Bahalaşma
Məmur özbaşınalığının və inhisarçılığının nəticəsi
Paralel.az xəbər verir ki, artıq neçə vaxtdır, Azərbaycanda ərzaq məhsullarının kəskin bahalaşması müşahidə olunur. Buna əsas səbəb kimi, neft və neft məhsullarının, eləcə də enerji daşıyıcılarının qiymətlərində artımın olması göstərilir. Bir qrup ekspertlər isə hesab edirlər ki, ölkəmizdə qiymət artımını şərtləndirən əsas səbəb ərzaq bazarının idxal məhsullarından asılı olmasıdır. Xarici bazarlarda qiymətlər artan kimi, bu bizə də təsirsiz ötüşmür. Xaricdən ölkəmizə idxal olunan ərzaq məhsulları arasında süd və süd məhsulları, buğda və un məhsulları üstünlük təşkil edir. Bu da heç kimə sirr deyil ki, hətta Azərbaycanda istehsal olunan ərzaq məhsulları üçün xammal xaricdən gətirilir. Buna səbəb isə Azərbaycanda azad sahibkarlıq mühitinin olmamasıdır. Azad sahibkarlığın inkişafına mane olan digər səbəblər isə məmur özbaşınalığı və inhisarçılıqdır. Ölkəmizdə əlində azacıq bir səlahiyyəti olan hər bir məmur, bir sahəni öz inhisarına alaraq, oraya kiminsə daxil olmasına imkan vermir. Bu da, həmin sahədə rəqabətsiz bir mühit yaradır ki, məmur-sahibkar bundan yararlanaraq özünün istehsal etdiyi keyfiyyətsiz məhsulu istehlakçılara baha qiymətə sırımaq imkanı əldə edir.
Digər bir qrup məmurlar min hektarlarla əkinəyararlı torpaqları zəbt edərək, onu örüş yerinə çevirib, yaxud da, ümumiyyətlə istifadəsiz qoyaraq, sahibkarların fəaliyyətinə maneələr yaradır.
Bu cabəbdən də bir cox sahibkarlar ya ölkəni tərk edib, xaricə üz tutur, yaxud da həmin məmur-sahibkar üçün çalışaraq qazandığının böyük hissəsini ona vermək məcburiyyətində qalır. Necə deyərlər:»kim qazana, kim yeyə». Məhz bu səbəblərdən də, hətta ölkəmizdə istehsal olunan məhsullar belə, bazara baha qiymətə çıxarılır.
Burada bir məqama da diqqət edək ki, xaricdə bahalaşma dövlət tərəfindən müəyyən qədər kompensasiya olunsa da, Azərbaycanda belə bir təcrübə yoxdur. Ən yaxşı halda, illik infilyasiyanı cüzi göstərməklə, pensiya və müavinatlara qəpik-quruş əlavə etməklə, işlərini bitmiş hesab edirlər.
Məndə olan məlumatlara görə, Azərbaycanda elə müəssislər var ki, son 3-4 ildə işçilərin maaşlarını 1 manat belə, artırmayıblar. Bunu da belə əsaslandırırlar ki, «ölkəmizdə minimum maaş 250 manatdır, biz isə sizə ondan artıq maaş veririk (300-350 manat), kimi qane etmirsə, qapımız açqdır, çıxıb gedə bilər». Həmin sahibkar-məmurlar, deputatlar sonra da çıxıb yüksək tribunalardan bəyan edirlər ki, bazar iqtisadiyyatı belə gəldi, azad sahibkarlıq belə getdi, xalqın rifahı gündən-günə yüksəlir və s. və i. Olmayan şeydən danışmağa nə var ki, kim axtarıb varaşdıracaq harada nə var, nə yox. Ən əsası məmurlarımızın güzəranı xoş olsun. Sabir əfəndimiz ( Mirzə Ələkbər Sabir) demişkən:
-Millət necə tarac olur olsun, nə işim var,
Düşmənlərə möhtac olur olsun, nə işim var!
Bu qədər millət, özünüzü məmur və deputatlardan qoruyun!
Yusif Seyid