Ayrı-seçkiliyin bütün formaları insan
hüquqlarının pozulması deməkdir

Ayrı-seçkiliyin bütün formaları insanhüquqlarının pozulması deməkdir
 

Konstitusiyamız irqindən, milliyyətindən, dinindən asılı olmayaraq
hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir

 

İnsanların bir-birindən fərqləndiyini, eyni zamanda aralarında çox böyük oxşarlıqlarının olduğunu hamımız bilirik. Fərqlənmək insanı, fərdi təkrarolunmaz, özünəməxsus və bənzərsiz edir.

Oxşarlıq isə insanlara müəyyən cəmiyyətlərdə birləşmə imkanı verir. Hər bir insanın başqalarından biliyi, savadı, istedadı, dini etiqadı, maraqları, nöqteyi-nəzəri və s. ilə fərqlənmək hüququ var. Bu hüquq bütün insanları bərabər edir. Bu baxımdan, "Hüquq bərabərliyi", "ayrı-seçkilik" və s. anlayışlar bizə ta qədim zamanlardan məlumdur. Çünki insanlar əsirlər boyu bərabərlik uğrunda mübarizə aparıblar, ayrı-seçkiliyin bütün formalarına-milli, dini, irqi, cinsi, silki və s. qarşı çıxıblar. Müxtəlif tarixi dövrlərdə insanlar arasında sosial mənşəyinə, irqinə və dərisinin rənginə, cinsinə, milli və dini mənsubiyyətinə görə çox böyük fərqlər qoyulub. Hətta dünyanın ən demokratik ölkəsi hesab olunan ABŞ-da belə, irqi ayrı-seçkilik uzun müddət mövcud olub və cəmiyyətin mütərəqqi qüvvələrinin uzunmüddətli mübarizəsi nəticəsində ləğv olunub.

Bu da məlumdur ki, II Dünya müharibəsindən sonra "hüquq bərabərliyi" və "ayrı-seçkilik" anlayışları yeni mahiyyət kəsb etməyə başlayıb. Beynəlxalq ictimaiyyət bu məsələlərə daha həssas yanaşma ortaya qoyub.

Bununla da insan hüquqları haqqında Ümumi Bəyannamənin birinci maddəsinə, bütün insanların azad, hüquq və ləyaqətlərinə görə bərabər doğulduqları barədə bənd ələvə olunub. Və qeyd edilib ki, insanlar idrak və vicdana malikdirlər və buna görə də bir-biri ilə qardaşlıq ruhunda davranmalıdırlar.

Bu da hüquq bərabərliyinin insan hüquqlarının ali prinsipinə çevrilməsi  zərurətini meydana gətirib. Bu prinsiplərə əməl olunmadıqda isə insanların hüquq və azadlıqların pozulması faktları ortaya çıxır. Bunun da ən geniş yayılmış forması ayrı-seçkilikdir. Buna görə də ayrı-seçkiliyin ləğv edilməsi, hüquq bərabərliyinin təmin olunmasının ən mühüm şərtlərindən biri kimi qəbul olunur. Çünki ayrı-seçkiliyin bütün formaları insan hüquqlarının pozulması deməkdir. İnsan hüquqları barədə Ümumi Bəyannamənin ikinci maddəsində deyilir: "İnsanlar irqinə, dərisinin rənginə, cinsinə, dininə, siyasi və digər əqidəsinə, milli, yaxud sosial mənşəyinə, mülki, silki, yaxud başqa vəziyyətinə görə heç bir fərq qoyulmadan hüquqlara və azadlıqlara malik olmalıdırlar". Bu prinsipi əsas tutan Azərbaycan Respublikası özünün Konstitusiyasında irqindən, milliyyətindən, dinindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Eyni zamanda Azərbaycan dövləti hər cür ayrı-seçkiliyə qarşı çıxır. Bununla belə bir çox Qərb dövlətləri, yaxud onların maliyyə dəstəyi ilə fəaliyyət göstərən beynəlxalq təşkilatlar zaman-zaman məqsədyönlu şəkildə Azərbaycanda insan haqlarını pozulması barədə informasiyaları dövriyyəyə buraxaraq, bundan dövlətimizə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar.

Lakin, çox marqlıdır ki, bu gün Avropada və ABŞ-da dini-irqi ayrı-seçkilik, insan hüquqlarının kütləvi şəkildə pozulması halları baş versə də, bu nədənsə hər hansı bir beynəlxalq təşkilatın hesabatında öz əksini tapmır. Yalnız bir dəfə  Beynəlxalq İnsan Haqları Təşkilatı olan "Amnesty İnternational", 2010-cu il yanvar ayında son 4 ildə 111 ölkədə qeydə alınan insan haqları ilə bağlı hesabat dərc edib. Həmin hesabatda ABŞ, Almaniya, Rusiya, Çin və Avropa ölkələrində qeydə alınan insan haqlarının pozulması halları sərt tənqid edilib. Dünyaya demokratiya dərsi keçmək istəyən ölkələrdə insan haqlarının pozulmasının dözülməz həddə çatdığı bildirilb. Bu hesabatda ABŞ daha sərt  tənqid olunub. Qeyd edilib ki, Amerika rəhbərliyi dünyada qəddarlığı ilə ad qazanan Quantanamo əsir düşərgəsini bağlamaqla insan haqlarının qorunması sahəsində irəliyə doğru addım atdığını sübut etmək istəyir. Ancaq son illər bu ölkədə baş verən hadisələr, bu sahədə heç nəyin dəyişmədiyini, sadəcə olaraq, görüntü xarakteri daşıdığını əks etdirir. ABŞ-da yaşananlar elə-belə, adi olaylar deyil. Həmin hadisələr, yüzlərlə insanın döyülməsinə və qətlinə yol açan kütləvi etirazlar, cinayətlər və iğtişaşlardır. Belə hadisələr Almaniya, Fransa, Böyük Britaniya kimi dövlətlərdə də mütəmadi olaraq baş verir. Həmin dövlətlərdə insan hüquq və azadlıqlarının pozulması, hakimiyyəti haqlı tənqid edən kütləvi informasiya vasitələrinin və jurnalistlərin sıxışdırılmasına dair çoxsaylı faktlar var. ABŞ isə yaxın müttəfiqi olan dövlətlərdə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması faktlarını heç vaxt görmür.

Son zamanlar beynəlxalq aləmdə baş verən hadisələr də təsdiqləyir ki, islamafobiya Qərbdə sanki həyat tərzinə çevrilib. Avropa ölkələrində İslam dininin daşıyıcılarının haqsız təqiblərə və təzyiqlərə məruz qalmaları da bunun nəticəsidir. Dünyanın aparıcı kütləvi informasiya vasitələrinin yazdıqlarından da məlum olur ki, Fransada, Almaniyada, Belçikada, Niderlandda, İsveçrədə və İspaniyada müsəlmanlar gündəlik həyat şəraitində təhqirlərlə, hətta, fiziki zorakılıqlarla qarşılaşırlar. Onda belə bir sual ortaya çıxır- Budurmu insan haqlarının qorunması istiqamətində Avropa nümunəsi? Avropada İslama qarşı hərəkatların və informasiya-təbliğat vasitələrinin genişləndirilməsini görməzliyə vuran Qərbin "yalan məlumatlar istehsalı ilə məşğul olan maşını" isə yalnız Azərbaycanı güdməklə məşğuldur. Böyük Britaniyada, Fransada və Belçikada məscidlərin yandırılması, peyğəmbərlərin təhqir olunması, ABŞ-da, Şimali Karolinada 3 müsəlman tələbənin dini zəmində qətlə yetirilməsi, növbəti gün isə Texasdakı Müsəlman Mərkəzinin yandırılması onu göstərir ki, islamafobiya qərblilərin gündəlik məşğuliyyətinə, həyat tərzinə çevrilməkdədir. Özlərini demokratiyanın beşiyi kimi təqdim edənlər, həmin beşiyin günahsız insan qanı ilə dolub-boşaldığını adi bir hadisə kimi qəbul edirlər.

Bu da, artıq hamıya məlum həqiqətdir ki, Qərbin bir sıra dövlətlərində multikulturalizmdən tamamilə imtina olunub. Bu dövlətlərdə etnik və dini ayrı-seçkilik o həddə çatıb ki, qaradərili insanlar və müsəlmanlar ictimaiyyətin gözləri qarşısında məhv edilir. Yunanıstanda, Çexiyada və Fransada elə bir vəziyyət yaranıb ki, burada miqrantlara qarşı millətçilər tərəfindən hücumlar olduqda belə, polis müdaxilə etmir. Afrikalı miqrantların verdikləri məlumata görə, Avropa ölkələrində onlara qarşı zorakılıq halları açıq şəkildə aparılır və geniş yayılıb. Bu zorakılıqlar polisin gözü qarşısında baş verir.

 Bu faktı Avropa Birliyinin 27 ölkəsində məskunlaşan azlıqlar arasında aparılan rəy sorğusunun nəticələri də təsdiqləyib. Aparılan rəy sorğusu haqqında  məlumatda bildirilir ki, 23 min 500 nəfər insan arasında keçirilən sorğunun nəticəsinə görə, respondentlərin böyük əksəriyyəti son günlər ərzində rasizmin qurbanı olub. Onların yerli hakimiyyət qurumlarına inamları olmadığından polis orqanlarına belə müraciət etməyiblər. Amma, beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin özlərini demokratiyanın beşiyi sayan Qərb dövlətləri bütün bunlara göz yummaqda davam edirlər. Son illər baş verən hadisələr təsdiqləyir ki, harada Qərbin maraqları qorunursa, orada insan haqlarının pozulmasına, işğalçılıq faktlarına, terror aktlarına və irqi ayrı-seçkiliyə göz yumulur. Fikir verin, Ukrayna hadisələrinə görə, Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edən Qərb, erməni vəhşiliyinə hələ də göz yumur.  Əgər dünya birliyi Azərbaycanın haqlı mövqeyinə, torpaqlarımızın işğal olunması faktına, bir milyondan artıq soydaşımızın öz doğma ocaqlarından didərgin salınmasına, Xocalıda törədilən dəhşətli soyqırımına göz yumursa, onların ölkəmizin daxili işlərinə qarışmağa nə mənəvi, nə də hüquqi baxımdan haqqı çatır. Bütün bunlar Qərbin dünyada insan hüquq və azadlıqlarının qorunmasında maraqlı olmamasından xəbər verir. Bu gün Avropa ölkələrində yaşanan qeyri-insani hadisələrə susqunluq nümayiş etdirilməsi də bunu bir daha təsdiqləyir.

Bütün deyilənlərin tam əksinə olaraq, bu gün Azərbaycanda ən yüksək səviyyədə inkişaf etmiş tolerantlıq və multikulturalizm mühiti mövcuddur. Bəzi beynəlxalq təşkilatların qərəzli hesabatlarının tam əksinə olraq, Azərbaycanda insan haqq və azadlıqları da ən yüksək səviyyədə təmin olunur və qorunur.

Azərbaycan xalqı fəxr edir ki, Azərbaycanda məskunlaşan xalqlar və etnoslar arasında heç vaxt milli-irqi ayrı-seçkilik, etnik-dini dözümsüzlük halları mövcud olmayıb.

Müstəqil Azərbaycan Respublikası bu gün də öz tolerantlıq və multikulturalizm ənənələrinə sadiqdir. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları beynəlxalq prinsiplərə əsaslanan hüquq və azadlıqlara, o cümlədən, vicdan və dini etiqad azadlığına malikdirlər. Ölkəmizdə yaşayan bütün etnik azlıqlara öz dini-mənəvi dəyərlərini, milli adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün bərabər demokratik şərait yaradılıb.

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.09292197227478