XALQ ARTİSTİ VAQİF ŞƏRİFOV VƏFAT EDİB

XALQ ARTİSTİ VAQİF ŞƏRİFOV VƏFAT EDİB
 

Paralel.az xəbər verir ki, Gəncə Dövlət Dram Teatrının rejissoru, Xalq artisti Vaqif Şərifov vəfat edib.

Bir neçə gün əvvəl Xalq artistinin səhhətində ciddi problem yarandığı üçün Gəncə şəhər 3 saylı xəstəxanana yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Vaqif Şərifov 12 avqust 1943-cü ildə Gəncədə anadan olub. 1960-cı ildən teatrda əmək fəaliyyətinə başlayıb. 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsini bitirib. 1967-1974-cü illərdə Gəncə Dövlət Dram Teatrında rejissor, 1974-1977-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında baş rejissor, 1977-1981-ci illərdə Ağdam Dövlət Dram Teatrında baş rejissor, 1981-1984-cü illərdə yenidən Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor, 1984-cü ildən 1998-ci ilədək həmin teatrda direktor və bədii rəhbər vəzifəsində çalışıb.

Müxtəlif illərdə Nazim Hikmətin “Domokl qılıncı”, Hüseyn Cavidin “Maral”, Cəfər Cabbarlının “Almaz”, “Yaşar”, A.Baranqanın “İctimai rəy”, Y.Saloviçin “Qəribə dilənçi”, Anarın “Şəhərin yay günləri”, Elçinin “Qatil”, Süleyman Sani Axundovun “Eşq və intiqam”, İsmayıl Şıxlının “Dəli Kür”, Orxan Kamalın “Yad qızı”, Nüşabə Məmmədlinin “Unutmaq istəyirəm”, Sahib İbrahimlinin “Sadığın toyu” və s. pyeslərə quruluşlar verərək, ümumilikdə 120-dən artıq tamaşaya səhnə həyatı bəxş edib.

Görkəmli sənətkar “Qanun dəllalı” (Mirzə Məhəmməd Axundzadə) tamaşasının quruluşuna görə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl dərviş” mükafatını qazanıb. 1992-ci ildə respublikanın Əməkdar incəsənət xadimi və 2014-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

0.011312007904053