Sosial problemlər artmaqda davam edir
Azərbaycanda yeni institut yaradılmalıdır
Paralel.az xəbər verir ki, Azərbaycanda sosial problemlər artsa da, onların araşdırılması, tədqiq olunması ilə məşğul olanların sayı çox azdır. Müasir Azərbaycan cəmiyyətində sosial problemlər partlayış həddinə çatsa belə, bu problemlərin araşdırılması istiqamətində heç bir iş görülmür. Görülsə belə, bu işlər o qədər aşağı səviyyədədir ki, onların nəticəsini cəmiyyət hiss etmir.
Bu problem, sadəcə qeyri-hökumət təşkilatlarının (QHT) və ekspertlərin rəy və təklifləri ilə öz həllini tapa bilməz.
Buna görə də təklif edirəm ki, sosial problemlərin araşdırılması üçün Azərbaycanda yeni bir institut, yaxud Müstəqil Araşdırmalar Mərkəzi yaradılsın. Bu institutda isə araşdırmaçı jurnalistlər, sosioloqlar, psixoloqlar, QHT nümayəndələri, eyni zamanda deputatlar və dövlət strukturunu təmsil edənlər birgə çalışmalıdırlar. İnstituta dövlət səviyyəsində dəstək verilməli, həmin institutun təklifləri sosial həyatımızın bütün sahələrində həyata keçirilən işlərdə nəzərə alınmalıdır. Məsələn, kimsə, hansısa sahədə qiymətləri qaldırmaq istəyirsə, əsaslandirmanı ilk əvvəl həmin instituta təqdim etməli, onun rəyindən sonra Tarif Şurasına müraciət etməlidir.
Bu qədər bəsit. Xahiş edirəm, təklifə münasibət bildirəsiniz.
Yusif Seyid