Ana - həyatın qüdsiyyəti
Şəmsəddin Əliyev yazır:
“Sevgisi sərhəd tanımayan,
bəşəriyyəti döşündən bəsləyən
qadını-Ananı sevin,mədh edin”
M. Qorkiy
"Uşaqlar dahi varlıqlardır.Müdrik və ağıllı adamlara məxsus bu fikir mübahisə doğurmaz.
Zənnimcə uşaqların dahiliyi və zəkalılığı hər gün doğan günəşə və hər səhər qızaran dan yerinə olan sevgimiz qədər təbii qarşılanmalıdır .
Niyə bu kiçik oğlan və qızları –uşaqları dahi adlandırırıq? İstənilən xalqın, cəmiyyətin əsas özəyi sayılan ailənin həqiqi xoşbəxtliyi bu zəkalı uşaqlardan asılı deyilmi?
“Bəşəriyyətin səadətini təmin edəcək sarayda bir uşağın qığıltısı gəlmirsə, o saray tar-mar olsa yaxşıdır”- zərbi məsəlin məramı da budur-desəm, əsla yanılmıram.
Düşündükcə belə nəticəyə gəlmək olur ki, uşaqların dahiliyi yer üzündə bütün şüurlu varlığın, bütövlükdə bəşəriyyətin mənəvi gücünün nəcib yaradıcısı ana sevgisi ilə gerçəkləşir.
Məhz ana məhəbbətinin İlahi hikmətlə bağlılığından həyat çiçəklənir və davam edir.
Müqəddəs ana məhəbbəti olmasaydı, yəqin ki,həyat da olmazdı...
Ay Ana! Məhəbbətin həmişə həyatıma ən yüksək qüllədən işıq saçan ömür mayakım olub.Əks təqdirdə heç nəyə nail ola bilməzdim,vətənə, ətrafa da sevgim olmazdı. Bətnində ikən sevgindən mayalandım. O müqəddəs həyat cövhərində “yuyunan anlarım” da şox olub. Tanrı sevgisi ilə ərmağan edilən o həyat cövhərində - fiziki və mənəvi inkişaf üçün zəruri olan hər şey varmış,ay Ana,hər şey!
Zəriflik vəziyyətimdən şəfqətin və sevginlə , mehriban nəvazişin və hədsiz qayğınla ərsəyə gəlib inkişaf etdim...
9 ay ərzində təkamül mərhələsini də hamıdan gizli bətnində keçdim. Bir növ, inkişaf tariximin ilk anından bu günümə qədər sənin məhəbbətinin şəfəqləri altında canlı və şüurlu bir varlığa çevrilmişəm...
Bəşəriyyətdə xeyirxah və yaxşı nə varsa Siz anaların məhəbbətindən doğur,ay Ana!
***
Ana! Həyatda hər bir insanın ilk sözü! Bütün dillərdə müqəddəs söz- ANA!
Ana məhəbbəti ən müqəddəs hiss kimi, həyata gəlməyimizdən öncə bətndə ərsəyə gəlir.
Ana haqqında çox əsərlər yazılıb, şeirlər səslənib. Bu qədər yazılanların heç biri ananın tam vəsfini verə bilmir, bilməyəcək...
Səhih hədislərin birində oxuduqlarımdan:
Səhabələrindən biri Peyğəmbərimizdən soruşur:
-Ya Rəsulallah ! Ana borcunu ödəmək olarmı?
-Həyatın boyu çalışıb ona xidmət etsən, yalnız hamiləliyi dövründə çəkdiyi bir sancının əvəzini ödəmiş olarsan!
Ana məhəbbətini qələmlə də ifadə etmək çox çətindir...
“Ana –yer üzərində hamımızın yeganə səcdəgahıdır və ayaqları altında cənnətin dərəcələri var...
Bəşəriyyəti döşündən bəsləyən ana məhəbbətinin sərhədi olmur. İnsanda gözəl nə varsa günəş şəfəqlərindən və ana südündəndir-deyib övliyalar.
Ay Ana! Kaş dünyanı Siz analar idarə edərdiniz. Ən azı müharibələr ki,olmazdı?!...
Analıq xeyir – dua Məbədidir. Ana ürəyi daha uzağı görə,“ana” sözünü bütün dillərdə hamı anlaya bilir.
Nobel mükafatına layiq görülən Kolumbiya yazıçısı Alber Kamü yazır: “Mənə ədalətlə ana arasında seçim imkanı verilsəydi,tərəddüd etmədən ananı seçərdim”.
Ana ləyaqəti hörmətə layiqdir, uğrunda ölməyə dəyər. Ən ali sevgi də ananın övladına olan sevgisidir. Ana məhəbbəti hər şeyə qadir,qədim və əzəlidir,tamahsızdır. O heç nədən və heç kimdən asılı deyil.
Biz uşaqlar ananı həyatda saxlaya bilən lövbərik . Bəşəriyyətin gələcəyi, mən deyərdim ki, taleyi anaların əlindədir. “Beşiyi yellədən o əllər dünyanı idarə edə bilir”...
Oxuduqlarımdan:
“Müharibələr anaların lənətləridir. Ana ürəyi daha tez-tez döyünür. Analar həmişə müharibənin və ölümün əleyhinə olublar”...
Anamızı sevirik və heç nə düşünmədən, heç nə hiss etmədən,fərqə varmadan, həyatımız qədər sevirik. Sonradan anlayırıq ki, bütün bunlar ona olan elə o sevgimizin dərin kökündəndir. Analar dünyasını dəyişəndən sonra uşaqlığımız onunla məzarlığa gedir, anaların yoxluğu ilə dərdsiz,qəmsiz uşaqlıq da yox olur.Bizə xatirələr qalır. Daha “uşaq” deyilik-deyə düşünürük ki, valideyn uşaq ola bilməz? Amma...Analar nə qədər ömür sürsələr də, bir o qədər onun uşaqları adlanırıq.Həqiqət budur...
Özlərinə və ruhlarına qurban anaların,həyatlarının sonuna qədər qəlb evimizin açarını özlərində daşıyırlar...
Ay Ana! Kəbədən gətirdiyim zəvvar kəfəni də Sənə qismət olmadı. Düm ağ kəfəni saxlamışam. Yəqin məskunlaşdığın və “mühacirətdə”olduğun o dünyana gətirəsi olaçağam...
Ay Ana! Ötən gecə yuxuma gəlmişdin. Hönkür-hönkür ağlamağımın səsindən ayıldım.
Ay ana, səni heç belə ağlayan görməmişdim. Yaman gileylənirdin.Böyük övladlarından nigaran qaldığını dilə gətirdin,onları soruşdun.
-Ay ana,onlar çoxdan köç ediblər,kim qalıb ki!?...
Sənə yaxşı övlad ola bildimmi?. Birdən Rəbbimizin bəxş etdiyi övladlarımı – nəvələrini görüb səni unutduğumu düşünərsən? Allah! Allah! Yox! Yox ay Ana, yox!
Övlad şirindir, yoxsa ana-sualına cavab verməkdə çətinlik çəkirəm. Belə bir suala və cavabına ehtiyac varmı? Sən şirin, vəfalı ,qəlb evimin açarını ömrünün sonuna qədər daşıdığın müqəddəs İlahi varlığımsan! Səninlə bağlı xatirələrim yarpaq –yarpaq yerə tökülür. Ana evim kərpic-kərpic sökülür...
İndi, “Ata” adı ilə çağrılsam da,sənin övladın, uşağınam, ay Ana!
Hərdən səni haraylamaq istəyirəm, səsimi dünya eşitsin deyə -hayqırıram: Anam heyy... Səsimə cavab gəlməyəndə beşiyimin yanında söylədiyin “lay-lay, balam lay-lay”ı həzin-həzin,“lay-lay, anam lay-lay”-deyə sənə qaytarıram. Amma səsinin ahəngini, bəstəçisi analar olan o nəğmənin pərdəsini tuta bilmirəm. Qəhər məni boğur. 70, 80, 100-yaşdan sonra da sən ana, mənsə sənin 70, 80, 100 yaşlı uşağınam...Belə duyğu hər bir övlada baş ucalığı gətirir...
- Yadındamı, ay ana? Tələbəlik illərimdə məzuniyyətə gəlmişdim. Yenə mənə - ay uşaq burda əyləş, burda-dedin.
- Ay ana 21 yaşındayam, yenə uşaq?
- Eh, ay bala, övlad valideyn üçün həmişə uşaqdır.. .
Övladının səadəti üçün yalnız analar həyatını qurban verər. Başqa heç kim.
Bir dəfə səndən soruşmuşdum:
- Analar daha çox övladının hansı hərəkətini xoşlayır?
Cavabın hələ də bu “axsayan” qulaqlarımda sırğa tək asılı qalıb. Dedin ki, oğul həyəti aşıb gedəndə arxasınca su atım, sonra yerişinə baxıb xəyala dalım.Bir də, “Gəlsin xalat versin bəyin anası!” bəy tərifini eşidim...
O arzunu Uca Tanrı nə sənə, nə də mənə qismət etmədi... Niyəsini bilmirəm!..
Ömrünü kənd evimizin qaranlıq otaqlarında şam tək yandırıb, özün də pərvanəyə döndün.Uşaq əllərimizlə o həsir döşənilən evlərdə yuxularını “oğurladıq”,yuxuların ərşə çəkildi...
Ay günəşə layiq, ona yaraşdığı və onunla öyündüyü kimi,ana da balası ilə öyünər,bir-birilərinə yaraşarlar...
Ata ömrü İkinci Dünya müharibəsində uzaqlarda dolaşanda,sən kəndimizdə təklənmişdin, iki ömrün cəfasını tək daşımalı olurdun.
Bilirəm, o analı yazlar ömrümə bir daha qayıtmaz. Özüm yorğun, daha pərvazlanmağa heyim də yox. Səninçün eləmədiklərim indi mənə dərd olub, yandırır məni ... Səhrada yol azan yolçular kimi, hədər gedən anlarımı sayıram...
Əllərin qəlbin kimi ,yer üzünü şəfəqlərilə qızdıran günəşdən də isti, ləl-cəvahir dünyasından da dəyərlisən.
Apardığın və həsrət qaldığımız təbəssümlə, balalarına olan sevgi ilə qayıt, ay Ana! Qayıt ki,addımlarının dəydiyi torpağı öpüm, ovcuma alıb qoxusundan məst olum...
Getdiyin bayram vaxtıydı. Gör neçə baharlı bayramlar ötüb, dəfələrlə qış yerini dəyişib... Təbiət də, həyat da dəyişib. Gördüklərimizdən əsər-əlamət yox . Dünyada sanki yalqızıq. Qayıt, ay Ana qayıt!Nəvələrin səni gözləyir. Bax, gör, böyüyüblər. Bardaş qurub oturduğun mənzilimiz də indi başqadır. Yəqin tanımazsan . Gəl ,həmdəmimi qaytar...
Danışdıqların yaddaşımdan silinməyib: “Analara oğul dünyaya gətirmək cəmiyyətdə hörmətə və nüfuza sahib olmaqdır. Oğul nəslin davamçısı, beldən gələn kökün soyadını daşıyır, varisdir...”
İndi ay ana o” xurafat” düşüncələrə yer yoxdur, amma bu bir həqiqətdir ki,oğullu analar həmişə gizlincə öyünərlər. Tanrı heç bir övladı valideyn üçün bir işlə kara gələ bilmədiyi günlə imtahana çəkməsin, həzər o günlərdən. Analar vətənə oğullar bəxş etməzsə, o qüdrəti ölkədə kim təcəssüm etdirər,kim?!
Tanrı sənə 6 oğul ,3 gələcək ana-qız bəxş etmişdi. Tanrı bu hikmət və əzəməti ilə sənə həm də, imkan vermişdi ki,bizi insanlığa xas tərzdə tərbiyə edəsən. Bu tərbiyəndən indi məmnunluğumu izhar etməyim çətindir. Bunu təmasda olduğumuz ətraf bilər.
Xətalarımız da az olmayıb. Etiraf edim ki, dərdimizi də bizdən xəbərsiz çəkdiyin anlar çox olub.
Ay ana! Alim və ziyalı oğulun, general oğulun, pedaqoq oğulun ədəbi, tərbiyəsi, mədəniyyəti və əxlaqı olmazsa o oğulları vətən də qəbul etməz.
Bir zərbi məsəldə deyildiyi kimi: “Evin varsa qapını döyəcəklərindən, oğulun varsa ehtiyacdan qorxma,narahat olmağa da dəyməz.”
Özün deyərdin ki,əgər qadın kişidən ötrü hər şeyə hazırdırsa, deməli o kişi onun oğludur. Nə etmək ki, analar oğru və ya qatil övladlarını da ata bilmir, onu sevirlər...
Analara oğlu ilə yanaşı addımladığı qədər heç nə yaraşmır.
“Ana” sözü həyatımız boyu bizi müşayət edir. Biz anlamadan, bəzən də qorxduğumuz, sevindiyimiz və təəccüblü anlarımızda adını çəkirik, “oy Ana!” .
Balaca bir qızcığazdan harada yaşayırsan, sualına şəhadət barmağını uzadaraq belə cavab vermişdi: “Orada, anamın olduğu yerdə.”
Uşaqlıq illərində kol-kosun əl-ayağımızı qanatdığına görə anaların təşvişdə olduğunu, ayağımızda və əlimizdə olan qançırların onların isti ürəklərində yuva saldığını anlamamışıq...
Dünyada milyon müxtəlif rəngli güllər, dostlar, doğmalar da çox, səmada milyardlarla ulduzlar olsa belə, sən təksən,tək!...
Bilsəm ki, doğmaların yuxularında gəzirsən hamının əvəzində yuxuya dalar, səni tapardım. Əgər uyuduğun məzarlığın ətrafındakı çiçəklərin qoxusunda olsan o çiçəkləri çələng edib əlimdə saxlar, solmağa qoymazdım...
Ürəyinin dərinliyində həmişə məğtirət- günahımızdan keçməyə yer olub...Bizi müşayət edən dualarınla Tanrı rəhmini bizdən əsirgəməyib,bu gün də ...
Hər şey ölümə məhkum,əbədi həyat siz anaların qismətidir...
Ay ana! Haqq dünyana qovuşduqdan sonra səndən yalnız kövrək və heç vaxt silinməz xatirələr ərməğan qalıb.Qəlbimizə hakim o şirin xatirələr bizə şəfqəti ilə canıyananlıq edir, bizi mərhəməti ilə qidalandırır.
Mələkləri inkar edənlər anlamırlar ki, yerdə onları analar əvəz edir- yerdəki mələklər-analardır!
Rəvayət edirlər ki, uşaq bətndə ikən Aləmlərin Rəbbinə deyir: “Ya Rəbbim! Mənə qorxuludur, birdən(dünyaya gəlməyi nəzərdə tutur) bacarmadım?” – Bacararsan. Mən sənə Mələk –mühafizəçi verərəm...
- Ya Rəbbim,bəs onun adı necədir?... O əhəmiyyət kəsb etmir, sən onu “Ana” çağıracaqsan”
Analar gələcəyi görə bilir. Bəzən,ana övladını görəndə heyrət edir: “İndicə səni xatırlayırdım, ay bala. Bax, gəldin. Şükr Allahın kəramətinə...” Belə xoş anlar anaların ürəyinə damar... Ana ilə uşaq arasında sirli və görünməz bir ip uzanır, məhz bu sirli ip vasitəsilə bir sarsıntılı hal baş verdikdə ilk olaraq ağrı anaların ürəyinə ötürülür.
Ananın gözlə görə bilmədiyini, ürəyi öncədən “görür”, hiss edir.
“Gələcək analar-qızlar da analarına bənzər”-deyirlər. Bəlkə bu, onların gözləmədikləri “bədbəxtliyidir?”. Amma kişi anasına bənzəmir, bəlkə bu da, kişinin faciəsidir.
Ay Ana! Sənin ürəyin sadiq və həssasmış, ürəyində bizlərə sevgin heç vaxt sönməyib, gücdən düşməyib. Yaşım uşaqlıq, gənclik illərini çoxdan ötsə də yenə sənə ehtiyacım var.Sənsiz qəlbimdə və həyatımda bir boşluq yaranıb. Çox qəribəsi odur ki, o boşluğu” zəbt”etmək mümkün olmur. Sənə olan sonsuz sevgim, hörmət və ehtiramım həyatımı səadətə calayır. Uşaq tək həmişə təbəssüm etməyindən qanad tapıb göylərə pərvazlanmışam.
Atam belə deyərdi: Kişi həyatda iki dəfə ağlayar: Birinci dəfə doğum günündə,hıçqırıb haray qoparar ki, gəldim. İkinci dəfə- anası öləndə.
- Bəs ata öləndə niyə ağlamamalıdır?-soruşmuşdum.
- Heç kimin atası əbədi yaşamır, ona görə!...
Ay ana! Nəvazişinə və qayğına həmişə möhtac olmuşam. Amma bircə dəfə də olsun səni nəvazişimə qərq etməyim, oxşamağım yadıma gəlmir. Bu da eləmədiklərimdi, indi məni yandırır.
Əllərin o qədər yumşaq və zərif “toxunub” ki, orada rahat yuxuya getmək vaxtlarım da olub.
Ana ,sən bizə həyat bəxş etməklə insanlara və vətənə sevgi hədiyyə etdin.
Zənnimcə əgər bəşəriyyət, “deyəsən bizə anamız baxır” –düşünüb,özünü lazım olduğu qədər apara bilsəydi dünya bambaşqa olardı. Ən azı müharibələr, milli ədavətlər olmazdı, insanlığa qənim kəsilən silahlar işlədilməzdi...
Yalnız anamız bizi həyatı boyu daşıya bilib, əziyyətimizə və şıltaqlığımıza tab gətirib- 9 ay bətnində, 3 yaşa qədər qucağında və son gününə qədər qəlbinə yük olmuşuq!
Epiloqsayaq son söz
Analar həyatımızın əsas varlığıdır.“Xeyrimizi, şərimizi” onunla bölüşüb, onunla məsləhətləşmişik. Gizli hisslərinə məhrəm olmuşuq.
Sonra yaş ötdükcə həyatımızda yeni-əziz, sevgili insanlar- ailə, uşaqlar zahir olur və çox qəribədir ki, analar sakitcə kənara çəkilirlər...
Bəli, bu həqiqətdir və hər birimizin həyatıdır...
Amma yaşlansaq da,ağrısaq və həkimə,yatağa möhtac qalsaq da anamızı unutmarıq. Həyat pillələri tükənən anlarda analarımızın şirin dilimizə və nəvazişimizə ehtiyacı olur. Şəfqətimizi və qayğılarımızı göstərdikcə hiss edirlər ki, onlar unudulmamış,(unudulmazlar) əvvəlki kimi həyatımızın ayrılmaz canlı varlıqlarıdır- düşünüb məlhəm tapırlar.Bu,zamanında qidalandığımız və indi könül xoşluğu ilə qaytardığımız başqa cür həyat cövhəridir
Kimin anası ömrünü yaşayırsa ,“Səni çox sevirəm, sənsiz həyatın heç bir dəyəri yoxmuş, ay Ana!” –səsləsin.
Haqq dünyasına qovuşanlara hər gün dualar edək. O dualar məzarlıqda ünvanlarını tapır...
Bəşəriyyətin dünəni,bu günü və sabahı da anaların əllərindədir...
Ya Rəbbim! Anaların ayaqları altında olduğu behiştin xətrinə onları qəbr əzabından hifz et,mərhəmət qanadının altına al!
Amin!..."