Azərbaycanda tolerantlığın möhkəm və
zəngin ənənələri, dərin tarixi keçmişi var

Azərbaycanda tolerantlığın möhkəm vəzəngin ənənələri, dərin tarixi keçmişi var
 

Ölkəmizdə dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin
dialoqu, tolerantlıq ənənələri olduqca yüksək səviyyədədir

 

Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, İslam və qeyri-islam dini icmaları öz etiqadlarını azad və sərbəst şəkildə yerinə yetirirlər. Ölkəmizdə dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün etnik-dini təbəqələrin mili-mənəvi dəyərlərinə sahib olması üçün hərtərəfli hüquqi və demokratik şərait təmin edilb.

Müxtəlif etnoslardan, etnik qruplardan ibarət ölkə əhalisi ağır işğalçılıq müharibələrinə, məhrumiyyətlərə, təzyiqlərə, mürtəce təbliğatlara baxmayaraq, bütün dövrlərdə birliyini qoruyub saxlaya bilib. Çoxsaylı səbəblər sırasında ölkənin əsas əhalisi olan və böyük əksəriyyəti təşkil edən Azərbaycan türklərinin mentalitetindəki tolerantlığı xüsusi qeyd etmək lazımdır. Ən qədim zamanlardan bu günə qədər Azərbaycan türkləri insanların irqi, dini, milli və s. fərqlərinə diqqət yetiriblər, lakin heç vaxt Adəm-Həvva davamçılarını bu əlamətlərinə görə qiymətləndirməyiblər. Onlar bütün xalqlarda və etnik fərdlərdə mənəvi-əxlaqi meyarları əsas götürüblər.

Azərbaycanda tolerantlığın möhkəm və zəngin ənənələri, dərin tarixi keçmişi var. Azərbaycan xalqı bölgədə yaşayan insanlar arasında sülh və əmin-amanlıq şəraitinin yaradılmasına həmişə böyük diqqət göstərib, başqa konfessiyaların nümayəndələri ilə dinc yanaşı yaşamaq azərbaycanlıların milli mentalitetinin əsas xüsusiyyətlərindən birinə çevrilib.

Bəşər sivilizasiyasının gələcəyi üçün müxtəlif mədəniyyətlərin qorunması dinlər və mədəniyyətlər arasında dialoqun yaranması böyük əhəmiyyət daşıyır. Bu baxımdan tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkə və regionların təcrübəsi nümunə ola bilər. Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc və mehriban yaşamasının unikal nümunəsidir. Ölkəmizdə tolerantlıq ənənələrinin kökləri tarixin dərinliklərinə gedib çıxır: Babil hökmdarı II Novuxodonosurun (e. ə. 586 il) Yerusəlimi zəbt etməsi nəticəsində talan olmuş İudeya çarlığından qaçan yəhudi köçkünləri Azərbaycan torpağında özlərinə sığınacaq tapıblar. Tarixi mənbələrə əsasən, o vaxtlar Babildə 40 minə qədər əsir olub.

Allahın yaratdığı ən böyük dəyər insan həyatıdırsa, onun xilası müxtəlif millət və dinlərə mənsub insanların qarşılıqlı anlaşma və ehtiramından, müxtəlif mədəniyyətlərin dialoqundan keçir. Biz bu məqamı hətta xalqımızın ağır problemi olan Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə də unutmur, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında ədalətli sülh yolu ilə həllində israr edirik.

Azərbaycanda dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri olduqca yüksək səviyyədədir. Azərbaycan iqtisadi, siyasi, diplomatik sahədə uğurları ilə yanaşı, nümunəvi dini-mənəvi həyatı ilə də dünyanın diqqət mərkəzindədir. Azərbaycanın Dövlət başçısı cənab İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində Qafqazın lider dövlətinə çevrilib. Buna görə də dinlərarası dostluq, qardaşlıq və əməkdaşlıq Azərbaycanın gerçək reallığına çevrilib. Bu da məlumdur ki, ölkəmizin bu sahədə dünyaya örnək ola biləcək uğurlarını Azərbaycanda din-dövlət münasibələrinin düzgün qurulması şərtləndirir. Ölkəmizdə tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik insanlar özlərini cəmiyyətimizin ayrılmaz tərkib hissəsi sayır, dövlətin diqqətini, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Müxtəlif dinlərin təmsilçiləri hər zaman bir arada olur, sevinclərini, kədərlərini bölüşür, müxtəlif məzhəblərin ardıcılları eyni məsciddə ibadət edirlər. Azərbaycanda din xadimlərinə, dini ibadət yerlərinə dövlətimizin başçısı tərəfindən yüksək diqqət və qayğı göstərilir.

Bunun nəticəsidir ki, bu gün Azərbaycan dünyanın tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilib. Tarixən müxtəlif dinlərin dinc və azad şəklidə yaşayıb formalaşdığı ölkəmizdə sistemli və harmonik din siyasəti həyata keçirilir. Belə harmoniyaya nail olmağımız Azərbaycanın beynəlxalq nüfuzunu artırır, onun dünyada mövqeyini gücləndirir.

Son illər ölkəmizdə beynəlxalq humanitar forumların, dünya dini liderlərinin sammitlərinin keçirilməsi, Beynəlxalq Tolerantlıq Gününün ayrı-ayrı konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd olunması, bəşəriyyəti narahat edən qlobal problemlər ətrafında birgə müzakirələrin aparılması, Azərbaycanın tolerant ölkə olmasının bariz nümunəsidir. İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi də, burada dinlər və təriqətlər arasında mövcud durumun yüksək səviyyədə olduğunu göstərən əsas amillərdən biridir.

Dövlətimizin başçısı İlham Əliyev bu tədbirin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirərək bildirib: "Bu Oyunlar təkcə idman yarışı olmayacaq, eyni zamanda, birliyimizin, müsəlman aləmində gənc nəsillərin həmrəyliyi günləri olacaq. Biz qardaşlıq ənənələrimizi gənc nəsillərə ötürməliyik. Müsəlman aləminin gənc nəsilləri milli, ənənəvi dəyərlərimizə əsaslanaraq tərbiyələndirilməlidirlər". Daha sonra prezident qeyd edib ki, müsəlman aləminin mədəniyyətini nümayiş etdirmək, İslamı sülh, qardaşlıq və tolerantlıq dini kimi təqdim etmək məqsədilə Azərbaycan dünyanın müxtəlif yerlərində bir çox konfranslar, sərgilər və digər mədəni tədbirlər təşkil edir. Çünki bu gün dünyada islam dünyasının birliyini və həmrəyliyini istəməyən quvvələr də yetərincədir. Onlar İslamı dünyaya təhlükə kimi təqdim etməklə müxtəlif fəsadlar törədir, hətta günahsız insanların qırılmasından belə çəkinmirlər. Məsələn, ərəb ölkələrində baş verən son olaylar, Myanmada müsəlmanlara qarşı törədilən soyqırımı kimi hadisələr bunu deməyə əsas verir. Bütün bu pisliklərə imkan verməmək üçün daha çox çalışmaq, səyləri birləşdirmək lazımdır. Dəyərlərimizi təşviq etmək keçmişimizi, bu günümüzü və gələcəklə bağlı planlarımızı dünyaya düzgün çatdırmaq üçün daha fəal olmalıyıq.

Bu baxımdan qeyd etmək olar ki, ölkəmizdə dövlət-din münasibətləri zəngin milli tarixi ənənəyə əsaslanır və beynəlxalq hüquq normaları ilə tənzimlənir. Azərbaycan sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq zəruri təşəbbüs və çağırışlarla çıxış edir, bu təşəbbüslərin həyata keçirilməsi üçün lazım olan bütün işləri görür.

Prezident İlham Əliyev Azərbaycanın əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olduğunu vurğulayaraq, bildirib ki, ölkəmiz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüdür. Dini dözümlülük və multikulturalizm ölkəmizdə hər zaman mövcud olub. Multikulturalizm sözünün mövcud olmadığı bir zamanda belə, həmin ideyalar ölkəmizdə daim qorunub, inkişaf etdirilib. Bunun nəticəsidir ki, bu gün Azərbaycan bütün dünyada çoxmillətli və çoxkonfessiyalı ölkə kimi tanınır. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir. Azərbaycan dövləti ölkəmizdə mövcud olan siyasi və sosial vəziyyətə baxmayaraq, bu sərvəti qoruyub saxlayır, inkişaf etdirir. Ölkəmiz 25 ildir ki, müstəqil dövlətdir. Lakin Azərbaycan çox qədim dövlətdir, dərin tarixi və mədəni köklərə malikdir. Azərbaycan üçün multikulturalizm dövlət siyasətidir. Hər iki ildən bir Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumunun təşkil edilməsi, paytaxtımızın mütəmadi olaraq Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi etməsi də, bu siyasətin ardıcıllığını ortaya qoyur. Burada əsas məqsəd müxtəlif dinlərin nümayəndələrinin bir araya gətirilməsindən, aramızda daha mühüm qarşılıqlı anlaşmanın yaradılmasından ibarətdir.

Azərbaycan həm də dinlərarası dialoq kimi vacib məsələyə həsr edilmiş Dünya Dini Liderlərinin zirvə toplantısına da ev sahibliyi edib. Bu mövzu bu gün dünyanın gündəliyində duran ən mühüm məsələlərdən biridir. Ancaq çox təəssüflər olsun ki, biz, eyni zamanda, regionumuzda, Avropada, Yaxın Şərqdə, keçmiş Sovet İttifaqı ərazisində böyük narahatlıq doğuran meyillərin şahidi oluruq. Etnik və ya dini zəmində baş verən qarşıdurma və toqquşmalar çox təhlükəli meyillərdir və buna qarşı birgə mübarizə aparmaq lazımdır.

Qafqazda sabitliyin və sülhün ən böyük təhdidçisi, heç şübhəsiz ki, Azərbaycanın 20 faiz torpağını işğal altında saxlayan, bir milyondan çox insanı qaçqın və məcburi köçkün vəziyyətinə salan Ermənistan dövlətidir. 

Bütün bu problemlərin həlli də, danışıqlardan, müzakirələrdən və əlbətdə ki, beynalxalq qınaqdan, eyni zamanda təbliğatdan keçir. Buna görə də Azərbaycanda tolerantlıq və multikulturalizmlə bağlı məlumat vermək, etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların sülh şəraitində yaşamalarının vacibliyi daha geniş şəkildə təbliğ olunur.

Azərbaycanda multikulturalizm siyasətinin əsaslarını qoyan ümummilli lider Heydər Əliyev deyirdi: "Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir".

  

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.12356305122375