Fatihə surəsinin mesajları

Fatihə surəsinin mesajları
 

Siracəddin Hacı

IX YAZI

(əvvəli ötən saylarımızda)

Fəxrəddin Razi deyir ki, uca Allah Fatihə surəsində beş adına yer vermişdir: Allah, Rəhman, Rəhim, Rəbb, Malik. Bunun səbəbi var: “Sanki O, belə buyurur: ilk öncə səni yaratdım, o halda, mən İlaham. Sonra səni çeşidli nemətlərlə böyüdərək tərbiyə etdim, o halda, Mən Rəbbəm. Sonra sən üsyan etdin. Mən sənin üsyanlarını örtdüm. O halda, Mən Rəhmanam. Sonra sən tövbə etdin, Mən də bağışladım. O halda, Mən Rəhiməm. Sonra cəzanı sənə çatdırmaq lazımdır. Ona görə də Mən o günün yeganə sahibiyəm. Uca Allah bəsmələdə bir dəfə Rəhman və Rəhim adlarını söylədi. Fatihədə də ikinci kərə təkrarladı. O halda, bu iki adda bir təkrar var. Başqa adlarda isə bu təkrar yoxdur. Bunun hikməti nədir? Açıqlaması budur: Mən İlah və Rəbb olduğumu bir dəfə, Rəhman və Rəhim olduğumu isə iki kərə söylədim ki, Mənim rəhmət ilə olan yardımımın başqa şeylərlə olan yardımımdan daha çox olduğunu biləsən. Uca Allah rəhmətinin qat-qat olduğunu bəyan edərkən sanki belə demişdir: “Əsla buna aldanma, arxayın olma! Bil ki, Mən din gününün də Malikiyəm”. Bunun bir dəlili də bu ayədir: “Günahı bağışlayan, tövbəni qəbul edən, əzabı çətin, kərəmi də sınırsız olandır, Ondan başqa ilah yoxdur, bütün yolların sonu Ona çıxar” (Mümin, 40/3; Fahruddin er-Razi, göstərilən qaynaq, s. 337).

İmam Nəsəfi deyir ki, bir başqa varlıq deyil, ər-Rəhman, ər-Rəhim, ər-Rəbb, əl-Malik olan uca Allah həmdə layiqdir (İmam Nesefi, Nesefi tefsiri, c.I, s. 127). Həmdə layiq olmaq üçün bütün yaradılmışların sahibi olmaq, mərhəməti ilə onları əhatə etmək, rəhmət və mərhəməti özünə yazmaq, hesab gününün yeganə hakimi olmaq zəruridir. Onun hesab günündə də ortağı yoxdur, bu baxımdan həmd bir tək Onun haqqıdır. Bizim həmdimizin Ona bir yararı yoxdur: “Allaha şükür edənlər öz xeyirləri üçün şükür edərlər”(Loğman, 31/12).

IV

“(RƏBBİMİZ) YALNIZ SƏNƏ QULLUQ EDƏR VƏ YALNIZ SƏNDƏN YARDIM İSTƏYƏRİK!”

Fatihə surəsinin ilk yarısı həmd və uca Allahın sifətləri ilə bağlıdır, Onu tanıdır. Bu ayə isə insana tövhid və qulluq şüuru verir, deyir ki, qulluğun (ibadətin) tək ünvanı var, o da uca Allahdır.

Ayə insanın yaradılış məqsədini izah edən ayə ilə birgə oxunmalıdır: “Mən görünən, görünməyən, bilinən, bilinməyən bütün iradəli varlıqları sadəcə Mənə qulluq etsinlər deyə yaratdım” (Zariyat, 51/56).

Ayə deyir ki, yardımı da ancaq uca Allahdan istə: “Ey iman edənlər! (Allahdan) səbir və namazla (dirənərək və dik duraraq) yardım istəyin. Allah səbir edənlərlə bərabərdir” (Bəqərə, 2/153).

Ayə “biz yalnız Sənə qulluq edər və (biz) yalnız Səndən yardım istəyərik” deyir, ümmət, vəhdət, birlik şüuru verir.

Uca Allaha qulluğun (ibadətin) içində bu anlamlar var: mərifət (bilgi, elm), Onu tanıyan Ona yönələr. Şüur – uca Allah bizim şüurlu, anlayaraq ibadət etməyimizi istəyir. İradə - O, bizim ibadəti anlayaraq, düşünərək seçməyimizi istəyir, ibadət məcburi deyil, könüllü seçimdir. O, bizi şüurlu və iradəli bir həyat yaşamağıma yönəldir. Sevgi – insan Onu tanıdıqca sevər, sevdikcə itaətə yönələr. Uca Allahın imkanlarından yararlanmağın tək bir yolu var: Onu tanımaq, Ona itaət etmək (Onun seçdiyi həyat tərzini yaşamaq). Boyun əymə - ibadət uca Allaha təslim olmaqdır. Qorxu – sevən sevdiyinin sevgisini itirməkdən qorxar. Niyyət – qulluğun mahiyyətini anlamaq, nə üçün ibadət etdiyini bilməkdir.

Ayədə iki hissə var: birinci hissə qulluq bəyanı, ikinci hissə duadır. Duadan öncə fədakarlığa ehtiyac var, öncə əlindən gələn hər şeyi et, qulluq vəzifəni yerinə yetir, sonra əllərini uca Allaha aç: “... Ona sadəcə gözəl sözlər yüksəlir, o sözləri ucaldan isə imana uyğun əməllərdir” (Fatır, 35/10).

Uca Allah öncə Özünü tanıtdı, sonra hesab gününü xatırlatdı, sonra da qulluq və yardımın ünvanını göstərdi, tövhid və ümmət şüuru verdi. Ümmət iman bağı ilə bir-birinə bağlanan, bir-birini sevən, bir-birinə yardım, dua edən, bir-birini darda qoymayan, uca Allahın rizasını qazanmaq hədəfi olan, möminlər ancaq qardaşdırlar (qardaşdan başqa bir şey ola bilməzlər) ölçüsünü yerinə yetirən topluluqdur. Allah Rəsulu buyurur: “Ey Allahın qulları, qardaş olun!” (Buxari, Nikah, 45; Müslim, Birr, 23, 28-32).

İbadət yalnız (ancaq, bir tək) Onadır, ayədəki “yalnız” sözü çox önəmlidir, deyir ki, uca Allahdan başqasına ibadət haramdır.

Duanın da ünvanı ancaq Odur, ayə dua edin demir, dua Ona məxsusdur deyir, Ondan başqasına dua etmək haramdır, nəfsə, qula (insana), əşyaya qulluq yoxdur.

Ayə insan azadlığını elan edir, uca Allaha təslim olan azad olar, azad olan dəyər qazanar.

Dua ona xasdır, araçı yoxdur, araçı seçmək uca Allaha güvənməməkdir. Ayə hər çeşid araçını rədd edir. Uca Allah buyurur ki, Biz qulumuza şah damarından daha yaxınıq, qullarım Məni səndən soruşsalar, yaxşı bilsinlər (əmin olsunlar) ki, Mən yaxınam, Mənə dua etdikləri zaman dualarına cavab verərəm. Artıq siz də Mənim (“yalnız Məndən istəyin”) çağırışıma icabət edin və Mənə güvənin.

İbadət şüurlu yönəlişdir, o, ilahi qüdrəti, rəhmət və bərəkəti insanın ruhuna yerləşdirir. Uca Allah buyurur: “... Namazı haqqını verərək (şüurlu, anlayaraq) qıl, çünki (haqqı verilərək qılınmış) namaz (insanı) bütün çirkinliklərdən və pisliklərdən qoruyar... Allahı anmaq və Allahın sizi anması, əlbəttə, ən böyük lütfdür...” (Ənkəbut, 29/45)

Uca Allah haqqı verilərək qılınmayan namazı, həyatla bağı qopmuş ibadəti, hər şeyini uca Allaha borclu olduğunu anlamayan, yetimi aşağılayan, yoxsulu doyurmayan birinin ancaq şəkildən ibarət qulluğunu qəbul etmir, “belə ibadət olmaz olsun” buyurur (Maun, 107/1-7).

Ayə deyir ki, ey insan, iki yoldan birini seç, ya azad ol, ya da kölə. O, qurtuluşun (azadlığın) yolunu göstərir: “Ayədə bir yol ayrımı var. Hər cür köləlikdən qurtularaq azad olmaq ilə, qullara qul olmaq arasındakı yol ayrımı. Bu əsas insanların tam anlamı ilə qurtuluşunun elanını müjdələyir. Bu, vəsvəsələrə dustaq olmaqdan qurtuluş hürriyyətidir. Ayə qəlibləşmiş, əslsiz inanclardan qurtulma özgürlüyünü, çeşidli cahiliyyə sistemlərinin alışqanlıqlarından uzaq qalma hürriyyətini müjdələyir. Belə ki, uca Allahın varlığına inanmaq və yardımı da yalnız Ondan istəmək zəruri olduğuna görə bu inanc insanın vicdanını vərdişlərin köləliyindən, şəxslərin və batil sistemlərin boyunduruğundan qurtaracaq. Yenə insan yaxasını əfsanələrin, quruntuların, xurafələrin dustaqlığından bu inancla xilas edəcək” (Seyyid Kutub, göstərilən qaynaq, s. 33-34).

İbadət (qulluq), yardımı ancaq Ondan istəmək, qeydsiz-şərtsiz təslimiyyət İslamın təməl əsaslarındandır. İbadət Ona bağlılıq, boyun əymək, Onun hökmü altına girmək, Ona təslim olmaq, Ona tam güvənməkdir. Ayə deyir ki, uca Allahdan başqa ibadətə layiq varlıq yoxdur. Sənin yardımını istəyirik, çünki Sənin Aləmlərin Rəbbi olduğunu, gücünün hər şeyə çatdığını, hər şey üzərində hökmran olduğunu bilirik.

Fatihə surəsinin ilk üç ayəsində uca Allah və insan əlaqəsinin əsasları açıqlanmış, sonra iradə (seçim) bəyan edilmiş, yardım edənin sadəcə O olduğu vurğulanaraq xalis iman (şirksiz iman) anlamını daşıyan tövhid inancı yerinə oturdularaq şirkin hər növü rədd edilmişdir.

Bu ayə duada tövhidi öyrədir. “La ilahə illallah” (Allahdan başqa ilah yoxdur) kimidir, yəni ikihissəlidir, nəfy və isbat yönləri var. Nəfy Allah kim (nə) deyil, isbat Allah kimdir anlamını daşıyır. Ayə deyir ki, insan başqa varlıqlara deyil, bir tək Allaha qulluq etməli, başqa varlıqlardan deyil, sadəcə Ondan istəməlidir: “... Mütləq həqiqəti ünvan seçən gerçək bir dua yalnız Ona yönəlməlidir. Ondan başqa yalvarıb-yaxardıqları varlıqlar heç bir şəkildə onların istəklərinə (dualarına) qarşılıq verə bilməzlər. (Onların durumu) əllərini suya doğru açıb, (suyun) ağzına çatmasını gözləyən birinin vəziyyəti kimidir. Bu halda, o əsla suya qovuşmayacaqdır. Küfrə düşənlərin duası azmalarını (artırmaqdan) başqa heç bir işə yaramaz”(Rəd, 13-14).

“(Rəbbimiz!) Yalnız Sənə qulluq edər və yalnız Səndən yardım istəyərik” ayəsi deyir ki, insan hər işində uca Allaha möhtacdır. Bu ayəyə inansaq, onun hökmlərini yerinə yetirsək, bizi yoxdan var edən Allah dünya sevgisini qəlbimizdən söküb atar, bizi riyadan (ikiüzlülükdən) uzaqlaşdırar, ixlasa, şirksiz imana qovuşdurar. Yardımı Ondan istəyən, bütün varlığı ilə Ona qulluq edən həqiqətə qovuşar, doğru ibadətə yönələr, ona möhtac olduğunu anlayar, nəfsinə nəzarət edər, təkəbbürdən uzaqlaşar, qəlbi hüzura qovuşar, şirkin köləlik zəncirini qırıb atar, anlam qazanar, ilahi rəhmətə nail olar.

Ayə qulluğun zirvəsidir, yəni Səndən başqasının önündə əsla, heç bir zaman, heç bir şərtlə əyilmərik, möhtac olduğumuz neməti bir tək Səndən istəyərik, Sənin bizim üçün seçdiyin həyat tərzini (dini) yaşayarıq.

Ayə deyir ki, tövhid birləşdirir, şirk parçalayır, tövhidin nəticəsi sevgi, şirkin nəticəsi nifrətdir.

İbn Atiyə deyir ki, “yalnız Sənə ibadət (qulluq) edərik” ayəsinin mənası budur: əmr və yasaqlarını həyatımıza hakim qılar, qəbul edər, istəyərək (inanaraq, səmimi) itaət edərik: “(Ey insan!) Allahla birlikdə başqa bir ilah qəbul etmə! Sonra qınanmış olaraq bir köşəyə atılıb orada təkbaşına qalarsan. Sənin Rəbbin başqasına deyil, yalnız Ona qulluq etməyinizi əmr edir!” (İsra, 17/23).

İbadət (qulluq) uca Allahı razı edən işlərdir, varlığı yoxdan yaradan, yaratdıqlarına nemət verən O olduğuna görə, qulluq Onun haqqı, möhtac olduğuna görə yardım istəmək də insanın haqqıdır.

İmam Əbussuud bunları yazır: “... Bu mübarək ayədə uca Allaha ibadət mərtəbəsinin ucalığına, buna qovuşmağın əzizliyinə, ibadət edən qul üçün bunun ən böyük arzu və hədəf olduğuna, ibadətin şəxsi əməyin deyil, uca Allahın bir lütfü olduğuna da açıq işarələr var. Bir də bu ayənin özündən sonra gələn dua ayəsi ilə uyumu (ahəngi) çox açıqdır” (Ebussuud tefsiri, göstərilən qaynaq, s. 64).

Uca Allah möminləri belə tanıdır: “Möminlər Allaha və Rəsuluna iman edib, bunda (imanda) əsla şübhəyə düşməyən kimsələrdir” (Hucurat, 49/15).

Allah Rəsulundan ən üstün əməlin nə olduğu soruşulanda belə cavab vermişdir: “Tərəddüd daşımayan iman” (Ahmed bin Hanbel, el-Müsned, c.II, s. 258, 442; Darimi, Səlat, 135; Nesai, İman, 1, Zəkat, 49).

İmam Maturidi “yalnız Sənə qulluq edərik...” ayəsinin təfsirində deyir ki, bu ilahi bəyan iki mənaya gələ bilər. Birincisi, tövhiddir. İbn Abbasa görə, Quranda yer alan bütün ibadət anlayışları tövhid anlamına gəlir. İkincisi, buradakı ibadət uca Allaha qulluq edilməsinə yol açan hər növ itaətdir: “... Sözü edilən iki anlam son təhlildə bir nöqtədə toplanır. Çünki qulun bütün ibadətlərində Allahı tək məbud (ilah) olaraq tanıması, heç bir şeyi Ona ortaq qoşmayıb qulluq vəzifəsini Allaha yönəltməsi, yalnız Ona aid qılması zəruri şərtdir. Beləliklə, qul həm ibadətdə, həm də bütün dini davranışlarında tövhid ölçüsünü (ilkəsini) tətbiq etmiş olur” (Ebu Mansur el-Maturidi, Tevilatul-Kuran, c.I, s. 44-45).

İmam Fəxrəddin Razinin bu ayə ilə bağlı yazdıqlarını belə sıralamaq olar:

- ibadət (qulluq) başqasına təzim məqsədi ilə edilən işdir. “İbadət” sözü üzərindən hər kəsin keçdiyi yol anlamını da daşıyır, yol insana, üzərində gəzdiyi hər varlığa təslim olur, təzim edir, “Yalnız Sənə ibadət edərik” ayəsinin anlamı budur: Səndən başqa kimsəyə ibadət etmərik;
- ibadət təzim etməyin zirvəsidir, bu, bütün nemətləri verənə yaraşır. Nemətin ən böyüyü də nemətlərdən faydalanmağa yol açan həyatdır: “Yer üzündə olan hər şeyi sizin üçün yaradan Odur”;(Bəqərə, 2/29)
- hər neməti yaradan Odur, bu halda, ibadət də Onun haqqıdır;
- ayə sadəcə Sənə ibadət edərik demir, həm də ibadət yalnız Sənə məxsusdur deyir, başqa heç bir varlığın ibadət haqqı olmadığını vurğulayır;
- insanı yoxluqdan varlığa, ölümdən həyata, acizlikdən qüdrətə, cəhalətdən elmə qovuşduran Odur, O, ilahdır, ibadətə layiq tək varlıqdır;
- insan var olandan sonra da Ona möhtacdır, ehtiyacları var, O, ər-Rəhmandır, ər-Rəhimdir, ər-Rəbbdir, insanın maddi və mənəvi ehtiyaclarını təmin edəndir, ona görə də ibadət Ona məxsusdur;
- insan axirətdə, hesab günündə də Ona möhtacdır, O din gününün Malikidir, bu halda, ibadət yalnız Onadır;
- uca Allaha təzim etmək, ona boyun əymək insanı ucaldar, şərəf verər;
- ehtiyacsız olmayan başqalarının ehtiyacını təmin edə bilməz, ehtiyacsız olan tək varlıq Odur, ibadət də Onun haqqıdır;
- ayə deyir ki, uca Allahdan başqa ibadətə layiq varlıq yoxdur, bu, şəriksiz tövhid inancının ölçüsüdür;
- ayə tarix boyu uca Allahın şəriki kimi göstərilən maddi varlıqların, bitkilərin, ağacların, heyvanların, insanların, atəşin, Ayın, Günəşin, ulduzların, işığın, qaranlığın, mələklərin, cinlərin... ilahlığını rədd edir, insanları tövhid inancı (şəriksiz iman) ilə birləşdirir, onları parçalanmaqdan, dəyərini itirməkdən, azmaqdan qoruyur;
- “yalnız Sənə qulluq edərik” ayəsinin anlamı “la ilahə illallah” tövhid cümləsinin mənası ilə eynidir;
- ayə öncə “yalnız Sənə ibadət edərik”, sonra da “yalnız Səndən istəyərik” deyir. Bu yolla öncə ilahın uca Allah olduğuna diqqət çəkilir, deyilir ki, uca Allahın adını hər an ağlında, qəlbində diri tut, Onu unutma, Onun sənin Mövlan, sənin də Onun qulu olduğunu xatırla, bil, bu yolla Ondan mənəvi güc al ki, qulluğun ağır yükü yüngülləşsin: “Müttəqi olanlar var ha, onlara şeytandan bir vəsvəsə gəldiyi zaman dərindən düşünərlər. Bir də görərsən ki, həqiqəti görüb anlamışlar” (Əraf, 7/201);
- insan öncə ibadət etdiyi varlığı doğru tanımalıdır ki, Ondan yardım istəyə bilsin, öncə varlığı özündən olan, ehtiyacsız Allahın, sonra da hər şeyini Ona borclu olan insanın adı (istəyi) gəlməlidir;
- nemətə deyil, nemət verənə bax, nemət verildiyi zaman neməti verənə deyil, nemətə gözlərini dikən kimsə bəlalar gələndə də bəlanı verənə deyil, bəlaya baxar, Allahı unudar, bədbəxt olar, çünki nemət tapdığı zaman onun əldən getməsindən qorxar, əzab içində olar, nemət əlindən getdiyi zaman da zillət və cəza içinə düşər, sanki, özünü zəncirləyər, zindana məhkum olar. Uca Allah buyurur ki, nemətlərimi xatırlayın (Bəqərə, 2/40), Məni anın ki, Mən də sizi anım;(Bəqərə, 2/152)
- qul (insan) “Sənə ibadət edirəm” desə idi, bu cümlə uca Allahdan başqasına ibadəti istisna etməzdi (rədd etməzdi), ona görə də ayə “yalnız (bir tək) Sənə ibadət edərik” biçimində gəlmişdir;

Ardı var...

Paralel.az
0.037828207015991