Kitab sərgisi sona çatdı
Oxucular nə qazandı?
Paralel.az xəbər verir ki, belə bir sərginin Bakıda keçirilməsi əlamətdar hadisədir. Amma, bu sərginin kütləvi tədbir olduğunu nəzərə alaraq, Bakı Ekspo Mərkəzində deyil, paytaxtın insanların asan gələ biləcəyi yerdə təşkil olunması, daha məqsədə uyğun olardı. Ekspo Mərkəzi şəhərdən nisbətən uzaqda yerləşdiyindən orada iştirak etmək istəyən bir çoxları üçün əlşatmaz oldu. Sərgi haqqında çox yüksək fikirlər söyləmək olar və söylədilər də, zatən. Amma bu, insanlarda kitaba marağı artıracaqmı? Bu çətin sualdır, çünki kitabın artıq təbliğat və təşviqat vasitəsi deyil, biznes olduğu bir məkanda, bu sualın cavabı yoxdur. Son zamanlar kitabdan söz düşəndə ilk soruşulan da, bu olur, indi kitab oxuyan var ki? Amma çox az adam maraqlanır ki, nə üçün insanlar kitab oxumur?
Məlumdur ki, kitaba maraq, sevgi, istək uşaqlara hələ kiçik yaşlarından aşılanmalıdır. Əgər uşaqda erkən yaşlarında kitaba maraq yaranmayıbsa, sonradan, ümumiyyətlə kitab oxumayacaq. Hazırda uşaq üçün kitab, uşaq ədəbiyyatı sistemi tamamiylə pozulub. Nədən? Çünki kitablar, ələlxüsus da uşaqlar üçün olan kitablar çox bahadır. Valideyinlər cəmi bir nağılın yer aldığı kitab üçün 2-3 manat ödəmək imkanında deyillər. Daha açıq desək, heç böyüklər də, bir kitab üçün 10-15 manat və daha yüksək qiymət ödəməkdə maraqlı deyillər.
Buna görə də, ilk əvvəl uşaqlar üçün nəzərdə tutulan kitabların nəşrini dövlər öz üzərinə götürməlidir və kitablar uşaqlar üçün əlçatan olmalıdır. Sovet dönəmində uşaqlar üçün dərsdənkənar oxu kitabları 15-20 qəpikdən çox olmazdı, valideynlər də 1 manat verib 5-6 kitabı birdən alırdılar. Bu gün isə bir müəllif 100 səhifəlik bir kitab nəşr etdirir(onun xərci olsun maksimum 2-3 manat ), sonra da onu dost-tanışına 15-20 manata satmaqla dolanmaq istəyir. Bu da, nəinki müəllifə, hətta kitaba qarşı da hörmətsizlik yaradır.
Kitab sərgisi keçirmək gözəldir, kitab oxumaq ondan da gözəldir. Amma adamın əlini və cibini yandırmaya. Yandıracaqsa, belə sərgilərin, yarmarkaların heç bir əhəmiyyəti yoxdur. Əsas məsələ kitabın oxucu üçün əlçatan olmasıdır.
Yusif