Bizə plastik yol lazımdırmı?
Paralel.az xəbər verir ki, plastik tullantılardan yol çəkilişində istifadə edən Şotlandiyanın "MacRebur" şirkəti Azərbaycanla əməkdaşlığa başlayıb.
Müqaviləyə əsasən ölkə daxilində 1690 km uzunluğunda plastik yolun çəkilməsi planlaşdırılır. Bunun üçün təkrar emal olunmayan 500 tondan çox plastik tullantı Azərbaycanın yollarını yaxşılaşdırmaq üçün istifadə ediləcək.
Qeyd edək ki, bu cür layihələr adətn yol çəkilməsi üçün ərazisində təbii resursları kasad olan və ya olmayan ölkələrdə həyata keçirilir. Hazırda belə layihələr dünyada ənənəvi yol çəklişi layihələrindən bir neçə dəfə baha başa gəlir. Amma belə layihələr baha başa gəlsə də layihənin həyata keçrildiyi ölkənin ekologiyasına müsbət təsir edir. Belə ki, tullantı kimi yığılıb qalan plastik materiallar kütləvi şəkildə toplanır ki, bu da ətraf mühitin plastik tullantılarla çirklənməsinin qarşısını alır. Digər tərəfdən, bu həm də tullantısız istehsal texnologiyasının bir elementi kimi təzahür edir.
Azərbaycan kimi karbohidrogen ehtiyatları ilə zəngin olan ölkələr üçün belə layihələrin həyata keçirilməsi ekoloji cəhəidən səmərəli olsa da, iqtisadi baxımdan sərfəli deyil. Sözügedən layihə dövlət zəmanətit və təminatı ilə ayrılmış kredit hesabına həyata keçiriləcək. Götürülən kredit isə dövlət büdcəsi hesabına geri qaytarılacaq. Bu layihəyə xərclənən vəsait hesabına, ənənəvi üsulla Azərbaycanda bundan üç dəfə artıq yol çəkmək mümkündür. Hazırda Azərbaycanda yollar yalnız neft emalı zamanı alınan materiallar hesabına çəkilir. Lakin ölkənin palçıq vulkanları və bitum yataqlarının potensialından hələlik istifadə edilmir. Azərbaycanda yalnız palçıq vulkanlarında olan bitum ehtiyatları hesabına bütün ölkə ərazisini 20 sm qalınlıqda asfaltla örtmək mümkündür. Bu cür potensialı olan ölkə üçün bahalı plastik yolun çəkilməsi qətiyən məqsədəuyğun deyil.
Bu layihənin ekoloji səmərəsindən istifadə etmək üçün başqa ölkələrdə həyata keçirilən plastik yol layihələrində istifadə etmək üçün plastik qabların yığılıb təhfil verilməsi təşkil etmək daha məqsədəuyğun təşəbbüs ola bilər. Məsələn, Avropa ölkələrində bu cür layihələr həyata keçirən şirkətlərlə müqavilə bağlayıb, ölkəmizdəki plastik tullantıları toplayıb onlara sata bilərik. Bunun üçün vacib deyil ki, plastik yollar mütləq Azərbaycanda inşaa edilsin. Gələcəkdə nə vaxtsa plastik yolların salınması iqtisadi baxımdan səmərəli olarsa, o zaman Azərbaycanda da özəl şirkətlər belə layihələr həyata keçirə bilər. İndiki mərhələdə isə təbii ehtiyatlar hesabına ucuz yollar çəkmək mümkün olduğu halda nə üçün biz bahalı plastik yol layihələrinə vəsait qoymalıyıq?
Akif Nəsirli