Tarif Şurasının boş əsasları
"Azəriqaz" İB qazın hər kubmetrini vətəndaşlara 200 deyil, 5000 manata satır
Məlum olduğu kimi, ötən həftənin şənbə günü, yəni qeyri-iş günü Tarif Şurası qazın və elektrik enerjisinin qiymətlərini bahalaşdırdı. Artıq bahalaşma kifayət qədər detalları ilə mütəxəssislər tərəfindən təhlil edilib, qaranlıq məqamlara işıq salınıb. Bu yazını yazmaqda məqsədimiz isə mütəxəssislərin diqqətindən yayınan iki məqama aydınlıq gətirməkdir.
Bəllidir ki, Tarif Şurasının nizamnaməsinə əsasən, Şura dövlət tərəfindən tənzimlənən hər hansı bir məhsulun qiymətində dəyişikliyə qərar verirsə, mütləq onu iqtisadi baxımdan əsaslandırmalıdır. Bu səbəbdən də Tarif Şurası zorən qiymət dəyişikliyi qərarlarına əsaslandırma hissəsi də əlavə edir. Detallarını yenidən təkrarlamağa lüzum görmədiyim, son qiymət artımı qərarı da, belə bir əsaslandırmaya malikdir.
Tarif Şurasının qiymət artımı qərarının əsaslandırma bölümünün söykəndiyi elementlərdən biri dünya bazarında qazın qiymətinin artmasıdır. Məsələ burasındadır ki, Azərbaycan hökuməti təbii qazı dünya bazarından satın almır. Bu səbəbdən də vətəndaşlara satılan qazın qiymətlərinin artırılması üçün dünya bazarındakı qiymətlər əsas ola bilməz. Yadınızdadırsa, bu ilin yanvar ayında təbii qazın qiymətləri daha kəskin artıma məruz qaldı. O zaman dünya bazarında təbii qazın min kubmetrinin qiyməti 350-360 dollar civarında idi. Ona görə də həmin vaxt Tarif Şurası qiymət artımı ilə bağlı qərarının əsaslandırma hissəsində dünya bazarındakı qiymətlərdən söz açmamışdı. Yəni Tarif Şurasının qiymət artımı ilə bağlı qərarına əsaslandırma axtarılarkən dünya bazarında qazın min kubmetrinin 2000 dolları keçməsi sadəcə olaraq bir bəhanə, fürsət olub. Bu fikri möhkəmləndirmək üçün bir faktı da qeyd edək ki, ötən ilin aprel ayının 21-də dünya bazarında neftin bir barelnin qiyməti -15 dollara düşdü. Yəni bir barel neft alan müştəriyə burokerlər üstəlik 15 dollar verdilər. Həmin vaxt Azərbaycan hökuməti heç də benzinin, dizel yanacağının və sürtkü yağlarının qiymətini ucuzlaşdırmaq barədə düşünmədi. Yəni demək istədiyimiz odur ki, dünya bazarında neftin və ya qazın qiymətinin bahalaşması, Azərbaycanın daxili bazarına təsir etmir. Çünki qiymətləri dövlət tənzimləyir. Ona görə də sözügedən əsaslandırma Tarif Şurasının boşboğazlığından başqa bir şey deyil.
Əsaslandırmanın ikinci məqamı ondan ibarətdir ki, qazın min kubmetrinin qiymətinin 1-3 qəpik artırmaqla Tarif Şurası "Azəriqaz" İstehsalat Birliyinin büdcədən asılılığını azaltmağa çalışır. Bu çox gözəl missiyadır, amma gəlin görək, 2-3 qəpiklə "Azəriqaz" İB-nın büdcədən asılılığını azaltmaq mümkündürmü?
Oxucuların diqqətinə bir məqamı çatdırmaq istərdim ki, 2020-ci il dövlət büdcəsinin icrasına dair Hesablama Palatasının rəsmi rəyində "Azəriqaz" İB-nin 2020-ci ildə dövlət büdcəsinə 2,1 milyon manat vəsait ödədiyi, dövlət büdcəsindən isə 51,5 milyon manat dotasya aldığı göstərilir. Onu da əlavə edək ki, "Azəriqaz" İB əldə etdiyi vəsaitlərin bir hissəsini daxili problemlərinə yönəltmək hüququna malikdir. Yəqin ki, İB bu hüququndan istifadə edərək, əldə etdiyi vəsaitdən bir neçə milyonda xərcləyib. Konkret olaraq, Azərbaycanda yeganə təbii qaz satışı ilə məşğul olan dövlət şirkəti dövlət büdcəsinə verdiyindən 25 dəfə çox ondan vəsait alır. Bu o deməkdir ki, biz abonent olaraq aldığımız bir kubmetr qazın real qiymətini tapmaq üçün nominal qiymətləri 25-ə vurmalıyıq. Başqa sözlə desək, "Azəriqaz" İB-nın dövlət büdcəsindən asılılığını aradan qaldırmaq üçün indiki qiymətləri 25 dəfə bahalaşdırmaq gərəkir.
Hazırda "Azəriqaz" İB vətəndaşlara qazın min kubmetrini 100, 200 və ya 250 manata deyil, 2500, 5000 və 6250 manata satır. Sadəcə olaraq "Azəriqaz" İB hər kubmetrə görə, limitdən asılı olaraq 100, 200 və 250 manatlıq hissəni vətəndaşlardan, qalan böyük - yəni bundan 25 dəfə çox olan hissəni dövlət büdcəsindən alır. Elə isə siz qərar verin, hörmətli oxucular, qazın qiymətini 2-3 qəpik artırmaqla büdcədən bu qədər asılı olan dövlət şirkətinin asılılığını aradan qaldırmaq mümkündürmü?
Akif Nəsirli