Ürəklərin dostu

Ürəklərin dostu
 

Həmsöhbətimiz tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Kardioloqlar Cəmiyyətinin üzvü, hal-hazırda Əhmədli Tibb Mərkəzinin baş həkimi Alim Şıxəliyevdir.

Qısa arayış: Alim Həmzə oğlu Şıxəliyev 1953-cü ildə Lerik rayonunun Kəlxan kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb İnstitutuna daxil olub. Tibbi fəaliyyətinə 1976-cı ildən Bakıdakı 2 saylı poliklinikada sahə terapevti kimi başlayıb. A.Şıxəliyev 1982-ci ildə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun 1-ci terapiya kafedrasında 4 aylıq kursu bitiridikdən sonra, 1983-cü ildə təhsilini Moskvanın Botkin adına xəstəxanasının nəzdindəki Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutununn terapiya kafedrasında davam etdirir. Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Konfransında təqdim etdiyi elmi iş uğurlu sayılıb və 1-ci dərəcəli mukafata layiq görülüb. 1987-ci ildə Moskvada dissertasiya müdafiə edib və tibb elmləri namizədi elmi dərəcəsi alır. Alim Şıxəliyevin elmi işlərinin çoxu əsasən xroniki ürək çatışmazlığının müalicəsinə həsr olunub.

1998-ci ildən etibarən özəl sahədə çalışıb, 2003-cü ildən özünün təsis etdiyi Əhmədli Tibb Mərkəzinin baş həkimidir. Alim Şıxəliyev Avropa Kardeoloqlar Cəmiyyətinin üzvüdür. Olduqca maraqlı həmsöhbətdir. Ömrünün yarıdan çoxunu tibb elminin kardiologiya bölümünə həsr etmiş alim 40-dan çox elmi məqalənin, bir kitabın müəllifidir.

Klinikanın içərisində sakit bir ab-hava var. Tibbi personal bizim gəlişimizi əvvəlcədən bilirdi və səmimi qarşılandıq. Öncə baş həkimin otağına daxil olanda bizi pasienti kimi zənn etsə də, sonradan müsahibə üçün gəldiyimizi bilib suallarımızı maraqla dinləməyə başladı.

- Doktor, deyirlər hər insanın ürəyi yumruğu boydadır. Ürəkdəki ecazkar gücə, fasiləsiz işlək qabiliyyətinə Siz necə baxırsınız, ürəyin sirri nədədir?

- İnsan orqanizmində ürəyin fəaliyyəti sadə bir mexanizmdir. Ürəyin orqanizmdəki fəaliyyətinə elmi cəhətdən yanaşsaq onun sadə bir pompa – nasos olduğunu müəyyən etmiş olarıq. Onun yalnız bir vəzifəsi var – qanı ürək boşluğundan damarlara atıb, orada təzyiq yaradıb insanın qan dövranını təmin etmək. Ürək doğurdan da möcüzəli orqandır. Bir gündə 110-120 min dəfə döyünür, hətta idmançılarda və fiziki iş görənlərdə bu rəqəm daha çoxdur – 150 mindən artıqdır. Əgər insan sadəcə oturaq işdədirsə - yəni stabil olaraq qalırsa, ürək günə 10 ton qan vurur damarlara – yəni, ürəyin boşluğundan qanı böyük təzyiq altında aortaya ötürür. Əslində, bu da böyük bir qüvvə istəyir. Bu rəqəmi illik (10 ton qan) hesablasaq, 3650 ton edər. Təbii ki, insan 70-75 il yaşayırsa, ürəyin nə dərəcə ağır bir yük daşlıdığının şahidi oluruq.

- Bəs ürəyin beyinə tabeliyi necə, varmı?

- Əslində ürək avtonom işləyir. Yəni əgər ürəyə gələn sinirlər kəsilsə belə, o yenə də işləyəcək. Amma ürək mütləq ki, beyinin və sinir sisteminin təsiri altındadır. Amma sizin kimi ədəbiyyat adamları ürəyin funksiyasına başqa məna verirlər – məsələn ürək sevdi, ürək həyəcanlandı, filankəs ürəkli adamdır və s. Bunların hamısı poetik məhfumlardır. Əslində ürəyin funksiyası, bayaq da qeyd etdiyim kimi avtonom işləməkdir. Şübhə yoxdur ki, mərkəzi sinir sistemi insan orqanizmindəki bütün orqanları, əzaları idarə edir, eyni zamanda da ürəyi.

- Doktor onda bəs qəlb nədir?

- Qəlb ərəb sözüdür. Eyni funksiyanı yerinə yetirir təbii ki.. Yalnız urəyin işini azaldıb-çoxaltmaq mümkündur ki, bu da elmi dildə sempatik və parasempatik adlanır. Ürəyin işinə təsir göstərəcək bir çox faktorlar var. Beyinin təsiri altında olduğu kimi sinir sisteminin də təsiri altında olur qəlbimiz. Bununla yanaşı, ürək emosional sferanın da təsiri altında olur. İnsan həyəcan keçirəndə, qorxanda, hirslənəndə ürək daha da tez-tez döyünməyə başlayır.

- Bəs ürəyin mənəvi tərəfi, onun çəkdiyi ağrılar, acılar, iztirablar ürəyə emosional yanaşma qəlb məfhumunu yaradıb?

- Təbii ki, insan depressiyada, hiss-həyəcan içində olanda o ürək ağrısı ilə, çırpıntıları ilə, tez-tez döyünməsi ilə özünü göstərir. Biz bütün həyəcanları ürəyimizdə hiss edirik. Məsələn, imtahana gedən uşağın ürəyi həyəcanla döyünür və yaxud əməliyyat öncəsi. Bütün hallarda ürək həssasdır. Mənə elə gəlir ki, ürəyin fəaliyyəti ilahi bir möcüzədir, bütün ağrı-acılara, iztirablara təmkinlə dözür.

- Müasir dövrdə, informasiya bolluğu şəraitində zərif ürəyi həddindən artıq yormaq olmaz. Lakin biz istəsək də, istəməsək də ürəyimiz, qəlbimiz informasiyalarla çox yüklənir...

- Qeyd etdiyimiz kimi biz cəmiyyətin daşıyıcıları olaraq müasir telekommunikasiyanın məhsulu olan informasiya bolluğu şəraitində yaşayırıq. Bəzi adamlar bu bolluqdan maksimum yararlanmağa çalışırlar, bəzi adamlar isə televiziyanın, kompüterin əsirinə çevrilir. Şübhəsiz ki, məsələn hind filmlərində göstərilən epizodlar insan qəlbini həyəcanlandırır, insanı düşünməyə vadar edir, bəzən qorxu, bəzən sevinc hissi yaradır. Bir də unudulmamalıdır ki, ürəyi çox yormaq, onu həddən artıq informasiya ilə yüklməyi məqbul saymıram...

- Necə etmək lazımdır ki, ürək həmişə sağlam olsun, stresslərə tuş gəlməsin?

- Sualınız xoşuma gəldi. Ürəyi həmişə sağlam saxlamaq, onu stresslərdən qorumaq indiki dövrdə daha aktuallıq kəsb edir. İntensiv olaraq idmanla məşğul olmaq, təmiz havada olmaq, dostlarla əylənmək, dərdi-səri, problemləri unutmaq, qeylü-qaldan uzaq olmaq, səmərəli istirahət etmək ürəyin dərd yükünü azaldar, insana rahatlıq gətirər. Qaldı ki, hərdən həkimə yanaşıb ürək fəaliyyətini yoxlamaq, məsləhətlər almaq pis olmazdı.

- Eşitdiyimizə görə, bir sıra zərərli vərdişlər – GEMO mənşəli ərzaqlar, süni hazırlanmış keyfiyyətsiz qidalar insanın orqanizmini zəiflədir, ürəyin funksiyasını azaldır.

- Bütün cəmiyyəti narahat edən vacib məsələyə toxunursunuz. Yaşadığımız cəmiyyətdə bir çox təhlükələrlə üz-üzə, göz-gözəyik. Çox təəssüf hissi ilə qeyd edim ki, bəşəriyyəti çuğlayan bəlalar Azərbaycan adlı məmləkətdən də yan ötməyib. Narkomaniya baş alıb gedir, oğurluq, qətl hadisələri artır. Narkotik və psixotrop maddələri gənclər, yeniyetmələr, qadınlar arasında yayılır, hətta bu işə yaşlı nəslin nümayəndələri də qoşulub. İnsanı uçuruma sürükləyən “ağ ölüm” sahiblərində hansı təmiz və sağlam ürəkdən, düşüncədən danışmaq olar? Digər tərəfdən isə GEMO mənşəli ərzaq məhsulları, elə qeyd elədiyiniz süni yollarla hazırlanmış ərzaqlar insan orqaninzmini, eləcə də ürəyi zəiflədən, onu xəstəliyə düçar edən amillər deyilmi? Elə isə zərərli vərdişlərdən niyə əl çəkmirik?

- Yüksək arterial təzyiq, miokard infarktı, insult və s. ürəyin düşməni hesab etmək olarmı?

- Bəli, öncə ürəyin normal yığılıma funksiyasını pozan amillər barədə düşünüb-daşınmaq lazımdır. Ürəyin funksiyasını pozan, onu vaxtından əvvəl həkimə, dərmana, iynəyə möhtac edən, hətta ölümə səbəb olan amillər var - yüksək arterial təzyiq, qanda xolesterinin olması, siqaret çəkmək, artıq çəki və hərəkətsiz həyat tərzi. Bu amilləri ürəkdən uzaq etmək daha yaxşı olardı.

- Demək, arterial təzyiq genetik mənşəlidir, yoxsa həyatda qazanılandır?

- Arterial təzyiqi yaradan səbəblər var. Bu səbəbləri aradan qaldırmaq heç də asan deyil. Yüksək arterial təzyiqin genetik mənşəli olması həkimlərin işini çətinləşdirir. Hər-halda güc yenə də bizim üzərimizə düşür.

- Doktor, çox sağ olun, bizimlə ürəyin incəlikləri barədə fikirlərinizi bölüşdünüz. Sizə və həkim yoldaşınız Tofiqə xanıma da uğurlar diləyirik.

Səadət Sultan

Yazıçı-publisist

0.020581960678101