İmanınız itin olsun, yaxud Zəngilan mənşəli İran "qarpızları"

İmanınız itin olsun, yaxud Zəngilan mənşəli İran
 
 
İmzamı tanıyanlar bilir ki, əsla kampaniya jurnalisti olmamışam, nəyi doğru bilmişəmsə zamanından asılı olmayaraq və heç kimdən məsləhət, göstəriş almadan bu barədə yazmışam. Deməyim odur ki, indi söyləcəklərimin əsla ölkə rəhbərinin son günlər İran əleyhinə doğru olaraq səsləndirdiyi tənqidi fikirlərlə heç bir əlaqəsi yoxdur. Bu işin icraçıları “işarənini dənizdən gözləyən” deputatlar, dana otarandan fərqlənməyən çoxsaylı “analitiklər”, və saytlar, qəzetlər, telekanallardır. Mənim indi yazmağımın səbəbi İranın 44 günlük müharibə vaxtı sərgilədiyi xəyanətə bərabər mövqe ilə bağlı yeni-yeni tükürpədici faktların işıq üzü görməsidir. Hərçənd görünəni odur ki, Azərbaycanın hərbi-siyasi rəhbərliyinin əvvəldən bu faktlardan məlumatı olub. 
Bəli, deyildiyi kimi İranın son günlər sərgilədiyi əzələ nümayişinin bir səbəbi milyardlar gətirən narkotranzit yolunun Zəngəzur dəhlizi açılacağı halda tam qapanması təhlükəsidir. Digər önəmli səbəbsə sanksiya altında olan İranın xarici ticarət tərəfdaşlarıyla sanksiyadan yan keçməklə maliyyə əməliyyatları aparmasında həlledici rol oynayan Ermənistan bankları ilə nağd pul kütləsinin nəqlinə dəyə biləcək zərbədir. Sxem sadədir: İran nağd pul kütləsini İrəvana daşıyır və Ermənistan bankları üzərindən alqı-satqı reallaşdırır. Avropa və Amerikanın sevimlisi olan Ermənistandan isə heç kim bu vəsaitin mənbəyin soruşmur. Beləcə həm İran sanksiyanın zərbəsin yüngülləşdirir, həm də İrəvan xərc və zəhmət çəkmədən bu əməliyyatlardan qazanc əldə edir. Zəngəzur dəhlizinin İranın üzünə qapanması onu nağd pul kütləsini gizli şəkildə İrəvana daşımaqdan məhrum etmiş olur.
Bəlkə də bunları İrana bağışlamaq olardı, ortada bu molla rejiminin bizə qarşı daha dəhşət saçan xəyanəti olmasaydı. Əvvəldən məlum idi ki, işğal olunmuş kənd və şəhərlərimizdəki evlərin dağıdılaraq viran edilməsində İran yaxından iştirak edib, daha dəqiqi bu qarəti onlar reallaşdırıb. Siyasi manevlə Şuşanın işğalına şərait yaratmağı müqabilində ermənilər də mükafat kimi Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərinin istifadəsini İrana verib. Bugünlər Beyləqana səfər zamanı müharibə iştirakçısı olmuş bəzi hərbçilərlə həmsöhbət oldum. Deyirlər ki, cəbhənin cənub istiqamətində hücum zamanı Cəbrayılda İrana məxsus fermadan qənimət kimi 2000 qoyun, 800 başdan çox mal-qara ələ keçiriblər. Cəbrayıl və Zəngilanda isə yenə İranlı fermerlə aid yüz hektarlarla xurma, nar, heyva bağları, barı üstündə qarpız bostanı ilə qarşılaşıblar. Bu faktlardan sonra niyə İran hərbiçilərinin Xudəfərində ordumuzun qarşısını kəsməsinin səbəbi mənə aydın oldu. Haramzadələr tağın üstündə qalan qarpız və meyvələri daşımaq üçün vaxt qazanmaq istəyirmiş. İranın alçaqlığın kulminasiya nöqtəsi isə hücum edən ordumuzun koordinatlarını düşmənə ötürməsi olub. Xatırlayırsınızsa, Cənubdan ilk həmlə uğursuzluqla nəticələnmiş çoxlu sayda hərbiçimiz şəhid düşmüşdü. 44 günlük müharibədə ən çox itkimiz də məhz bir Füzuli cəbhəsində, bir də Kəlbəcərin Ömər aşırımına hücumda oldu. Savaş iştirakçısı deyir ki, demə Arazboyu yerləşdirilmiş İran cəsusları hərbiçilərimizin yerləşdiyi yerin və hərbi texnikanın koordinatları haqqında ərazidəki erməni hərbi komandanlığına səhih bilgilər ötürürmüş: “İnanırsan 8-10 nəfər bir yerə yığılan kimi, az keçmiş həmin yeri ermənilər artileriya və minamyotla darmadağın edirdi. Biz də elə bilirdik içimizdə satqın var, kiminsə batinkasına “cipes” yerləşdirilib. Az qala hamı bir-birindən şübhələnirdi. Sonra bildik ki, ermənilərə bu kordinatları Arazın o tayında gizlənmiş İranlı zabitlər ötürür.” Adını çəkməyi məqbul hesab etmədiyim hadisənin canlı şahidi olmuş keçmiş döyüşçünün dedikləridir.
 Təəssüf ki, bütün bunların fonunda bəzi vətəndaşlarımız hələ də yaşananlara qara eynəkdən baxır.
 
Rövşən Kəbirli, Paralel.az
0.01763916015625