Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev qayda, qanun tanımır - şikayət
Bunu universitet müəllimləri iddia edir
Univetsitet müəllimləri yazırlar: "Biz, Azərbaycan Texniki Universitetinin təcrübəli müəllimlərindən bir qrupu son iki ildə universitetimizdə yaranmış acınacaqlı və fəlakətli vəziyyət haqqında ürək ağrısı ilə sizə məlumat vermək istəyirik". DİA.AZ bildirir ki, bu sözlər sözügedən ali təhsil ocağının bir qrup müəllimi adından redaksiyamıza göndərilən müraciətində yer alıb.
Dünən həmin müraciətin birinci hissəsini təqdim etmişdik: Texniki Universitetin günahı nədir? - MÜƏLLİMLƏR HARAY ÇƏKİR...
İndi isə həmin müraciətin növbəti, 2-ci hissəsini təqdim edirik:
"Rektor Vilayət Vəliyev AzTU-ya gələn kimi qaynı qızı Pərvanə Allahverdiyevanı gətirib, əvvəlcə hüquqşünas kimi işə qəbul etdi. Sonra onun üçün Hüquq sektoru yaratdı. Onu Hüquq sektorunun müdiri təyin etdi (guya ki, AzTU hüquq məsləhətxanasıdır), sektora bir çox işçilər qəbul etdi. Halbuki, bundan əvvəl AzTU-da cəmi 0,5 ştata işləyən bir hüquqşünas var idi və bu da kifayət idi. İndi rektor V.Vəliyev qaynı qızı Pərvanə Allahverdiyevaya 2600 manat maaş müəyyən edib, yəni prorektorlar səviyyəsində maaş verir və universitetdə hamı bu haqda danışır.
Halbuki, universitetin köhnə işçiləri 400-450 manat maaş alır, tam ştat kafedra müdiri, elmlər doktoru, professorun maaşı 1300 manat, fəlsəfə doktoru, dosentin maaşı 800 manatdan bir qədər artıq olduğu halda, P. Allahverdiyevanın heç elmi dərəcəsi də yoxdur, 3 il əvvəl yalnız bakalavlığı bitirib. Müqaisə üçün qeyd edək ki, “Karyera mərkəzinin” müdiri işləyən (və bu yaxınlarda əmrlə işdən qovulan) AzTU-ya texniki peşə məktəbi sistemindən gəlmiş, heç bir elmi dərəcəsi və elmi adı olmayan Aytac Rzayevanın maaşı 1200 manat, “Keyfiyyətin idarə olunması” (?) şöbəsinin müdiri işləyən, heç bir elmi dərəcəsi və elmi adı olmayan Təhminə Yaqubovanın maaşı isə 1400 manatdır.
Tədris hissəsi müdiri, ixtisasca ibtidai sinif müəlliməsi olan Qəmər İsayevanın maaşı isə 2000 manat idi.
Bu, professor və dosentlər üçün təhqirdir.
Rektor V. Vəliyev özü üçün böyük bir müşavirlər dəstəsi yaradıb, onun 6 müşaviri var, hər birinə də prorektorlar qədər maaş verir. Guya, rektor nazirdir, ya prezidentdirmi ki, bu qədər müşaviri olsun?!
Əvvəllər AzTU-da ümumiyyətlə, rektorun heç bir müşaviri olmayıb. Müşavirlərin əksəriyyəti də iqtisadçı və ya hüquqşünaslardır. Onlar nə bilirlər, texniki təhsil nədir?!
Məsələn, Elmi işlər üzrə müşavir Fariz Məmmədov iqtisadçıdır. O, nə bilir texniki universitetin bu qədər elm sahələrini ki, rektora elmi işlərdə məşvirilik etsin?! Yeni təsis edilmiş “Rəqəmsallaşma və layihələr üzrə prorektor” vəzifəsinə təyin edilən Rəşad Əliyev də iqtisadçıdır. Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə yeni prorektor Kamran Rəsulov da iqtisadçıdır. Ümumiyyətlə, texniki universitetdə prorektorların əksəriyyəti iqtisadçıdır.
Son iki ildə rektorun özünün gətirdiyi müşavirləri bir neçə dəfə dəyişib, onların yerinə yenilərini gətirib. Yəqin ki, onlar başa düşürlər ki, bura onların yeri deyil, rektor isə bunu başa düşmür.
Rektorun gətirdiyi iqtisadı işlər üzrə müşaviri Malik Mehdiyev öz qəddarlığı ilə fərqlənirdi və universiteti faktiki olaraq, o idarə edirdi. Ancaq, o da V.Vəliyevlə işləyə bilmədi və çıxıb getdi. Rektorun gətirdiyi Beynəlxalq əlaqələr üzrə müşaviri Sultanova Nigar, Elmi işlər üzrə müşavir təyin etdiyi Rasim adlı şəxs də onunla işləyə bilmədi və işdən getdilər.
Rektorun 3 fevral 2021-ci il tarixli elmi şura iclasında qəbul etdirdiyi akademik sahədə struktur dəyişiklikləri isə bütün universiteti ŞOK VƏZİYYƏTİNƏ SALDI. Hamı deyir ki, AzTU-da inqilab oldu! Qısa desək, bu şurada rektor bütün prosedur qaydalarını kənara ataraq, çevriliş etdi. Onsuz da elmi şura onun üçün heç bir şeydir, öz sərsəm planlarını həyata keçirmək üçün bir vasitədir. Pandemiya şəraitində elmi şura iclaslarının onlayn qaydada keçirilməsi rektorun özbaşınalığı üçün daha yaxşı imkanlar açıb. İstədiyi qərarı yazır, elmi şura iclasına çıxarır, soruşur ki, əleyhinə olan yoxdur ki?!
Deməli qəbul edildi, vəssalam. Şura üzvləri də, prorektorlar da vəzifələrini itirməkdən qorxduqlarına görə, heç biri etiraz etmirlər. Amma buna baxmayaraq, bütün prorektorlar vəzifələrindən növbə ilə, tədricən kənarlaşdırıldılar. Elmi şurada istənilən taleyüklü qərarı bir neçə saniyədə müzakirəsiz qəbul etdirir. Nəticədə rektor hər gün “cəsarətlənir”, 03 fevral tarixli elmi şura iclasında rektor heç kimin gözləmədiyi halda qəflətən bütün kafedraların birləşdirilməsi və fakültələrin tərkibinin və adlarının dəyişdirilməsi məsələsini gündəliyə saldı.
Rektor Universitetin akademik strukturunun qlobal şəkildə və kökündən dəyişdirilməsi haqqında qərarı bu haqda təkliflər hazırlamaq üçün yaradılmalı olan komissiyanın təklifləri, heç bir ilkin müzakirə olmadan, fakültələrdə çalışanların rəyini nəzərə alınmadan, təlimatda tələb edildiyi kimi, fakültə şuralarının müzakirəsi və qərarı olmadan, bir anda qəbul etdirdi.
Bir - birilə heç bir uyğunluğu olmayan bütün kafedraları iki-iki, üç-üç birləşdirdi. Məsələn, “İstilik texnikası kafedrası” ilə “Elektrik enerjisi təchizatı” kafedralarını birləşdirdi, adı “Enerji effektivliyi və yaşıl enerji texnologiyaları” (?) adlandırıldı. Fizika kafedrası ilə Elektronika kafedrasını (?) birləşdirdi, Kimya kafedrası ilə Ekologiya kafedrasını birləşdirdi, Azərbaycan dili və pedaqogika kafedrası ilə İctimai elmlər kafedrası da birləşdirildi.
Azərbaycan dili müəllimi olan elmlər namizədi, dosent Həbib Mirzəyev birləşdirilmiş Azərbaycan dili, Fəlsəfə və Tarix kafedralarına müdir təyin edildi, halbuki, Fəlsəfə və Tarix kafedraların nümayəndələri olan professorlar Şikar Qasımov və Əyyub Kərimov və tanınmış politoloq, professor Qabil Hüseynli kənarda qaldılar. İndi texniki universitetdə nə klassik Fizika, nə Kimya, nə Riyaziyyat kafedrası yoxdur. Necə ola bilər ki, texniki universitetdə “İstilik texnikası” kafedrası olmasın?!
Kafedraların birləşdirilməsi, fakültə və kafedraların adlarının dəyişdirilməsi və ya birləşdirilməsi məsələləri əvvəlcə fakültə şuralarında müzakirə edilərək, qərar qəbul edilməli, universitet şurasına protokol şəklində yazılı təkliflər verilməlidir. Kafedraların adları və birləşdirilmə məsələləri kafedra iclaslarında da müzakirə olunmalıdır. Bu qaydaların heç birinə məhəl qoymadan rektor prosedur qaydalarını kobud pozaraq, bu məsələləri bir başa müzakirəsiz AzTU elmi şurasına çıxardı və bir dəqiqədə qarar qəbul etdi.
Bu cür gözlənilməz hərəkətlərdən hamı şoka düşdü, amma heç kim sözünü deyə bilmədi, belə eybəcər qərarlar qəbul edildi.
Rektorun bu cür düşünülməmiş qərarları Texniki Universiteti çox eybəcər vəziyyətə salır və onun 70 illik tarixinin üstündən qara xətt çəkəcək, tədris sistemini pozacaq, xaos yaradacaq və artıq yaratmışdır da.
Bir vaxtlar 40-dan artıq kafedrası olan universitetdə indi cəmi 21 kafedra qalıb, adları və tərkibləri da heç bir məntiqə sığmır. Halbuki, AzTU-da şöbələrin və sektorların sayı kafedralardan təqribən 2 dəfə çoxdur, və bakteriya kimi çoxalmaqda davam edir. Bu, kimə və nəyə lazımdır?!
Yeri gəlmişkən qeyd edək ki, rektor hələ də danışanda kafedra əvəzinə şöbə, fakültə əvəzinə kafedra və s. deyir, bunları ayırd edə bilmir. Belə düşünən adamdan rektor olarmı? Ona yalnız şöbələr lazımdır. O, bu şöbələrlə nə edəcək, tələbə hazırlayacaq? Universitetin əsas vəzifəsi nədir? O, bunları başa düşürmü?
Yəqin ki, yox. İndi qərar qəbul edilən vaxtdan yarım ildən artıq vaxt keçəndən sonra məlum olur ki, kafedraları birləşdirməkdə onun məqsədi var imiş - binalarda boş otaqlar qazanmaq!
O, kafedraları köçürərək, bir yerə yığır ki, universitetdə çoxlu boş otaq əldə etsin. Əsasən də onu 1-ci mərtəbələr maraqlandırır. Nə üçün? Qəribə səslənsə də, şəxsi biznes təşkil etmək üçün!
İndi o, tez-tez tədris binalarını gəzir, boşalmış yerlərə xüsusi maraqla tamaşa edir və yəqin ki, məşhur bir lətifədə deyildiyi kimi fikirləşir: “yəni bunlar hamısı mənimdir”?!
Yaxın adamlarının dediklərindən məlum olur ki, o, buralarda kiçik biznes üçün ofislər açmaq fikrindədir. İndi o, özünün belə planlarını elmi-tədqiqat institutları yaratmaq ideyası ilə pərdələyir...
AzTU-da baş verən qəribə işlərdən biri də universitetin nəzdində “AzTU taksi xidməti”nin yaradılması haqqında elmi şuranın qərarıdır. Elmi şura belə “qərarın” qəbul edilməsi üçündürmü? Universitetdə taksi xidmətinin yaradılması universitet üçün biabırçılıq deyilmi?!
Başqa kafedra ilə birləşdirilərək, öz 60 illik yurd-yüvasından qovulan kafedralardan birinin yerində, məhz indi taksi xidməti yerləşdirilib. Müəllimlər isə sıxışdırılaraq, kiçik otaqlara yerləşdirilib. Bu da onların iş şəraitini son dərəcə pisləşdirir. Neçə-neçə hörmətli alim, professorlar öz iş otaqlarından məhrum edilmişlər və “sıxlaşdırma” şəraitinə köçürülmüşlər. Hələ bundan sonra da rektor son elmi şura iclasında utanmadan deyir ki, hər müəllimin ayrıca iş otağı olmalıdır. Bundan sonra belə sözlər ironiya kimi səslənir. Ancaq, görünən budur ki, rektor kiçik biznes qurmaq haqqında bu arzularını da real olaraq həyata keçirməyi bacarmır. O, hətta bunu da bacarmır. Bu da hələ ki, kağız üzərində qalmaqdadır.
2020-ci ilin yaz aylarında elmi şura iclasında AzTU-nun nəzdində birdən-birə 6 Elmi-tədqiqat institutu yaradılması haqqında qərar qəbul edildi. Bunların adları da iclasda birdən-birə, heç kimin gözləmədiyi halda açıqlandı. Təsəvvür edirsinizmi, AzTU-dakı kafedralarla, alimlərlə, mütəxəssislərlə, professorlarla məsləhətləşmədən, onlardan xəbərsiz, fakültələrdə müzakirə aparılmadan, fakültə şuralarının qərarı olmadan 6 institut yaradılması haqqında qərar qəbul edildi, yenə də bir neçə saniyə ərzində və heç bir müzakirə və ya çıxışlar olmadan. İnstitutların qəribə adları və istiqamətləri də yalnız rektorun öz “təxəyyülünün” və onun qaynı qızı, 24 yaşlı bakalavr, elmdən və texnikadan çox uzaq olan hüquq sektorunun müdiri Pərvanə Allahverdiyevanın “yaradıcı bakalavr intellektinin” məhsulu idi. Elmlər doktorları, professorlar isə bundan yalnız iclasda xəbər tuturlar və dinməz-söyləməz hamısı “lehinə” səs verirlər.
Təsəvvür edirsinizmi, Azərbaycan Texniki Universiteti nə gündədir, nə vəziyyətdədir və daha nə cür vəziyyətlərə düşəcək? V.Vəliyev heç fikirləşmir ki, 6 elmi-tədqiqat institutunun kadr potensialını o haradan toplayacaq, tədqiqatlar hansı laboratoriya bazası ilə aparılacaq (faktiki olaraq, mövcud olmayan laboratoriya bazası ilə) (o, bilirmi ki, texnika sahəsində tədqiqat
aparmaq üçün laboratoriya bazası lazımdır?), hansı tədqiqatlar aparılacaq, qoyulan adlar institutlara uyğundurmu, elmi işlərin sifarişçisi kim olacaq və s. Bütün bu məsələlər onun bilik dairəsindən kənardadır. Yəqin, o elə fikirləşir ki, texnika sahəsində də iqtisadiyyatda olduğu kimi, elmi-tədqiqat işləri otaqda, kağız üzərində yalnız bir kompüterdən istifadə edilməklə aparıla bilər. Bu qərar qəbul edildikdən yarım il sonra, bu ilin sentyabrında isə birdən birə elmi şura qərarının ziddinə olaraq AzTU üzrə əmr çıxdı ki, 6 yox, 7 elmi-tədqiqat institutu yaradılır və tamamilə başqa adlarla. Yəqin ki, əvvəlki adların absurdluğunu ona kimsə başa salmışdı. Amma elmi şurada qəbul edilən qərara uyğun olmayan adlarla əmri o nəyin əsasında, nəyə istinad edərək imzaladı, bu da məlum deyil.
Məlumdur ki, təmir işləri dövlət vəsaiti ilə qaranlıq əməlləri həyata keçirmək üçün ən əlverişli üsuldur. Görünür, bu məqsədlə o, universitetin baş mühasibi vəzifəsinə də öz adamını gətirib. Cəmi 3 il əvvəl AzTU-da 2 il davam edən çox böyük miqyaslı əsaslı təmir işləri başa çatıb, təmirə milyonlarla manat dövlət vəsaiti xərclənib. Ancaq rektor təzə tikilmiş 8-ci binanın 1-ci mərtəbəsindəki böyük yeməkxananı tamamilə sökdürüb, heç bir ehtiyac olmadan, yenidən tikdirdi.
Sonra dedi ki, yenicə əsaslı təmirdən çıxmış 3-cü binada yenə əsaslı təmirə aparmaq lazımdır. Bunları etməkdə rektorun məqsədi bu binadan hamını köçürüb, orada “gənclərin yaradıcılıq mərkəzini” açmaq adı altında şəxsi biznes quracaq. Bir neçə ay keçəndən sonra rektor isə deyir ki, həmin binanı yenidən təmir edib, tələbə yataqxanasına çevirəcəyik.
8-ci binada böyük yeməkxana olmasına baxmayaraq, indi də başlayıb ki, hər tədris binasında həmin yeməkxananın filiallarını və bufetləri açmaq lazımdır. Bu məqsədlə də auditoriyaların, müəllimlər otaqlarının divarlarını sökdürür, otaqları birləşdirir, auditoriyaları, müəllimlər otaqlarını bufet və yeməkxanays çevirir. Bu da barədə haqlı olaraq hamı fikirləşir ki, görəsən, bir universitetdə neçə yeməkxana olmalıdır?!..
Universitetə kənardan biznesmenlər dəvət edir ki, həmin otaqlara gəlib baxsınlar, onları icarəyə götürsünlər, bufet və yeməkxanaları işlədib, hər ay ona haqq versinlər. Həmin bufet və yeməkxanaları rektor və tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli öz aralarında bölüşdürüblər və bununla əlaqədar aralarında mübahisə də yaranıb. AzTU-da divarları söküb-tikmək, təmir epopeyası isə 6-7 ildir ki, işçiləri tamam boğaza yığıb. Nə qədər divar söküb-tikmək olar, buna nə qədər vəsait sərf olunur, bura sərf olunan pulla laboratoriyalar üçün avadanlıq alınsaydı, mütəxəssislərin hazırlanması üçün nə qədər faydası olardı?! Ancaq, rektoru yalnız özünün “xırda” iqtisadi maraqları düşündürür (elə əvvəlki rektor da belə idi).
Rektorun “fəaliyyətinin” əsas istiqamətindən biri də tez-tez əhəmiyyətsiz, kiçik müəssisə nümayəndələrini universitetə dəvət etmək, onlarla əməkdaşlıq haqqında müqavilə imzalamaq, onlarla birlikdə şəkil çəkdirmək və bu haqda məlumatı AzTU-nun internet saytına qoymaqdır ki, qoy baxıb desinlər ki, rektor işləyir, fəaliyyətdədir. Bütün bu müqavilələr isə iki ildir ki, yalnız kağız üzərində qalır, birinin də praktiki davamı və əhəmiyyəti yoxdur. Bizim hesablamalarımıza görə əməkdaşlıq haqqında imzalanmış müqavilələrin sayı 80-ə çatıb. Bu isə, gözə kül üfürməkdən başqa bir şey deyil.
Rektorun daha bir maraqlı fəaliyyət sahəsi universitetin professorlarını və kafedra müdirlərini ucdantutma kafedra müdiri vəzifəsindən və tədrisdən uzaqlaşdıraraq, məsləhətçi - professor vəzifəsinə keçirməkdir.
03 fevral 2021-ci il tarixli elmi şura iclasında da rektor yenə 5 nəfəri məsləhətçi - professor keçirib. O, kafedra müdiri olan professorlara təzyiq göstərir ki, əgər məsləhətçi - professor keçmək üçün xahiş ərizəsi yazmasalar, onları ümumiyyətlə universitetdən kənarlaşdıracaq. Nəyə görəsə, (əslində, məlumdur, nəyə görə), rektor professorların qəniminə çevrilib, doktorları, təcrübəli professorları məqsədyönlü şəkildə təhsildən uzaqlaşdırır, izolə edir, tez-tez deyir ki, onların hamısını qovacağam. Rektor deyir ki, mənə professor lazım deyil, universitetə pul gətirən adam lazımdır. O, professorları, təcrübəli alimləri vəzifələrdən kənarlaşdırıb, onların yerinə təcrübəsiz və bacarıqsız adamları təyin edir ki, ətrafda ondan “ağıllısı” olmasın. Rektor heç bir əsasnamə, qayda-qanun saymır, nə istəyir, onu da edir. Elə hesab edir ki, universitet onun şəxsi təsərrüfatıdır.
Bundan əlavə, AzTU-nun məsləhətçi - professorlar haqqında Əsasnaməsində göstərilir ki, bu vəzifəyə yalnız 10 il AzTU-da işləyən professorlar seçilə bilər. Rektor Əsasnaməyə məhəl qoymur və hazırda bir neçə nəfər 4-5 il stajı olanları seçdirib ki, təki onları tədrisdən, real işdən uzaqlaşdırsın.
Digər ən böyük prosedur pozuntusu odur ki, 03 fevral 2021-ci il tarixli şura iclasında rektor məsləhətçi - professor vəzifəsinə seçkiləri açıq səsvermə ilə keçirdi. Bu, vəzifə seçkisidir və həm də universitetin Əsasnaməsinə ziddir, eyni zamanda AzTU-nun məsləhətçi - professorlar haqqında Əsasnaməsinə görə, seçki gizli səsvermə ilə keçirilməlidir. Lakin belə şeylər rektoru qətiyyən maraqlandırmır, seçkini açıq səsvermə ilə keçirir ki, bu da çox ciddi qanun pozuntusudur...
(Ardı var)