"İçindəki türkçülük tonqalını ərşə qaldıran Nargində canlı şahidi olduqlarıdır"

 

(Əməkdar jurnalist Yunis Orucovun "Nargin – saralmış kədər” tarixi romanı barədə düşüncələr)
Az qala o biri dünya ilə məni bağırbadaş edən koronavirusun məşəqqətlərindən bir neçə gün olardı qurtulmuşdum ki, mənimlə təxminən eyni vaxtda həmin taleyi yaşayan iş yoldaşım Yunis Orucov yenicə işıq üzü görən və xəstələndiyi üçün hələ sevincini dolğun yaşaya bilmədiyi ilk kitabını bəndənizə də hədiyyə etdi. Mən onu publisistik əsər sandım. Kitabın üz qabığına diqqət yetirərkən bunun roman olduğunu öyrəndim. Əsərin mayasının Azərbaycan və Türkiyə türklərinin mənəvi birliyindən yoğrulduğunu biləndə isə kitabı birnəfəsə oxudum. Koronavirusun məni yarımcan eləməsinə baxmayaraq bütün mahiyyəti türklükdən yoğrulmuş biri kimi kitaba rəyimi bildirməyi mənəvi borcum sandım.

Qarabağ Zəfəri həm türkün qüdrətinin güzgüsü, həm də Azərbaycan və Türkiyə türklərinə növbəti həyat dərsidir. Onlara eyni soykökdən olduqlarını diktə edən daha bir danılmaz reallıqdır. Yunis Orucov bu baxımdan həmin birliyə imkan düşdükcə bir qətrə də olsa belə payını verməyi mənəvi borcu bilən, yəni bu ali mətləbi qanı və canı, bütün varlığı ilə qanan kəslərdəndir.

Əsərin məqamında və lazımi səviyyədə araya-ərsəyə gətirlməsində Yunis Orucovun Nargində canlı "yaşadıqları”nın mühüm payı var. O, məhz Nargində bulud təkin dolaraq ədəbiyyat səltənətinə yön alıb. İçindəki türkçülük tonqalını ərşə bülənd edən təkcə oxuduqları deyil, ilk növbədə Nargində canlı şahidi olduqlarıdır. O, vaxtilə vəhşətin tüğyan etdiyi bu ruhlar adasında əlinə aldığı Vətən nisgilli türk əsirlərinin sümüklərindən, kortəbii qəbirstanlıqlardan, vahiməli qayalıqların hayqırtısından qaynaqlanan tarixi qədərincə duyaraq sözə çevirib, əsərinin canına hopdurub. İnsanlıq adına haram sayılan müsibətlərə şahidlik edən Xəzər dənizinin Narginin(indiki Böyük Zirə adası) sahillərinə çırpılan, qəzəbi hələ də soyumayan dalğaları, əsrlərdir burada yaşananların ağrı-acısını canına çəkən buludlardan yuvarlanan göz yaşları da Yunisə çox mətləblər haqqında pıçıldayıb, o cümlədən türklərə qarşı olmazın cəlladlıqlar edən ermənilərin saya gəlməyən bəd niyyətləri barədə.

Romanda Sarıqamışda ayağından yaralanaraq əsir düşən Gəncə doğumlu Sərdarın, türk hərbi əsirlərinin, mülki şəxslərin acınacaqlı taleyi çılpaqlığı ilə ortalığa qoyulub, onlara qarşı törədilən qeyri-insani əməllər kompleks şəkildə təqdim edilib. Əsirlərin bərbad vəziyyətdəki baraklarda saxlanılmaları, ac-yalavac, bir qurtum suya möhtac olmaları, əllərinə keçən sümükləri belə aclıqdan gəmirmək məcburiyyətində qalmaları, cəsədlərinin kimsəsiz çöllərə və ya dənizə atılması, kütləvi məzarlıqlarda və ya Narginin sahilində qazılan quyularda üst-üstə qalanaraq gömülmələri, rusların qəsdən nəzarətçilərin əksəriyyətini ermənilərdən təyin etmələri, yaralıların müalicəsinin də erməni cəlladlarına həvalə edilməsi və bu səpgili digər faktlara biganə qalmaq mümkün deyil. Əsər vaxtilə makedoniyalı İsgəndərə quyruq bulayan, öz vətənləri Hindistana arxa çevirərək Türkiyə və Azərbaycanın yerləşdikləri ərazilərə də göz dikən qaraçı kökənli fürsətcil ermənilərin əsl xislətinin dolğun təsviri baxımdan da olduqca dəyərlidir. Romanda yeri gəldikcə hayların Azərbaycan və Türkiyədə törətdikləri insanlıq adına yamaq olan vəhşiliklərə, o cümlədən, Bakı, Anadolu, İrəvan, Tiflis və digər qırğınlara da qədərincə yer verilib.

Əsər türk təfəkkürünün məhsuludur. Elə türk təxəyyülündə də kifayət qədər dolğun həzm olunub. Romanın bədii-estetik dəyəri günümüzlə tam səsləşir və indiki tükənməz Zəfər ruhuna əlavə notlar qatır. Ruhu, qanı bizlərdən olanların bu əsərə biganə qalması mümkün deyil. Romanın süjet xətti demək olar ki, kəsərdən düşmür, əksər hallarda oxucunu yerindən oynadır və hətta bəzən türk igidi kimi şahə qaldırır. Obrazların xarakterləri canlı və bitkindir, emosional ruh dolğundur. Əsər boyunca surətlərin düşüncələri, hissləri və duyğuları xırdalıqlarına qədər əksini tapıb. Fərdi üslub qabarıqdır. Obrazlı düşüncə yetərincədir. Nəqletmənin cilovunu müəllif məharətlə əldə saxlayıb. Əsərdə incə psixologizm bəs deyincədir.

Publisistikanın da kifayət qədər yer aldığı bu roman dərin oxucunun, xüsusilə qələm əhlinin yaddaşında ədəbiyyata jurnalistikadan adlayan neçə-neçə yazıçının ədəbiyyat səltənətinin nəhənglərinə çevrildiyi reallığını canlandırır. Romanda dilimizin şəhdi-şirəsi olan, təəssüf ki indi az işlənən xeyli sözdən yeri gəldikcə istifadə edilməsi də diqqəti çəkir. Əsərdə küçə, bina və digər məkanların əvvəlki və indiki adlarının qoşa verilməsi də önəmlidir. Bu, ələlxüsus, yeniyetmə və gənclər üçün daha vacibdir. Əsər boyunca ruhsal qat kəsərdən düşmür. Müəllif şahidi olduğu və əldə etdiyi biliklərə əsaslanaraq obrazların daxili aləminə qədərincə nüfuz edə bilib. Ən əsası məğzin dərinliyi və mövzunun əlahiddəliyi əsər boyunca lazımınca diqqətdə saxlanıb. Qələm gücünə vizuallığa da nail olunub.

Müəllifin ilk bədii əsəri olmasına baxmayaraq romanın nəqletmə texnikası razılıq doğurur və dili də tutumludur.Əsər boyunca publisistika bəzən bədiiliyi sıxışdırır. Bu da təbiidir, peşəkar vərdişdən irəli gəlir. Digər tərəfdən bu əsərin müəllifin ilk ədəbi nümunəsi, nübarı olduğunu da unutmamalıyıq. Roman kiçikdən böyüyə, yoxsulundan milyonçusuna qədər hər bir Azərbaycan türkünün qəlbinin o ağır günlərdə Nargindəki müharibə qurbanlarının yanında döyündüyünü tam təfsilatı ilə oxucuya çatdırır.Dəniz kənarında hamballıq edən, ciblərində siçanlar meydan sulayan, əksər hallarda qara qəpiyə belə şıllaq atmaq məcburiyyətində qalan, külfətləri bir tikə çörəyə möhtac olan hambalların da adambaşı on qəpik ödəyərək Nargindəki türk əsirlərə yardım üçün Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin dəstəyi ilə nəşr edilən "Qardaş köməyi” dərgisini almaları səhnəsi çox təsirli və türk qardaşlığını olduğu kimi ehtiva edən məqamlardandır. Əsərdə millətimizin bütün təbəqələrindən olan soydaşlarımızın ötən əsrin əvvəllərində müharibə zamanı Bakı küçələrində dilənmək məcburiyyətində qalan Türkiyə türklərinə, ələlxüsus da qadın və cocuqlara da necə yiyə çıxmaları geniş əksini tapıb.

Roman Hacı Zeynalabdin Tağıyev, Nəriman Nərimanov, Əlimərdan bəy Topçubaşov, Murtuza Muxtarov, Ağamusa Nağıyev, Ağabala Quliyev, İsmayıl bəy Səfərəlibəyov, Sona Hacıyeva, türk yetim uşaqlara analıq qayğısını bir an da olsun əskiltməyən Tiflisdəki sığınacağın müdirəsi Fatma xanım, Şəmsi Əsədullayevin oğlu Mirzə bəy, Xəlil bəy Xasməmmədov, Xosrov bəy Sultanov və digər saya gəlməyən soydaşlarımızın iç dünyasını bizə daha yaxından tanıtdırır, onların milli-mənəvi dəyərlərə bağlılıqlarını yetərincə əhatə edir.

Şuşalı Hacı İbrahimoğlu Xəlilin obrazına da romanda xüsusi yer verilməsi təqdirəlayiqdir. Bu, əsl peşəkarlıq və yetkin vətəndaşlıq nümunəsi kimi dəyərləndirilməlidir. Qanı və ruhu türkün əzəmətindən yoğrulan həmin soydaşımızın ermənilərdən atasının qisasını almaq və Türkiyə türklərinə qahmar çıxmaq üçün bütün varlığı ilə Sarıqamışa – ölüm-dirim savaşına yollanması və son nəfəsinədək yaşadıqları diqqəti çəkir. Sarıqamışın zirvəsində qan qardaşını ölümün caynağından xilas edərək son mənzilə qovuşan bu Şuşalı balasının cibindən çıxan anasına məktubunu albay Hafiz Haqqı bəyin gözünə təpməsi səhnəsi olduqca təsirlidir. Oxucuda bir anlığa elə təsəvvür yaranır ki, Qarabağ zəfərində Türkiyənin bizə hərtərəfli dəstəyi və Qarabağın zirvəsində imzalanan Şuşa bəyannaməsinin mürəkkəbi məhz türkün birliyinin, ayrılmazlığının rəmzi olan həmin məktubdan qaynaqlanır. Bundan başqa Şuşa bəyannaməsi eləcə də "Nargin – saralmış kədər” kitabında əksini tapan 1918-ci il iyun ayının 4-də Osmanlı ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında imzalanan tarixi müqavilənin məntiqi davamı kimi dəyərləndirilməlidir.

Müəllifin əsərində soydaşlarımızın Nargindən növbəti dəfə qaçırdıqları 121 türk əsiri iki qrupa bölmələri və bu qruplardan birində əsirlərinin sayının 44 olması faktı da təsadüfi xarakter daşımır. Bununla o, 44 günlük müharibənin fəlsəfəsini Azərbaycan və Türkiyə türklərinin əsrlərin sınağından çıxmış sarsılmaz birliyinə, qardaşlığına bağlayır.

Romanın başlıqları da, onlara ayna tutan şeirlər də zövqlə və ədəbi peşəkarlıqla işlənib, Turan məzmunludur. Əsərin başlıca dəyəri bir də ondadır ki, cəmi üç ildə – 1915-1918-ci illərdə baş verənlərdən bəhs etsə də, mahiyyətcə əhatə dairəsi türkün yaranışından bu günə qədər keçdiyi yola işıq salmaq qüdrətindədir.

Romandan müəllifin bir əlçim ömrünü elmə, biliyə bağlaması, kitablar dəryasının mahir qəvvası olması, mütaliəsinin ölçüyəgəlməz miqyası boylanır. O, qanı, iliyi və sümüyü ilə türkdür. Hər bir fərdin əsl dəyərində onun milli kimliyini dərketmə səviyyəsi və milli anlamda onunla eyni soy-kökdən olanlara daim qahmar çıxma xüsusiyyəti ən vacib, ən həlledici məqamlardandır.

Əsərin müəllifi Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ötən müddətdə daha da zənginləşdirdiyi Heydər Əliyev məktəbinin əlaçılarındandır. O, uzun illərdir dövlət başçılarının, dövlət siyasətinə dəstəyini əsirgəməyən və halallıqla birinci vitse-prezident səviyyəsinə yüksələn Mehriban Əliyevanın fəaliyyətini gündəlik olaraq işıqlandıran məhdud sayda jurnalistlərdən biridir. Bunu 28 ildir həmin məktəbin incəliklərinə kifayət qədər dərindən bələd olan veteran jurnalistlərdən biri kimi təsdiqləməyi də mənəvi borcum bildim.

Hazırda çap olunan kitabların əksəriyyətində redaktə işi axsayır, bu danılmaz reallıqdır. Yunis Orucovun yeni kitabı ümumilikdə qüsursuzdur, həmin baxımdan müsbət nümunə rolunu oynaya bilər. Zənnimcə, bu uğura görə müəlliflə yanaşı kitabın redaktoru, əməkdar jurnalist Firuzə Nadirin də əməyi xüsusi qeyd olunmalıdır. Ədalət naminə, bu məqamda müəllifi ədəbiyyat aləminə kökləyən, bu dəyərli əsərin araya-ərsəyə gəlməsində ona mənəvi dəstək olan kəslərin də - Elçin Kazımov, rejissor Arzu Məhərrəmov, montaj rejissoru İlham Qaliboğlu, opertator Oqtay Qasımov, redaktor Firuzə Nadir, övladları Qurban və Leylanın(müəllif onların hamısının adlarını kitabda xüsusi qeyd edərək dərin təşəkkürünü yetirib) vətəndaşlıq mövqeyi də xüsusi vurğulanmalıdır. Kitabın nəşrində müəllifə dəstək olan Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu da xeyirxah məramına görə alqışa layiqdir.

Məncə, Yunis Orucovun məqamında qələmə aldığı bu tarixi roman el dilində cəhənnəm adası adını alan Nargində uyuyan on minlərlə türk əsirlərinin xatirəsinə abidə ucaldılmasına və memorial lövhə qoyulmasına, yaddaş muzeyinin yaradılmasına, bu qəbildən olan digər tədbirlərə də təkan verəcək.Bu əsər hələ də mürgü döyən türk kökənli digər millətlər üçün də ibrət dərsidir. İstər bayrağı başının üstə dalğalananlarına, istərsə də rusun və digərlərinin bayrağı altında kölgələnənlərinə.

Zənnimcə, Bakıda yazılmağa başlasa da, nöqtəsi - əslində nida işarələri Şuşada qoyulan bu tarixi roman təkcə yaradıcılıq deyil, ilk növbədə mayası türkçülükdən yoğrulmuş VƏTƏNDAŞLIQ nümunəsi kimi dəyərləndirilməlidir.

Azad Müzəffərli, əməkdar jurnalist, Paralel.az

0.047598838806152