44 günlük Zəfər yolunun 27-ci gününün xronikası - VİDEO

44 günlük Zəfər yolunun 27-ci gününün xronikası - VİDEO
 

 

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Vətən müharibəsinin 27-ci gününün xronikasını təqdim edirik:

- Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad edib. Bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində məlumat verib.

- Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri işğaldan azad olunub.

- Prezident İlham Əliyev Milli Qəhrəman, Qubadlının azadlığı uğrunda şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışıb.

- Müdafiə Nazirliyinin məlumatına əsasən, Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vurulub, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, mühüm ərazi və yüksəkliklər azad edilib. Bütün cəbhəboyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub. Düşmən qoşunlarının idarə edilməsi praktiki olaraq itirilib. Ermənistanın Tavuş və Sisian rayonundan Dağlıq Qarabağa gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən imtina edir, fərarilik edərək mövqeləri tərk edirlər.

- Ermənistan silahlı qüvvələrinə məxsus iki pilotsuz uçuş aparatı (PUA) zərəsizləşdirilib, digər iki PUA isə xüsusi texniki vasitələrlə yerə endirilib. Ağcabədi rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən bir taktiki pilotsuz uçuş aparatı məhv edilib.

- Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 23-ü saat 12:00-dək 63 mülki şəxs həlak olub, 298 nəfər xəsarət alıb, 2156 ev, 90 çoxmənzilli yaşayış binası və 398 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

- Müdafiə Nazirliyi Ermənistan ordusunun qüvvə və vasitələrinin darmadağın olunmasının, həmçinin yerdəyişmə etməyə hazırlaşan düşmənin canlı qüvvəsi və zirehli texnikasının məhv edilməsinin videogörüntülərini paylaşıb.

- Müdafiə Nazirliyi cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin könüllülərdən ibarət dəstələrinin və döyüş texnikalarının, artilleriya bölmələrinin və komanda məntəqəsinin məhv edilməsi ilə bağlı videogörüntülər yayıb.

0.029524087905884