Valideyinsiz şəhidləri bacı-qardaşları şəhidin varisləri kimi tanınsın!
Paralel.az xəbər verir ki, Facebook istifadəçisi Elyar İsmayıloğlu öz hesabında aktual bir məsələyə toxunub. İstifadəçi ata-anası olmayan şəhidlərə görə verilən 500 manat vəsait şəhidin bacı və qardaşlarına verilsin.
Elyar İsmayıloğlu yazır: "Dostluğumdakı dəyərli millət vəkilləri Aqil Abbas, Adil Əliyev, Fazil Mustafa, Cəbi Quliyev, Ülviyyə Həmzəyeva, Qənirə Paşayeva və digərlərindən Milli Məclisdə bir məsələnin müzakirəyə çıxarılmasına kömək etmələrini rica edirəm.
Çox az sayda şəhidlər var ki, onların ata və anası vəfat edib. Həmin şəhidlərin geridə qalan bacı və qardaşlarına mənzil, şəhid pulu (500 AEN), müxtəlif güzəştlər verilmir.
Ata-anasız şəhidlərin bacı-qardaşları bu məsələdən çox narazıdır. Məncə çox az sayda olan həmin şəhidlərin əmanəti olan bacı-qardaşına şəhid pulu kimi ayrılan 500 manatı verməklə büdcəmizdə pul azalmaz.
Şəhid Toğrul Məmmədov, Şəhid Rəşad Cəfərov, Şəhid Nurlan Nuruzadə və digər valideynləri olmayan şəhidlərimizin bacı-qardaşlarını onların varisi təyin etmək, güzəştlərdən yararlanmalarına kömək etmək lazımdır. Bu məsələnin Milli Məclisdə müzakirəyə çıxarılmasına dəstək istəyirəm.
Əgər ata-ana himayəsindən məhrum şəhidlərin geridə qalan bacı-qardaşına şəhidlər üçün nəzərdə tutulan güzəştlər təmin edilməyəcəksə, onda qərar qəbul edilsin, bundan sonra ata-anasız oğlanları nə əsgərliyə, nə də müharibəyə aparmasınlar".
Düşündürücü, məntiqli və aktual məsələ olduğu üçün bir mətbu orqan olaraq bu postu media platformasına çıxarmağı vacib hesab etdik. Hazırda valideynlərdən məhrum olan az sayda da olsa xeyli şəhid bacı-qardaşı var. Onların da qayğısına qalmaq dövlətin borcu hesab edilməlidir.
Akif Nəsirli