Vüqar Səfərlinin məhkəməsi davam edir

Vüqar Səfərlinin məhkəməsi davam edir
 

Paralel.az xəbər verir ki, ləğv edilmiş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin və  təqsirləndirilən digər şəxslərin məhkəməsi bu gün saat 14.00-da hakim Azər Paşayevin sədrliyi ilə Ağır Cinayətlər Məhkəməsində davam edib.
Bugünkü prosesdə jurnalistlər üçün tikilən üçüncü binanın tikintisində nəzarətçı-mühəndis kimi çalışmış Bünyamin İsmayilovun, ikinci və üçüncü binanın layihəsini hazırlayan şirkətin mühəndisi Telman Tahirovun ifadələri dinlənildi.
Dövlət ittihamçısı Bünyamin İsmayılovdan ikinci və üçüncü binanın tikintisində iş həcminin 18 milyon manat məbləğinə qədər şişirdilməsinə münasibət bildirməsini tələb etdi. B.İsmayılov bildirdi ki, onun iştirakı ilə tərtib edilən aktların heç birində şişirtmə hallarına rast gəlməyib: "Belə hallara rast gəldikdə biz rəhbərliyə bu barədə məlumat verməli idik. Lakin mən bu tikintidə fəaliyyət göstərdiyim zamanı qiymətlərin şişirdilməsinə rast gəlinməyib".
Üçüncü binanin tikintisində iş həcminin şişirdilməsi ilə bağlı suala cavab olaraq Vüqar Səfərli bildirdi ki, iş başa çatdıqdan sonra biz tikinti şirkəti ilə hesablaşırıq: "Smetadan kənarlaşma olubsa, biz həmin fərqi şirkətə ödəmirik, yalnız smetada nəzərdə tutulan məbləğ ödənilir.
Lakin üçüncü binada hələ tikinti işi yekunlasmaýıb, tam ödəniş olunmayıb, biz tikinti şirkətinə borcluyuq. İş başa çatmalıydı ki, biz şişirdilmənin olub-olmadığını müəyyən edək".
Daha sonra ikinci və üçüncü binanın layihə müəllifi Telman Tahirov iş həcminin şişirdilməsinə dair dövlət ittihamçısının sualını cavablandırıb, dedi: "Bizim hazırladığımız hər iki layihə (ikinci və üçüncü binanın layihəsi) hazırlandıqdan sonra dövlət ekspertizasına göndərilib, layihə ekspertizadan keçdikdən sonra iradlar nəzərə alınaraq yenidən hazırlanıb  və təkrar ekspertizaya göndərilib.
Təkrar ekspertizadan sonra layihəyə rəy verilib. Yalnız bundan sonra layihə hüquqi sənəd kimi qüvvəyə minərək sifarişçiyə təqdim edilib. Ona görə də layihənin hazırlanmasında hər hansı bir
şişirtmədən şöhbət gedə bilməz. Şişirtmə olsaydı, onu dövlət ekspertizası üzə çıxarardı".
Bununlada məhkəmə prosesi 10 noyabr 2021-ci il, saat 10-a qədər təxirə salınıb.

Akif Nəsirli

0.062816143035889