Soyunun, banka girirsiniz!
Azərbaycandan kənara çıxmamışam, bu səbəbdən də bilmirəm ki, aşağıda söyləcəklərim başqa ölkələrdə də yaşanır, yoxsa gözmuncuğutək yalnız bizdədir.
Bugünlərdə yolum banka düşmüşdü ( hamısında eyni vəziyyət olduğuna görə, konkret bank ad çəkməyə lüzum görmürəm), 100 avro alacaqdım. Qapıdakı mühafizəçi gəlişimin məqsədini biləndən sonra şəxsiyyət vəsiqəmin üstümdə olub-olmadığını soruşur. Halbuki bu onun səlahiyyət dairəsinə daxil deyil. İllərdir sənədləri özümlə götürsəm də “olmasa nə olacaqdır”-deyirəm. Cavab verir ki, yoxdursa istədiyinizi ala bilməyəcəksiniz.
Mühafizəçi düz deyirmiş, kassadakı cənab istəyimi bilən kimi həmən şəxsiyyət vəsiqəsini tələb edir. İrad bildirirəm ki, axı sənəd tələbi 500 dollardan yuxarı almağa şamil olunub. “Xeyir müəllim, yeni təlimata görə, 1 dollar, yaxud avro üçün də şəxsiyyət vəsiqəsi mütləqdir”-deyir.
Bilmirəm, bununla hökumət çirkli pulların yuyulmasına, yoxsa insanların cibinə nəzarət etməyi hədəfləyib. Hərçənd körpə uşağa da məlumdur ki, çirkli pullar burda yox, Virciniya adalarındakı offşor banklar da yuyulur və özü də 100 dollar həcmində deyil, bir əməliyyatla 10-20-50 milyon dollar həcmində.
Xarici valyuta göndərişlərində də eyni formada təftiş gedir. Məntiqlə hökumət ölkəyə dollar və ya avronun daxil olmasında maraqlı olmalıdır, üstəlik həvəsləndirmək üçün güzəştlər tətbiq etməlidir. Biz də isə əksinə, çəkindirmə siyasəti yürüdülür,xaricdə işləyən doğması pul göndərdiyi adamı sorğu-sual edir, üzərində bezdirici istintaq aparırlar. Ölkədən kənarda 41 min tələbə təhsil alır, təxminən 3 miyon vətəndaşımız da müxtəlif xarici dövlətlərdə çalışır. Adam övladına 300-500 dollar xərclik göndərəndə az qala bankda ayaqqabılarını da soyundurub yoxlasınlar. Və görünən budur ki, bu gedişlə o biabırçılığında şahidi olacağıq. Məsələn belə: 100 dollar göndərmək, yaxud almaq üçün şəxsiyyət vəsiqəsi, 200 dollar üçün pencəyi soyunmaq, 300 dollar üçün şalvar (xanımsa tuman-ifadəyə görə üzr istəyirəm), 500 dollardan yuxarı alqı-satqı etmək istəyənlərsə vaxta qənaət etmək istəyirsə banka lüt, əttcəmətən girməli olacaq.
Səma