İslam dini tolerantlığın
təməl prinsiplərini dəstəkləyir

İslam dini tolerantlığıntəməl prinsiplərini dəstəkləyir
 

Qərbin dözümlülük məfhumunu daha çox hallandıran
dairələri, bu prinsipləri pozanlar arasında ilk sıradadırlar

 

 Bildiyimiz qədər Azərbaycanda İslam dini VII əsrdən yayılıb və Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin əsasını təşkil edir. Bizim çoxəsrlik İslam dövrü tariximiz çox zəngindir. İslam sülh, qardaşlıq, dözümlülük, tolerantlıq dinidir.

O, terrorizmin, hər hansı bir məcburiyyətin və zorakılığın əleyhinədir, ekstremizmi rədd edir. Bu, müsəlmanların müqəddəs kitabı Qurani-kərimdə də öz əksini tapıb. Son dönəmlərdə dünyada, eləcə də Azərbaycanda tolerantlıq, fərqli baxışlara dözümlülük kimi dəyərlərə daha çox önəm verilməyə başlanılıb. Təbii ki, bu məfhumların elmi mənbəyi, tarixi, mahiyyəti də çox önəmlidir. Dünyada mövcud olan müxtəlif qaynaqlarda tolerantlığın bəzi əsas izahları diskusiya üçün yaxşı başlanğıc nöqtə sayıla bilər. Məsələn, Etnik Ensiklopediyada qeyd olunur ki, "Dözümlülük beynəlxalq səviyyədə bir şəxsin xoşlamadığı və ya əxlaqi cəhətdən yanlış saydığı hərəkətə icazə verməsi və ya bu hərəkətin qarşısını almamasıdır", burada həm də əlavə olunur ki, "Dözümlülük tolerant şəxsin müdaxilə etmə gücü olsa belə, onun bu gücdən istifadə etməkdən imtinası tələb olunur".

İslam peyğənbəri Hz. Məhəmməd (s.ə.s.) bəşəriyyət tarixində bənzəri olmayan şəxsiyyətdir və onun yaşam tərzi, digərlərinə münasibəti tolerantlığın ən yüksək nümunəsidir: "Onu təkcə müsəlmanlar deyil, həttda qeyri-müsəlmanlar da vəsv edərək şəninə təriflər deyiblər. İngiltərənin tanınmış qadın yazıçısı Karen Armstronq özünün "Məhəmməd dövrümüzün peyğəmbəri" kitabında belə yazır ki, Məhəmməd nümunəvi bir şəxsiyyət kimi bizə çox mühüm dərslər öyrədir. Bu dərslər təkcə müsəlmanlar üçün deyil, elə avropalılar üçün də çox əhəmiyyətlidir. Məhəmməd müharibələr nəticəsində parçalanan Ərəbistanda sülhü bərqərar etmək üçün çox əziyyətlərə qatlaşdı. Bu gün biz iğtişaşlarla dolu dünyamızda belə bir addım atacaq insanlara möhtacıq. Məhəmmədin həyatı tamah, hərislik, ədalətsizlik və lovğalıqla edilən yorulmaz mübarizə idi. Dəvətinin ilk günlərindən İnsanları təkallahlığa, bərabərliyə, zülmə qarşı mübarizəyə, insanları ilahi rəngə boyanaraq böyük insani fəzilətlə zinətlənmələrinə dəvət edən Məhəmmədin (s.ə.s.) yaşayış tərzi aşkar dözümlülük və tolerantlıq nümunəsi idi. Taif məntəqəsində dəvəti zamanı onu daşlayanlara və təhqir edənlərə qarşı mərhəmət göstərərək "İlahi, onları bağışla, onlar nə etdiklərini bilmirlər" deyərək dua etdi. Döyüş zamanı əsir alınanlarla rəftarının isə tarixdə analoqu görünməyib. Öz əshabına birinci əsirləri yedizdirməyi sonra özlərinə yemək yeməyi əmr edir və on müsəlmana oxuyub-yazmağı öyrədən kafirin azad olunacağı zəmanətini verir. Hətta döyüşün ən qızğın çağında belə, aman istəyən kafirləri öldürməz, onlara aman verərdi. Bu həmin Məhəmməddir (s.ə.s.) ki, qəbilə və milliyyət təəssübkeşliyindən yerə-göyə sığmayan ərəbləri ram edərək onlara bütün insanların bərabər olduğunu, Allah dərgahındakı fərqlərinin yalnız təqvalarında olduğunu öyərtdi. Livanlı xristian yazıçı Corc Cordak bu barədə deyir ki, ərəbin qeyri-ərəbdən üstünlüyü yoxdur. Üstünlük yalnız pəhrizkarlıqdadır. İnsan istəsə də, istəməsə də, bir-birinin qardaşıdır. "Qeyd etdiklərim dözümlülük və tolerantlığın bariz nümunəsi deyilmi? Təbii ki, ən böyük tolerantlıq nümunəsi elə budur".

Ancaq çox təəssüflər olsun ki, bu gün biz nəyə görəsə öz mənəvi köklərimizdən, dəyərlərimizdən uzaqlaşırıq. Baxmayaraq ki, hər birimiz bu dəyərlərin nə qədər önəmli olduğunu anlamalı, onların daha da möhkəmlənməsinə çalışmalıyıq. Bu da təəssüf doğuran haldır ki, bu gün müsəlman cəmiyyətini bəşəriyyətə geridə qalmış, barbar bir xalq kimi təqdim etməyə çalışan Qərbdə, dözümlülük prinsiplərini İslmdan qat-qat sonra dərk ediblər. Qərb mütəfəkkir və böyük şəxsiyyətləri də İslamın dözümlülüyün tərənnümçüsü olduğunu dərk edərək, müxtəlif məqamlarda bunu səmimi etiraf etməkdən çəkinməyiblər. Məhz İslamın bu xüsusiyyətinin gec-tez dünyaya hakim kəsiləcəyindən ehtiyat edən bəzi qara qüvvələr, təfəkkür və düşüncədə çox aşağı olan bəzi "müsəlmanlardan" istifadə edərək İslamı gözdən salmağa və onu bəşəriyyətə bütün hüquq normalarını aşan bir din kimi təqdim etməyə çalışırlar və çox təəssüf ki, qismən də olsa buna nail ola bilirlər. Təəccüb doğuran isə odur ki, Qərbin dözümlülük məfhumunu daha çox hallandıran dairələri, bu prinsipləri pozanlar arasında ilk sıradadırlar. Daha çox dinlərarası, sivilizasiyalararası dialoqdan danışan Qərb dünyası, əslində addımbaşı başqa mədəniyyət və sivilizasiyaları təhqir etməklə məşğuldur və bu davranış mədəniyyətlər arasında mövcud olan uçurumu dərinləşdirən əsas faktorlardan biridir.

Düzdür, tolerantlıq da müəyyən hədd və çərçivəni aşdığında, artıq bunun qarşısı alınmalı və müvafiq tədbirlər görülməlidir. Çünki bu gün dünyada tolerantlıqdan dəm vuran inkişaf etmiş ölkələrin özləri belə, müəyyən hallarda prinsipləri aşırlar. Dərk edirlər ki, onların dünyaya təqdim etdikləri tolerantlıq, hamıya birmənalı dözümlülük göstərmək, anarxiya və özbaşınalıq kimi halların meydana gəlməsinə səbəb olur.

Bildiyiniz kimi, Azərbaycan Respublikası demokratik prinsiplərlə idarə olunan bir dövlət quruluşuna malikdir və din dövlətin siyasi proseslərdəki işlərinə müdaxilə etmir. Bununla belə milli-mənəvi və dini suverenliyin qorunub saxlanılması da, bilavasitə dövlətimizin öhdəliyindədir. Ona görə də ölkəmizdəki mühiti təhdid edən hər bir hərəkət və ya ideologiyanın təbliğinin qarşısının alınması, dövlətçiliyin qorunmasında atılması lazım gələn zəruri addımdır və bunu tolerantlığa zidd bir əməl kimi qiymətləndirmək olmaz. Çünki bir müddət əvvəl ölkəmizdə fəallaşan "Sələfi-vəhhabi", "Nurçuluq" kimi qeyri-ənənəvi dini cərəyanlar bilavasitə dövlətçiliyimizi, milli-mənəvi və dini dəyərlərimizi təhdid etməkdə idilər. Müəyyən zaman kəsiyində bəzi məsul şəxslərin tolerantlıq adı altında bu cərəyanların azad şəkildə fəaliyyətinə rəvac vermələri də, bu gün elə həmin tolerantlığın özünü təhdid etməkdədir. Buna görə də, hər bir dinin daşıyıcısı olan Azərbaycan vətəndaşının da öhdəsinə düşən vəzifə dövlətçiliyimizi təhdid edən, məmləkətdə sabitliyi pozan hər bir hərəkətin və ideologiyanın qarşısının alınması işində dövlətə yardım etmədir. Hər bir vətəndaşı bundan sonra da dinimizin buyurduğu və doğru-düzgün dərk olunan dözümlülük prinsiplərinin qorunub saxlanılmasına çalışmalıdır.

Buna görə də ölkəmizdə islami dəyərlərin təbliğinə və dini maarifçiliyə geniş yer ayrılır. Çünki kimsə din pərdəsi altında öz məqsədinə çatmaq üçün İslamdan istifadə etmək istəyirsə, onun qarşısında durmaq lazımdır. İslami dəyərlər insanlığa xidmət edən dəyərlərdir. Lakin bu dəyərlərdən siyasi, iqtisadi maraqlar üçün istifadə həmin dəyərlərdən uzaqlaşmaq deməkdir.

Azərbaycan tolerant ölkədir, ancaq tolerantıq deyə öz siyasi- iqtisadi mövqelərimizi də başqalarına qurban verə bilmərik. Tolerantlıq o demək deyil ki, radikal cərəyanlar burada istədiyini edə bilər. Onlar milli-mənəvi dəyərlərimizə müdaxilə edəndə bu, artıq tolerantlıq olmur. Tolerantlıq dözümlü yanaşma deməkdir. Lakin kimsə özünün radikal mövqeyini ortaya qoymağa cəhd edirsə, istər xristianlıqdan, istər İslamdan gələn radikallıq olsun biz onun qarşısına qətiyyətlə almalıyıq. Bu təkcə tolerantlıq yox, həm də dövlətçilik məsələsidir.

İslam sülh, qardaşlıq, dözümlülük, tolerantlıq dinidir. Həmişə sülh, əmin-amanlıq, qardaşlıq kimi humanist prinsiplərin carçısı olan islam dini ona etiqad edən insanlarda yüksək mənəvi keyfiyyətlərin formalaşmasına xüsusi diqqət yetirib. Doğrudur, tarixdə elə dövrlər olub ki, dinin cəmiyyətdəki rolu düzgün qiymətləndirilməyib. Ona görə də bu gün İslam dünyası bir sıra qlobal problemlərlə üzləşir. Lakin insan haqlarının qorunmasında bütün imkanlardan istifadə olunmalıdır.

Azərbaycanda və bütövlükdə Qafqazda yaşayan müxtəlif xalqların tarixən tolerant şəkildə, sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını beynəlxalq simpoziumda vurğulayan ulu öndər H. Əliyev bütövlükdə islam dininin tolerant din olduğunu, eyni zamanda Azərbaycan xalqının başqa dinlərə qarşı dözümlü olduğunu belə şərh edib: "Dünyada bir çox böyük dinlər mövcudur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar islam dini ilə fəxr edirik, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq islam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini tapıb. Azərbaycanda islam dini ilə yanaşı xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu mənzərə var. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar. Dini nöqteyi-nəzərdən ədavət, münaqişə, müharibə yolverilməzdir. Hər halda XX əsrin sonunda və qarşıdan gələn XXI əsrdə dünyada belə hallara son qoyulmalıdır".

  “Paralel”in

Araşdırma Qrupu
 Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.047901153564453