Baş alıb gedirsən hayana- Qiymət?

Baş alıb gedirsən hayana- Qiymət?
 
Lətifəsi xalqımızdan uzaq, kasıb yazın yoncası ilə eşşəyinə təsəlli verib dözməyi məsləhət bildiyi kimi Azərbaycan hökuməti də insanlara yanvarda gözləninən əmək haqqı, pensiya və müavinətdəki qəpik artımı ilə acından köpük qusan milyonları sözün həqiqi mənasında ələ salır, ona eşşək gözüylə baxır. Belə olmasaydı maaş artımından qabaq əsla komunal xərclər qaldırılmaz, vergi rüsumlarında 100 faizlik artıma gedilməzdi. Yaxşısını mütəxəssislər bilər, iqtisadiyyat elə bir sahədir ki, onun hansısa həlqəsində qiymət artımı baş verirsə bu artım avtomatik digər sahələrə də təsir göstərir. Xüsusilə enerji daşıyıcılarının qiymətinin qalxması xərçəng xəstəliyi kimi iqtisadiyyat və sosial həyatın bütün sahələrinə yayılır. Artıq bugündən işıq və qazın qiyməti yeni tariflə hesablanacaq. Amma artıq bu məlumat yayılmağa başladığı gündən ərzaq məhsulları və digər istehlak mallarının qiyməti faiz nisbətiylə 20-22 faiz bahalaşıb. Zatən aylıq əmək haqqısı ərzağa ancaq çatan yüz minlərlə insan qiymət artımından sonra yaranan kəsiri yanvarda maaş artımına ümid edərək  bu gün borca girməklə qapatmağa məcburdur. Amma problem ondadır ki, hökumətin maaş artımı insanların ərzaq məhsullarındakı qiymət artımına xərclədikləri əlavə vəsaitlə tərs-mütənasibdir. Çünki qeyd etdiyimiz kimi maaş və pensiyalarda 0.5 faiz artım nəzərdə tutulubsa faktiki bugün müxtəlif növ ərzaq məhsullarında artım 10-18, bəzən 20 faizdən artıqdır. 
Xaricə enerji daşıyıcıları ixrac edən ölkənin onsuz da miskin durumda yaşayan vətəndaşına da əcnəbi alıcı gözüylə baxması, hansı bəraətverici arqumentlər gətirilməsindən asılı olmayaraq məsuliyyətsizlik və xalqa dirsək göstərməkdir.
Ki, tarixdə belə əməllərin bədəlinin çox ağır olduğuna dair yüzlərlə fakt var. 

 Səma, 
Paralel.az
 

 

0.016974925994873