İran hakimiyyəti istədiyini əldə etdimi?
I YAZI
Siracəddin Hacı yazır:
1) İran hakimiyyəti niyə narahat oldu?
Bu sualın cavabı İran hakimiyyətinin Azərbaycanla bağlı siyasətinin əsaslarını bilməklə bağlıdır. Hakimiyyətin nəzarətində olan jurnalların, qəzetlərin, TV-lərin (İranda hakimiyyətin nəzarətində olmayan mətbuatın varlığı imkansızdır, ölkədə söz, fikir azadlığı yoxdur, təbii ki, azadlıq olmayan yerdə gerçək islam da yoxdur), rəsmi sənədlərin, o sıradan tətbiq olunan siyasətin arxa planının təhlili açıq göstərir ki, hakimiyyət İranın mənafelərinə təhlükə saydığı dövlətlər sırasında “sarı xətəri” - Türkiyəni (türklər sarışın olduqlarından onlara “sarı xətər” deyirlər, “sarı” sözünə başqa anlamlar da yükləyirlər) və Azərbaycanı ilk sıraya yazmış, Ermənistanı isə strateji müttəfiq sırasına yerləşdirmişdir. Yeri gəlmişkən, Ermənistan hökuməti xarici siyasət proqramını parlamentə təqdim etdi, o sənəddə açıqca yazılır ki, İran Ermənistanın əsas müttəfiqlərindən biridir. İran hakimiyyəti üçün Ermənistan Türkiyə və Azərbaycana qarşı istifadə olunan silahdır. Rusiya üçün Ermənistan və Qarabağ erməniləri Türkiyə və Azərbaycana qarşı hansı vəzifəni yerinə yetirirlərsə, İran hakimiyyəti üçün də eyni işi görürlər.
İRAN HAKİMİYYƏTİNİN AZƏRBAYCAN SİYASƏTİNİN ƏSASLARI BUNLARDIR:
BİRİNCİSİ, İran hakimiyyəti (şüurlu olaraq İran deyil, İran hakimiyyəti deyirəm, İrana qarşı deyiləm, din pərdəsinə bürünmüş fars şovinizminə, 40 ildə xalqına zülmdən başqa bir şey verməyən, zalım Ermənistana hər cür yardım göstərən rejimə qarşıyam, İrana azadlıq, ədalət, rifah arzulayıram) Azərbaycanın müstəqil və suveren varlığını qəbul etmir (formal olaraq qəbul etsə də) onu İranın bir parçası sayır, siyasətini, təbliğatını Azərbaycan İranın tarixi ərazisidir üzərində qurub. Bunun əsas səbəbi odur ki, İran hakimiyyəti müstəqil Azərbaycanın varlığını təhlükə hesab edir. Onun Azərbaycanı İrana bağlamaq üçün istifadə etdiyi əsas vasitə də siyasətinə, dövlət mənafeyinə xidmət edən, içinə hər cür xurafə qarışmış, məzhəbçi din anlayışıdır. İran hakimiyyəti üçün xurafə ixrac etmək dövlət siyasətidir, hədəfli işdir, belə ki xurafə ağlı öldürür, insanı sürüləşdirir, ağılı ölən insanın İran hakimiyyətinin din pərdəli siyasətini anlamaq imkanı olmur, nəticədə, iradəsini ona təslim edir. Xurafənin, o sıradan siyasi hədəfli dini xurafələrin necə qorxulu bəla olduğunu göstərmək üçün bir örnək verim: adam Azərbaycan vətəndaşıdır, bu ölkənin çörəyini yeyir, suyunu içir, babasının, nənəsinin qəbri buradadır, İran hakimiyyətinin Ermənistana hər cür yardım etdiyini faktlarla bilir, görür, buna etiraz da edə bilmir, ancaq yenə də Azərbaycana zülm etmiş Ermənistana yardım göstərən İran hakimiyyətinin tərəfini tutur, Azərbaycanı şillə ilə, qulaqburması ilə hədələyən İranın dini liderini təqlid edərək namaz qılır. Bunun adı köləlikdir. Kölələr onları kölə edənlərə aşiq olarlar.
İKİNCİSİ, İran hakimiyyəti deyir ki, Azərbaycan mənim olmursa, bu, mümkün deyilsə, o halda, müstəqil də olmasın. Bəs necə olsun? Azərbaycan Rusiyanın tərkibində qalsın, yəni müstəqilliyini itirsin, bu yolla da İrana yönəlmiş təhlükə ortadan qalxsın.
ÜÇÜNCÜSÜ, İran hakimiyyəti deyir ki, Azərbaycanın Rusiyanın tərkibində (onun köləsi) olması mümkün deyilsə, o halda, heç olmasa, Rusiyanın təsir məkanında qalsın. Belə ki Rusiyanın təsir məkanındakı Azərbaycan zəifdir, onun azad, ədalətli, zəngin ölkə olmaq imkanı yoxdur. Belə olsa, Azərbaycanın İrana təsir – təhlükə olmaq imkanı da sıradan çıxar.
DÖRDÜNCÜSÜ, İranın Azərbaycanla bağlı xarici siyasəti deyir ki, Azərbaycan müstəqil dövlət olacaqsa, o halda, zəif dövlət olsun, ona güclənmək imkanı verilməsin. O, bu məqsədlə Ermənistan və Qarabağ ermənilərindən istifadə etdi, edir, edəcək. Otuz illik işğal dönəmində İran hakimiyyəti Azərbaycana qarşı açıq biçimdə aqressiv münasibət bildirmədi, ənənəvi hiylə siyasətinə uyğun olaraq altdan-altdan iş gördü, belə ki torpaqları işğal altında olan Azərbaycan zəif Azərbaycan idi, onun İrana təsir imkanı çox az idi. Elə ki Azərbaycan torpaqlarının önəmli hissəsini işğaldan azad etdi, Azərbaycanın ayağına Rusiyanın, Ermənistanın, İranın vurduğu buxovlar açıldı, Azərbaycan güclənməyə başladı, İran çox narahat oldu, bu gedişin onun xeyrinə olmadığını gördü, Güney Qafqazdakı təsirini itirmək təhlükəsi ilə üzləşdi. İran hakimiyyəti bilir ki, bu bölgənin açar dövləti Azərbaycandır, Ermənistan və Gürcüstan vasitədir. Kim Azərbaycana hakim olsa, Güney Qafqaza da hakim olacaq, kim Azərbaycanı itirsə, Güney Qafqazı da itirəcək. Bu gerçəkliyi Rusiya da, Türkiyə də, İran da, Avropa da, Amerika da bilir. Elə buna görə də gələcək mübarizə Azərbaycana hakimlik uğrunda olacaq. İran hakimiyyətinin ağılsız siyasəti nəticəsində bu mübarizədə onun əli çox zəiflədi, belə ki Azərbaycan işğal tələsindən çıxmış, Ermənistan, Qarabağ erməniləri vasitəsilə Azərbaycana təsir imkanları azalmış, Azərbaycan xalqı (çoxluq) İranın gerçək simasını görmüşdür.
BEŞİNCİSİ, İran hakimiyyəti Türkiyənin Güney Qafqaza, o sıradan Azərbaycana yerləşməsini istəmir. Belə ki bu Azərbaycanı gücləndirir. Güclü Azərbaycanın varlığı İran hakimiyyətinin mənafeyinə uyğun deyil. Türkiyə Azərbaycanın Qarabağı zalımdan və zülmdən azad etmə hərəkatı zamanı çox doğru siyasət müəyyənləşdirdi, Azərbaycan üçün əlindən gələn hər şeyi etdi, nəticədə, həm Azərbaycan xalqının sevgisini qazandı, həm də önəmli ölçüdə Qafqaza yerləşdi.
ALTINCISI, İran hakimiyyətinin Azərbaycanla bağlı siyasətinin əsaslarından biri də budur ki, o, Avropanın, Amerikanın Azərbaycanda mövqeyinin güclənməsini istəmir. Belə ki bu fakt da Azərbaycanın güclənməsinə təsir göstərir, onun müstəqil və suveren dövlət kimi yaşamaq imkanını artırır, İrana təsir imkanını çoxaldır.
YEDDİNCİSİ, İran hakimiyyəti Azərbaycanın azad, ədalətli, milli birliyə bağlı dövlət olmasını istəmir. Belə ki bu dəyərlər Azərbaycanı gücləndirir, onu Rusiya və İranın təsirindən qoruyur. Onlara görə ən yaxşısı Azərbaycanda zülmün olmasıdır. Belə ki ölkəni, insanları zəiflədən ən təsirli vasitə zülmdür. İran hakimiyyəti Azərbaycanı içəridən zəiflətmək, parçalamaq üçün var gücü ilə məzhəbçiliyi təbliğ edir.
SƏKKİZİNCİSİ, İran hakimiyyəti Azərbaycanda Qurani-Kərimə bağlı din anlayışının hakim olmasını istəmir. Belə ki onun siyasəti, din anlayışı xurafələr üzərində qurulmuşdur. Qurani-Kərim isə xurafələrə qarşıdır, onları sıradan çıxaran ilahi nemətdir, heç bir xurafənin Qurani-Kərimin dəyərləri qarşısında durmaq imkanı yoxdur. O, tövhidi, ədaləti, elmi, mərhəməti təbliğ edir, buyurur ki, insan azadlığının əsası tövhiddir, xurafə kölələşdirir, tövhid azad edir. Azad insan güclü insandır, o, dostunu və düşmənini tanıyır, mənafelərini bilir, azad insanların yaşadığı Azərbaycan güclü Azərbaycandır. İran hakimiyyətinin azad, ədalətli, elmli, mərhəmətli, zəngin, Qurani-Kərimin dəyərlərinə bağlı insanların yaşadığı Azərbaycanı yemək imkanı yoxdur.
Ardı var...
Paralel.az