İran hakimiyyəti istədiyini əldə etdimi?

İran hakimiyyəti istədiyini əldə etdimi?
 

Siracəddin Hacı yazır:

II yazı

Birinci yazımda İran hakimiyyətinin Azərbaycan siyasətinin səkkiz əsas ölçüsünü açıqladım. Bu yazımda isə İran hakimiyyətinin ciddi yanlış addımlar atmasına yol açan qorxunun səbəblərini izah etməyə çalışacağam:

Birincisi, Azərbaycan Qarabağı zalımdan və zülmdən azad etmə hərəkatı nəticəsində torpaqlarının önəmli hissəsini işğaldan qurtardı, ərazisində suveren hüquqları bərpa olundu, söz sahibinə çevrildi, gücləndi, siyasi, iqtisadi, hərbi inkişafın yolu açıldı, nəticədə, İran hakimiyyətinin zəif Azərbaycan anlayışı əsasında hazırladığı siyasət çökdü. İran hakimiyyəti Azərbaycan güclənərsə, bizim üçün ciddi sıxıntılar ortaya çıxacaq anlayışını qəbul etdi, qorxdu, nəticədə, azğınlaşdı, təhdid siyasətinə keçdi, yeni gerçəklikləri doğru oxuya bilmədi, nəticələrinin ortadan qaldırılması çox çətin olacaq tarixi yanlış addımlar atdı, özünü Azərbaycandan asılı vəziyyətə saldı.

İkincisi, Azərbaycan ordusu 132 km olan Azərbaycan-İran sərhədinə nəzarəti təmin etdi, İranın Qarabağ erməniləri və Ermənistanla əlaqələri sıxıntıya girdi, İran hakimiyyətinin Ermənistana və Qarabağ ermənilərinə yardımını gizləmək imkansızlaşdı, onun Azərbaycanı zəiflətmək üçün Ermənistana və Qarabağ ermənilərinə yardım siyasəti ifşa olundu.

Üçüncüsü, Azərbaycan hakimiyyəti ilk dəfə açıq biçimdə İran hakimiyyətinin ermənilərə yardımını faktlarla göstərdi, onların siyasətini ifşa etdi.

Dördüncüsü, Azərbaycan hakimiyyəti suveren hüquqlarını tətbiq edərək İranın Qarabağa yük daşıyan maşınlarına nəzarəti həyata keçirtdi, təkəbbürlü İran hakimiyyəti bunu qəbul edə bilmədi.

Beşincisi, İran hakimiyyətinin illərlə ermənilərlə əlaqə nəticəsində milyonlarla pul qazandığı narkotik ticarətinə ağır zərbə vuruldu, ciddi iqtisadi böhran içində olan İranın haram qazanc yollarından biri bağlandı.

Altıncısı, Azərbaycanı Naxçıvan və Türkiyə ilə, Türkiyəni Azərbaycan və Türkistanla birləşdirən Zəngəzur yolunun açılması imkanının ortaya çıxması İran hakimiyyətini qorxuya saldı. Belə ki bu addım Azərbaycanın və Türkiyənin güclənməsinə yol açacaq, İranın Qafqazda siyasi, strateji, iqtisadi sıxıntılarının ortaya çıxmasına səbəb olacaq.

Yeddincisi, Türkiyə savaş dönəmində ağıllı siyasət nəticəsində önəmli ölçüdə Qafqaza yerləşdi, İranın yanlış siyasəti onun Qafqazda mövqelərinin zəifləməsinə yol açdı.

Səkkizincisi, Azərbaycanın siyasi və hərbi baxımdan güclənməsi onun İranın daxili və xarici siyasətinə təsir imkanlarını artırdı.

Doqquzuncusu, İranın strateji müttəfiqi olan Ermənistanla sıxıntıları ortaya çıxdı. Belə ki Paşinyan hökuməti Azərbaycan və Türkiyə ilə əlaqə siyasətinə keçdi, Ermənistanın bu siyasəti gerçəkləşsə (gerçəkləşəcək), İranın Qafqaza siyasi, iqtisadi, strateji təsir imkanları ciddi biçimdə azalacaq, Ermənistan onun nəzarətindən çıxacaq.

Onuncusu, Azərbaycan-Türkiyə-Pakistan ordularının birgə hərbi təlimləri İranın nüfuzuna ciddi zərbə vurdu, İran hakimiyyəti Qafqaz uğrunda mübarizədən kənarlaşmaqda olduğunu açıq biçimdə hiss etdi.

On birincisi, İranın ənənəvi müttəfiqi olan Rusiya ilə bu dönəmdə Qafqaz məsələsi ilə bağlı mənafe ayrılığı ortaya çıxdı. İran Rusiyadan istədiyini ala bilmədi, Rusiya İran hakimiyyətinin Qafqaz İranın da təsir məkanında olmalıdır, Türkiyə ilə deyil, İranla əməkdaşlıq et siyasətinə qırmızı işıq yandırdı.

Ardı var...

Paralel.az

 

0.032747030258179