Azərbaycan dinlərin və 
mədəniyyətlərin qovşağıdır

Azərbaycan dinlərin və mədəniyyətlərin qovşağıdır
 

Çoxmillətli, müxtəlif dinlərin nümayəndələrinin yaşadığı
ölkələrdə dini və etnik tolerantlıq ictimai stabilliyi təmin edir

 

Qloballaşan dün-yamızda dövlətlərin din siyasəti ölkədə baş verən sosial-iqtisadi və siyasi proseslərə də ciddi təsir edən amillərdən birinə çevrilib. Buna görə də dini tolerantlıq və multikulturalizm hər hansı dövlətin, ölkənin, xalqın həyatında daxili birləşdirici, stabilləşdirici mexanizm kimi özünü göstərir.

Dini tolerantlıq bir dini- konfessional birliyin dəyərlərinə tolerant münasibətidir. Yəni, hər kəs öz dini etiqadlarına riayət etdiyi kimi, başqalarının da bu hüququnu qəbul edir. Bəziləri çoxməzmunlu anlayış kimi dini tolerantlığı müxtəlif aspektlərdən şərh edirlər. Müsbət mənada dini tolerantlıq yad dini-konfessional dəyərlərə və ideyalara hörməti, mənfi mənada isə digər dini-konfessional baxışlara biganəliyi, hətta düşmənçiliyi ifadə edir. Çoxmillətli, müxtəlif dinlərin nümayəndələrinin yaşadığı ölkələrdə dini və etnik tolerantlıq ictimai stabilliyi təmin edir. Buna görə də dini və etnik tolerantlığın vəhdət halında tədqiqi zərurəti meydana çıxır. Bunu zəruri edən başqa bir səbəb isə bu gün dünyanın bir çox ölkələrində dini və etnik dözümsüzlük səbəbindən baş verən qanlı hadisələr və beynəlxalq aləmin bu hadisələrə ikili yanaşmasıdır. Tolerantlıq və multikulturalizm həm də bir mənəviyyat məsələsidir.

Bu da məlum həqiqətdir ki, mənəvi gücü zəif olan cəmiyyətlərdə sosial-iqtisadi, elmi-texniki inkişaf da zəif olur. Bu baxımdan müstəqilliyinin bərpasının 26-ci ilini qeyd edən Azərbaycan bu gün bütün sahələrdə tərəqqi dövrünü yaşayır: sosial-iqtisadi, elmi-texniki, hərbi-siyasi və həm də mədəni-mənəvi baxımdan güclənir, inkişaf edir.

Çünki Azərbaycan dövləti mənəvi dəyərlərin qorunmasını, təbliği və təşviqini cəmiyyətin inkişaf meyarlarından biri kimi qəbul edir. Bu, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının və dövlət siyasətinin tərkib hissəsidir. O da danılmaz həqiqətdir ki, bu gün Azərbaycan cəmiyyətinin və dövlətinin həm sosial-iqtisadi inkişafının, həm də mənəvi tərəqqisinin bünövrəsində Heydər Əliyev siyasəti dayanır. Bu siyasətin  prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıllıqla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan həm sosial-iqtisadi, həm də mənəvi dəyərlərin qorunmasına və inkişafına görə regionun lider dövlətinə çevrilib.

Ümummilli lideri Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra milli-dini dəyərlərimizin qorunmasında, islam dininə ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin daha da möhkəmləndirilməsində, eləcə də ölkədə vicdan azadlığının bərqərar edilməsində, tolerant və multikultural ənənələrimizin təbliğində və təşviqində əməli fəaliyyəti ilə misilsiz rol oynayıb. Bildiyiniz kimi, Azərbaycan tarixən tolerantlıq, dini dözümlülük ənənələri ilə fərqlənsə də, beynəlxalq standartlara cavab verən dövlət-din münasibətləri, tolerantlıq prinsipləri ölkəmizdə məhz Heydər Əliyevin xidmətləri sayəsində bərqərar olub. Ulu öndərin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan Respublikasında insan hüquqlarının qorunmasına dair qanunvericilik bazası beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb, dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit olunub, dini etiqad azadlığı ilə bağlı normativ hüquqi aktlara riayət edilməsinə nəzarət gücləndirilib, konfessiyalar arasında dözumlülük mühiti yaxşılaşdırılıb, eləcə də dini-tarixi abidələrimizin tikintisi, bərpası və qorunması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bu sahədə Heydər Əliyevin müdrik, cəsarətli, tarixi qərarlarından biri isə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması olub.

 Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ictimai həyatın bütün sahələrində mövqeyini ortaya qoymaq ehtiyacı ilə üzləşib. Yenidən qurulan dövlətin dəyərlər sisteminin dəqiqləşdirilməsi, mürəkkəb daxili və beynəlxalq vəziyyət şəraitində müstəqil dövlət quruculuğuna başlayan Azərbaycan üçün müstəsna əhəmiyyətə malik idi. Ən vacib məsələlərdən biri də, dövlətin din məsələlərinə münasibəti, ölkədə mövcud olan fərqli dini icmalara və konfessiyalara münasibətinin prinsipial məqamlarının müəyyənləşdirilməsi hesab olunur. Zaman keçdikcə belə bir vacib sahənin idarə olunması mexanizmlərinin mərkəzləşdirilməsi, müvafiq mərkəzi icra hakimiyyəti orqanının yaradılması zərurəti aktuallığını daha da artırır. Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan artıq soydaşımızın doğma yurdlarından qaçqın düşməsi, o dövrdə ölkəmizi böyük humanitar fəlakətlə üz-üzə qoydu, bu situasiyadan istifadə edən bir çox beynəlxalq fondlar və təşkilatlar humanitar yardım adı altında ölkəmizə ayaq açmağa başladılar. Bu fondların, təşkilatların "humanitar yardım" adı altında bölgədə möhkəmləndikdən sonra missionerlik fəaliyyəti həyata keçirəcəkləri, öz ölkələrinin dövlət-din münasibətləri modelini Azərbaycanda tətbiq etmək istəyinə düşəcəkləri Heydər Əliyev kimi uzaqgörən siyasətçi üçün tam aydın idi. Buna görə də ulu öndər 2001-ci il iyunun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaradılması barədə fərman imzaladı. Dövlət Komitəsinin qarşısına isə Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi, dini qurumların dövlət qeydiyyatına alınması, zərərli təriqətlərin fəaliyyətinə son qoyulması və digər vəzifələr qoydu.

Ölkəmizə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması da, məhz Heydər Əliyevin adı ilə bağlıdır. Tarixən dinlərin və mədəniyyətlərin qovşağı olan Azərbaycan bu gün də eyni funksiyanı uğurla yerinə yetirir. Hazırda Azərbaycan əhalisinin tərkibi həm etnik, həm dini, həm də məzhəb baxımından zəngindir. Amma xoşbəxtlikdən müxtəlif dinlərin və dini fəlsəfi cərəyanların yayıldığı Azərbaycanda bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, irqi və dini zəmində heç bir ayrıseçkilik faktı qeydə alınmayıb. Bu proses müstəqilliyin ilk illərindən başlayaraq da davam etdirilib. Yəni, dini ənənələrimizin bərpası və möhkəmləndirilməsi, Azərbaycan dövlətinin din siyasətinin qarşısında duran əsas vəzifələrdən birinə çevrilib. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq konsepsiyasına uyğun olaraq ölkədə dövlət-din münasibətlərinin, millətlərarası və dinlərarası dialoqun genişlənməsi üçün əlverişli şərait yaradılıb, bu sahədə beynəlxalq hüquq normalarına uyğun qanunvericilik bazası yaradılıb. Ulu öndər hələ 1994-cü ildə Təzəpir məscidində dindarlar qarşısında çıxış edərkən ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra milli, dini ənənələrimizin möhkəmləndirilməsindən bəhs edərək deyib: "Azərbaycan müstəqil dövlətdir. Azərbaycan xalqı öz milli azadlığına, müstəqilliyinə nail olub. Bu milli, mədəni, dini ənənələrimizin bərpasına şərait yaradıb. Biz bu şəraitin möhkəmlənməsi üçün bundan sonra da çalışacağıq və əmin ola bilərsiniz ki, prezident kimi mən bu yolda əlimdən gələni əsirgəməyəcəm".

 Onu da qeyd edək ki, ümummilli lideri Heydər Əliyev dini, milli və etnik tolerantlığın qorunması və inkişafı üçün görülən işlərlə paralel, həm də insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini də dövlətin ali məqsədi elan etmişdi. Onun rəhbərliyi altında Azərbaycan Respublikasında müstəqillik dövründə bu sahədə hüquqların müdafiəsi ilə bağlı fundamental qanunvericilik bazası yaradılıb. Həyatın sınağından çıxan bu qanunvericilik bazası da ümummilli lider Heydər Əliyevin müəllifliyi və rəhbərliyi ilə yaradılıb. Bu baza, 12 noyabr 1995-ci ildə ümumxalq referendumu yolu ilə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyasıdır. Bu Konstitusiyanın qəbulu və fəaliyyətə başlaması ölkəmizin totalitar sistemdən demokratiyaya, planlı iqtisadiyyatdan bazar münasibətlərinə keçid şəraitində insanların bərabərhüquqlu vətəndaş kimi formalaşmasını və nəticədə, millətin inkişafını təmin edən çox mühüm, əvəzsiz hüquqi vasitə kimi təzahür etdi.

Konstitusiyamızda mədəniyyət, bərabərlik, milli mənsubiyyət, təhlükəsiz yaşamaq, azadlıq, şəxsi toxunulmazlıq, təhsil, fikir və söz azadlığı, vicdan azadlığı, ana dilindən istifadə hüququ, yaradıcılıq azadlığı, hüquqi yardım almaq kimi maddələr- normalar təsbit edilib.

Azərbaycan Respublikasının qoşulduğu "İnsan hüquqları haqqında" Avropa Konvensiyası dövlətimizin hüquq sisteminin qanunvericiliyinin tərkib hissəsidir. Bu konvensiyaya qoşulmağın ölkə üçün səciyyəvi olan önəmi ondan ibarətdir ki, multikulturalizmin əhatə etdiyi və tərkibinə qatıldığı əsas insan hüquq və azadlıqları 1995-ci ildən qüvvədə olan konstitusiyamızda həm təsbit edilib, həm də dövlətçilik baxımından təmin edilir və qorunur.

Konstitusiyanın qəbulu ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyini, dünya dövlətləri sırasında yer almasını, dünyəvi, demokratik dövlət olmasını təsdiq edən, gələcəyə hesablanan siyasi uzaqgörənliyinin bəhrəsidir.

 

“Paralel”in
Araşdırma Qrupu
 Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.077895164489746