MƏQAM MEDİA GROUP gəlir – həm də böyük planlarla...
Media-Qrupun təsisçisi Qorxmaz Heydərov qurumun yaradılması zərurəti və gələcək planlarından danışdı
Azərbaycanın media səhnəsinə MƏQAM MEDİA GROUP adlı yeni bir KİV daxil olur. Təsis edilməsindən az müddət – cəmi ayyarım keçməsinə baxmayaraq, çoxsaylı kütləvi informasiya vasitələri arasında özünəməxsus mövqeyi, proseslərə ciddi təsiri duyulmaqdadır. MƏQAM MEDİA GROUP-un yaranma zərurəti, məqsəd-məramı, planları barədə məlumat almaq üçün qurumun təsisçisi və Müşahidə Şurasının sədri Qorxmaz Heydərovla söhbətləşdik.
Qorxmaz müəllim ixtisasca iqtisadçı, Vətən Naminə Birlik Partiyası sədrinin iqtisadi məsələlər üzrə müavinidir. Bu sahədə bir sıra yeniliklərə və uğurlara imza atıb. Bank sektorunda rəhbər vəzifələrdə çalışıb, ölkəmizdə elektron biznes layihəsinin yaradıcısıdır. Vətən, xalq, cəmiyyət qarşısında bir fərd, vətəndaş borcunu yerinə yetirməkdən əlavə, media qrupu kimi də fəaliyyət göstərmək, istedadlı gəncləri toplayaraq dövlətçilik naminə bilik və bacarıqlarını ortaya qoymaq məhz onun ideyasıdır:
“Bu barədə əqidədaşım, qurumun İdarə Heyətinin sədri Cavid Əlizadə ilə birgə partiyamızın rəhbəri hörmətli Emin Babayevlə məsləhətləşdik. Emin müəllim bizi diqqətlə dinlədi, hansı məqsədləri reallaşdırmaq istəyimizlə tanışlıqdan sonra təşəbbüsümüzü bəyəndi və xeyir-duasını verdi. Oxucularımızın sayı günbəgün artır, qısa vaxt ərzində sosial şəbəkələrdə çoxsaylı izləyicilərimiz var. MƏQAM MEDİA GROUP-u gələcəkdə özündə müstəqil qəzet, jurnal, sayt, internet radio-televiziyasını birləşdirəcək böyük bir media-holdinq səviyyəsində görmək istəyirik.
Cənab Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti sayəsində ölkəmizdə formalaşan demokratik mühit gələcək uğurlarımız üçün geniş imkanlar açır. Məhz belə bir şəraitdə iqtisadiyyatımız güclənir, xalqın sosial rifahı yüksəlir, Azərbaycan nəinki bölgədə, dünyada qüdrətli mövqeyə malik, mütərəqqi şərtlərini diqtə edən dövlətə çevrilir.
44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində möhtəşəm qələbə qazanaraq, 30 ildir işğal altında qalan torpaqlarımızı azad etməyimiz də həmin müdrikliyin, iradənin, əzmkarlığın nəticəsidir, müzəffər Ali Baş Komandanın qətiyyəti, ordumuzun rəşadəti, şəhid və qazilərimizin qanı-canı bahasınadır. Elə MƏQAMın abreviaturası da “Mehribanlıq, Əzmkarlıq, Qəhrəmanlıq Azərbaycanlıların Məramıdır!” şəklində mənalanır”.
Müsahibimiz bildirdi ki, MƏQAM MEDİA GROUP-un fəaliyyətində əsas prinsiplər bütün dünyada, xüsusən də bədnam qonşularımızla informasiya savaşında qalib gəlməkdir:
“Necə ki, cəbhədə, döyüş meydanında tarixi zəfər əldə elədik və möhtərəm Prezidentimiz ən nüfuzlu beynəlxalq KİV-lərə müsahibələrində Azərbaycanın haqlı mövqeyini və erməni quldurlarının əsl simasını açıb göstərdi, eləcə də dövlətimizin başçısına dəstək olaraq, sonrakı dönəmlərdə bu missiya biz gənclərin üzərinə düşür.
Həmin istiqamətdə ilk addımlarımız isə hazırlıq işlərinin getdiyi və yaxın günlərdə çəkilişlərinə başlayacağımız, daşnak cinayətkarlığı, qəddarlığı, yalanı, uydurması, saxtakarlığından bəhs edən “Qatil və qətllər” sənədli-bədii filmidir. İnşaallah məqsədimizə nə dərəcədə nail olacağıq, bunu çoxsaylı tamaşaçı auditoriyası, bizə etimad bəsləyən dostlar və bütövlükdə xalq deyəcək.”
Qurban Məmmədli