Şirvanın şair oğlu
(Şair dostum Əli Vahid Çaylının anadan olmasının 65 illiyi münasibətilə)
... Dost var, çətin anda axtarar səni,
Qovar yollarından dumanı, çəni.
Səpər tarlasına buğdanı, dəni, -
Həyat zəmisində gəzməyə hazır.
Ə.V.Çaylı
Ölkəmizin Şirvan bölgəsi dünyaya çoxlu sayda tanınmış şairlər bəxş edib. Onların sırasında Fələki Şirvani, Əfzələddin Xaqani, İmaməddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd Hadi və başqalarının adlarını çəkmək olar. Ulu Şirvanın Azərbaycan xalqına bəxş etdiyi bu dahilər bizim üçün həmişə əziz olmuşdur. Müasir Azərbaycan poeziyasının tanınmış simalarından biri də Ulu Şirvanın Azərbaycanımıza bəxş etdiyi istedadlı şair, qələm dostum Əli Vahid Çaylıdır. Bu il aprelin 1-də onun 65 yaşı tamam olur.
Əli Vahid Çaylı 1 aprel 1956-cı il tarixdə Şirvan mahalının Şamaxı rayonunun Çaylı kəndində anadan olmuşdur. 1980-ci illərdən başlayaraq respublikamızın müxtəlif mətbuat orqanlarında lirik şeirləri ilə müntəzəm çap olunmaqdadır. Onu 20 ildir ki, tanıyıram. Şamaxının Çaylı kəndindən olduğu üçün özünə "Çaylı" təxəllüsünü götürmüşdür. 2008-ci ildə onun "Şirvan sorağında" adlı şeirlər kitabı çap edilmişdi. Onun ardınca isə isə "Söz qibləgahım", "Müqəddəs hissin daşıyıcısı", "Ürəyimin səsi", "Könül nəğmələri" adlı kitabları ilə sevimli oxucularının, pərəstişkarlarını görüşünə gəlmişdir. Əli Vahid Çaylı zəngin söz ehtiyatına malik olan bir şairdir. Onun poeziyası sanki qıjov axan dağ selidir. Hansı mövzudan yazırsa, ürəklə, həvəslə yazır.
... Arzular içində seyrə çıxmışam,
Gecəli-gündüzlü səfərdəyəm mən.
Gah ulağ belində yük daşııyıram,
Gah qızıl yəhərli kəhərdəyəm mən.
O, əsasən cəmiyyəti narahat edən mövzulara üstünlük verir. Xeyirxah bir insan olan Əli Vahid Çaylı həm də yaşadığımız dünyanın şairi olduğundan onun yüksək bədii zövqlü şeirləri də əsasən müasir gəncliyə ünvanlanır. Onun şeirləri gəncləri milli ruhda böyüməyə səsləyir, müasir gəncliyi həyata, cəmiyyətə diqqətlə, qayğı ilə yanaşmağa, mərhəmətli, dəyanətli olmağa sövq edir:
Kişinin qəlbində dəyanət olsa,
Tez qoyar yerinə, nə hacət olsa.
Allahdan zərrəcə mərhəmət olsa,
Gül də çiçək açar daşın içində.
Əli Vahid Çaylı yaşadığı şair ömrünün acılı-şirinli poetik ovqatına, onun yaşam tərzinə bir güzgü tutur. Onun həyat fəlsəfəsinin süzgəcindən keçən poeziyasında həyat üçün götürülməli olan ideyalar, fikirlər çoxdur. Şeirlərindən də görünür ki, kəşməkəşli uzun bir yolda dağ seli kimi axan odlu ilhamı ona daim yoldaş, qardaş və dost olmuşdur. Şair taleyinin, dəyərli bir insan həyatının dolanbac yollarının kövrək və unudulmaz duyğu ləçəkləri olan bu şeirlər adamı düşündürür.
Cahanda hamının vardır mərəzi,
Bədbəxt o kəsdir ki, çoxdur qərəzi.
Haqq ilə qurulur mizan-tərəzi, -
Halallar haramdan seçilər bir gün.
65 yaşın kürəyini yerə vuran Əli Vahid Çaylı 45 ildir ki, yazır, yaradır. Poeziyanın müqəddəs yolunda qələm sınayan şairin özünəməxsus deyim tərzi, orijinal ifadə üsulu, bənzərsiz qafiyə və təşbehləri vardır. Şeirlərindən görünür ki, şairin həyatını, taleyini, yaradıcılığını, duyğularını, şəxsiyyətini Vətənsiz təsəvvür etmək qeyri-mümkündür:
Şamaxı şəhəri - köksümün başı,
Qədimdən qədimdir Şirvanın yaşı.
Səhhətin gözləri, Hadinin qaşı,
Dahi ustadların içində yatır.
Və yaxud:
Mənə səcdəgahdır Vətən bucağı,
Ata nəvazişi, ana qucağı.
Dostlar, onu bilin, yanan ocağı
Yaş ha çalışsa da, quru yandırır.
Dərindən düşünsək, bu qənaətə gələrik ki, hər bir insanın müqəddəs Vətən, Ana qarşısında bir mənəvi borcu olmalıdır. Bu borc Vətənə layiqli övlad olmaqdan, valideynlərə hörmətdən, həqiqətə sədaqətdən ibarətdir. Əli Vahid Çaylının yaşadığı kəşməkəşli tale, yurd, Vətən həsrətindən dolayı dərdli bir şair taleyidir. Vətən mövzusu onun poeziyasının qırmızı xəttidir. Onun dərd yükündən yoğurulan kədərli misraları bəzən insanı göz yaşlarına qərq edir. Şairin dərdli könül pıçıltıları Vətən həsrətli el-obanı qisasa haraylayır, intiqam savaşına səsləyir. Onun Vətənə aid olan şeirlərinin əksəriyyətində "Vətən" məfhumu məhz Azərbaycan kimi mənalandırılır:
Arzu dolu ürəyimdir,
Axar qanımdır - Vətənim.
Dilimdən heç vaxt düşməyən, -
Şirin canımdır - Vətənim.
Əli Vahid Çaylı hər bir şeirində sözün qədrini bilir, onu necə işlətməyi bacarır, fikri özünəməxsus şəkildə, obrazlı deməyə çalışır və buna nail olur. O, ruhunu sözə kökləyərək, zamanın diqtəsindən, taleyin qəzəbli olaylarından pəhsinməyib, inam duyğusu ilə söz silahını işə salır. Bu mənada şair müxtəlif fəndlərlə oxucunu müəyyən ovqata kökləməyi bacarır. Onun şeirləri oxucunu düşündürən, heyrətləndirən, ürəyini riqqətə gətirən dərin məna elementləri ilə zəngindir.
Zəmanə korlanıb, dadı dəyişib, -
Dostumu yaxından seçə bilmirəm.
Könlümə süzülüb axan sulardan
Etibar eyləyib içə bilmirəm.
Müəllifin sözün ruhundan doğan, dünyamıza, ona münasibətə həsr olunan onlarla şeiri bu qəbildəndir. Ümumiyyətlə, özünün dediyi kimi, bəzən həyatda "kükrəyib-daşan", hərdən də "təntiyib-çaşan" şairin istənilən şeirinin misralarında məna dərinliyi çox aydın və qabarıq verilir:
Kükrəyən çaylar tək bəzən daşıram,
Hərdən təntiyirəm, hərdən çaşıram.
Düzlər dolanıram, dağlar aşıram,
Bilmirəm kənddə, ya şəhərdəyəm mən...
Düşünmək, anlamaq dərdi bəşər övladının taleyinə yazılan bir dərddir. Bəzən bu ucsuz-bucaqsız dünyanın özü də nədənsə insana dar gəlir. Amma burası da var ki, İnsan da düşündükcə, anladıqca İNSAN olur. Əli Vahid Çaylı şeirləri adama dar gələn bu dünyada İnsanı düşündürür, ona anlamaq dərdini anladır. İstedadlı qələm sahibi olan şairin dərd, ağrı, düşüncə, qəzəb dolu poeziyası özünəməxsusluğu ilə seçilir, diqqəti cəlb edir, məhz sadə, adi deyimliyi ilə yadda qalır. Şairin ürək ağrısı ilə yazdığı İnsan mövzulu şeirlərində xoşbəxtliyin, səadətin ünvanı var. Şair Oxucu-İnsanı şeir dili ilə dərin düşüncəyə daldırır, şeytana uyub yolunu azmaqdan çəkindirir:
Başın bəla çəkər yolundan azsan, -
Şeytana qoşulub quyular qazsan.
El-oba içində baş olammazsan,
Əgər damarında təmiz qan yoxsa.
Adətən şairlər dünya mövzusunda daha çox yazıb-yaradırlar. Dünya mövzusu həmişə şairləri düşündürüb. Əksər şairlər dünya haqqında, onun vəfasızlığı, haqsızlığı, "beşgünlüyü" və s. haqqında çoxlu şeirlər yazıb. Əli Vahid Çaylı da bu mövzuda çoxlu sayda düşündürücü şeirlər yazmışdır. Onlardan birində deiyilir:
Kiminin bağında bəhərdir, bardır,
Kiminə genişdir, kiminə dardır.
Kiminə əbədi şaxtadır, qardır,
Kiminə bahardır, yaydır bu dünya.
Kimi ömrü boyu yasa bələndi,
Kiminin başına güllər ələndi.
Kim zindanda öldü, kim güllələndi, -
Kiminə şadlıqdır, toydur bu dünya.
Bir məsələni də vurğulamaq istərdim. Bəllidir ki, sirli melodiyaya malik olan Azərbaycan muğamlarının hər biri özlüyündə sehrli bir aləmdir. Azərbaycan muğamları keçmiş dövrlərdən bəri Şərqin klassik musiqi yaradıcılıq nümunəsi hesab edilir. Qədim dövrlərdən zaman-zaman süzülüb gələn muğamlarımızın əks-sədası indinin özündə də dünyanın bütün musiqi bilicilərini heyrətləndirməkdədir. Muğam sirlərlə dolu olan bu həyatı dərk etməkdə sanki bizim ən yaxın yardımçımızdır. Muğamı poeziya ilə bağlayan qatlar çoxdur. Onun inkişafında klassik poeziyanın, divan ədəbiyyatının, müxtəlif motivli qəzəl və qoşmaların rolu danılmazdır. Ədəbiyyata nəzər saldıqda görürük ki, orta əsrlərdən başlayaraq muğam mövzusu həmişə şairlərin diqqət mərkəzində olmuşdur. Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələri bu mövzuda biri-birindən gözəl əsərlər yaratmışlar. Dəfələrlə şahidi olmuşam ki, Əli Vahid Çaylı da muğamı sevir, ona hörmətlə yanaşır. Muğamata hədsiz marağı, sevgisi olan, muğamın ecazkar qüdrətindən duyğulanan şair Azərbaycan muğamına və bu muğamları ifa edən xanəndələrə çoxlu sayda şeirlər həsr etmişdir. Onları oxuduqda hiss olunur ki, bu şeirlər muğamın möcüzələrindən təsirlənərək qələmə alınmışdır. Muğamı qəlbən sevən şair: "Muğamı sevdirək bütün aləmə" - deyir.
Hər bir Azərbaycan türkünün ağır dərd yükü olan Qarabağ problemi Əli Vahid Çaylı poeziyasında daha qabarıq görünür. Murdar yağıların ayaqları altında tapdalanıb inləyən Qarabağın bu gün düşmən əsarətində olması vətənpərvər şairi ağrıdır, sarsıdır, sıxır. Şeirlərindən də görürük ki, müəllif canında qövr eyləyən Qarabağ dərdini yaşadır:
Qarabağım, Qarabağım,
Sərv ağacım, tər yarpağım,
Cənnət yurdum, gül torpağım...
Keçmişə, tarixə baxsaq, görərik ki, bütün zamanlarda söz adamlarını düşündürən ən böyük mövzulardan biri də məhəbbət mövzusu olmuşdur. Əli Vahid də bu bəşəri hissi kövrək ürəyinin lirik duyğusuna qulaq asaraq qələmə alır. Onun yeni nəslə, gəncliyə ünvanladığı yüksək bədii zövqə malik olan lirik şeirləri gəncləri düşündürür və onları milli ruhda böyüməyə səsləyir. Şairin ülvi məhəbbəti, sevgini vəsf etdiyi şeirləri sanki bir inci kimi sapa düzülərək, onun ruhunda ilham çeşməsi kimi qaynayır və öz nağılvarı axını ilə oxucuları ovsunlayır. Böyük həyat görmüş təcrübəli şair məhəbbətlə zarafat edənlərdən üzülür, narahat olur:
Dostum, məhəbbətlə zarafat etmə,
Düşdüyü torpağı, yeri yandırar.
Eşq də, məhəbbət də bir cüt mələkdir, -
Birisi söndürər, biri yandırar.
Şair şeirlərində məhəbbət oduna yanan, sevən ürək sahibini təmiz sevgiyə, qaynar həyata səsləyir:
Təmiz sevgi, qaynar həyat,
Ömür dünya, memar həyat.
Əli Vahid deyər heyhat
Duyan insan qanan ola.
Bəli, 65 yaş arxada qalır. Ömrün ötən çağında şairin həyatının uzun illərinin, gərgin əməyinin nəticəsi kimi araya-ərsəyə gətirdiyi kitabları çağdaş poeziyamıza, ədəbiyyatımıza, bütövlükdə mədəniyyətimizə xidmətinin nəticəsidir. Ümidvaram ki, Əli Vahid Çaylı bundan sonra da öz gözəl şeirləri ilə oxucuların ruhunu oxşayacaq, onları sevindirəcəkdir.
Əlivahidəm, sərt qışım var,
Dağ üstə nağıl daşım var.
Nə az, nə çox - yüz yaşım var,
Sən ağlama, ağlama, yar...
Poetik istedadına, ilhamlı təfəkkürünə, obrazlı təxəyyülünə, yaradıcı qələminə böyük hörmət bəslədiyim şair dostumu 65 yaşının tamam olması münasibətilə ürəkdən təbrik edir, ona həyatda möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Səni 100 yaşa, şair!
Nazim Tapdıqoğlu (Vəlişov)
tədqiqatçı, tarixçi, şair, publisist, "Qızıl Qələm" mükafatı laureatı