər, yaxud da hər zaman sahibkarı haqlı çıxarırlar. Əmək Müfəttişliyi normal fəaliyyət göstərərsə, əməkçi insanların cüzi əmək haqqı ilə istismarının qarşısı alınar. Bu da heç şübhəsiz ki, həm dövlət büdcəsinə daxilolmaların artmasına, həm də insanların rifahının yüksəlişinə səbəb olar. Bu gün isə hər şey oliqarx-məmurların əlində cəmlənib. Ayda milyonlar qazanan məmur-sahibkar işçisinə normal maaş vermək istəmir. Həmin pulun bir hissəsini rüşvət kimi nəzərətedici qurumlara verərək, işini bitmiş hesab edir. Buna görə də nəzarətedici qurumlara da, dövlət tərəfindən daha ciddi nəzərət olunmalıdır.
Heç kim, heç bir halda qanundan üstün ola bilməz. Əgər bu prinsip Azərbaycanda öz həllini taparsa, sosial gərginliyin qarşısını almaq olar. Əks təqdirdə, yaxın zamanlarda gözlənilməz olaylarla üzləşə bilərik.
Yusif Seyid