İranın kürkünə bit düşdü

İranın kürkünə bit düşdü
 

Siracəddin Hacı yazır:

"Çox dəyərli Azərbaycan xalqı bir ay bundan öncə Allahşükür Paşazadənin torpağını zalımdan və zülmdən azad etmək üçün çilələr çəkmiş, ağır bədəllər ödəmiş Azərbaycan xalqının, cəsur ordumuzun, əziz şəhidlərimizin, igid qazilərimizin əməyini İranın dini liderinin adına çıxmasına, sonra da Azərbaycanı ələ salan, kiçildən, qorxutmağa çalışan İran mollasına sosial mediada elə bir cavab verdi ki, İran hakimiyyətinin ayağının altından yer qaçdı, lərzəyə düşdü, tez-tələsik rəsmi nümayəndələrini Azərbaycanın ayağına göndərdi. Bu nümayəndə heyəti İran hakimiyyətinin siyasi, iqtisadi, hərbi dəstək verdiyi quldur ermənilərin xarabaya çevirdiyi Ağdama getdi, ənənəvi hiylə siyasətinə uyğun olaraqAzərbaycan xalqının həssas məkanı olan işğaldan azad edilmiş torpaqdan və məsciddən mesajlar verdi, dedi ki, biz qardaşıq, artıq İranın gerçək simasını tanıyan Azərbaycan xalqının gözünə kül üfürməyə çalışdı. İran hakimiyyətinin bu dərəcədə həyəcanlanmasının ciddi səbəbi var: illərlə milyonlar xərcləyərək, xurafələr ixrac edərək, saxta media şəbəkələri quraraq, din pərdəsi altında casuslar yetişdirərək Azərbaycanı özündən asılı vəziyyətə salmaq üçün qurduğu şər sisteminin çökdüyünü əyani olaraq görməyə başladı, çox dəyərli şiə qardaşlarımızın belə üsyan səsini eşitdi, qəzəb dolu sözlərini oxudu, haqlı etirazlarını gördü. Sizi əmin edirəm ki, bu, Azərbaycan tarixinin ən önəmli dəyişim, dönüşüm, tanıma nöqtələrindən biridir. Azərbaycan xalqı dostunu da, düşmənini də açıq biçimdə tanımağa başlamış, maska yırtılmışdır. İndi bu əzabkeş xalqı aldatmaq çətindir, həm də çox çətindir. Qarabağı zalımdan və zülmdən azad etmə hərəkatının bizə qazandırdığı ən önəmli nəticələrdən biri də budur: Azərbaycan xalqı İran hakimiyyətinin və Rusiyanın düşmən olduğunu təcrübəsi ilə öyrənmişdir, təcrübə ilə öyrənilən həqiqət unudulmaz. Görürəm ki, ölkənin içində və xaricdə bu böyük hərəkatın önəmini olduğu kimi qavramayanlar var. Bu böyük milli hərəkat həm də fikir zəlzələsidir, elə bil fikir zəlzələsidir ki, çürük rejimlərin çökməsinə səbəb olacaq.

Baş verən önəmli hadisələrdən çıxaracağımız dərslər var:

- haqqını yeyənlərin payını versən, ayağına gələcək, sənə yalvaracaqlar;
- düşmənini tanısan, ona aldanmayacaqsan, qorunacaqsan;
- milli birlik olsa, kimsə səni məğlub edə bilməz;
- xalqın qarşısında duracaq bəşəri güc yoxdur;
- İran hakimiyyətinin siyasətinin əsası hiylədir, o sənə dindaşım, qardaşım deyər, əbasının altında, sarığının, çarığının içində zəhərli xəncər gizləyər, sənə fətva, şirin yalanlar, düşmənə də silah göndərər. Zalım hiyləgər olmağa məcburdur, belə ki hiylə və qorxu olmasa, zülm rejimi davam etməz. Ədalətlilər də ağıllı olmağa məhkumdurlar, belə ki ağıl doğru çalışmasa, ədalət gerçəkləşməz;
- İran hakimiyyəti müstəqil, suveren Azərbaycanın varlığını qəbul etmir, etməz, onu özünə təhlükə sayır;
- İran hakimiyyəti açıqca deyir ki, Azərbaycan İranın bir parçasıdır;
- İran hakimiyyəti Azərbaycanı zəiflətmək üçün Ermənistandan, Qarabağ ermənilərindən istifadə edir, Rusiya ilə əməkdaşlığa gedir;
- İran hakimiyyəti din adı altında xurafələr ixrac edir, bu xurafələrlə Azərbaycan xalqının ağlını öldürür, ağlını öldürür ki, bu xalq sürüləşsin, onun köləsinə çevrilsin, dostu ilə düşmənini tanımasın, cəhalət bataqlığında milli və dini kimliyini itirsin;
- İran hakimiyyəti Azərbaycana iki zəhər göndərir: biri narkotik, o birisi xurafədir, biri bədənimizi, o birisi ağlımızı öldürür;
- İran hakimiyyəti Ermənistanı müttəfiqi sayır;
- bu hakimiyyət sözdən deyil, gücdən anlayar, güclü olsan, səninlə hesablaşmağa məcbur qalar;
- İran hakimiyyəti Allahı, Qurani-Kərimi, Elçini, hz.Əlini, hz.Fatiməni, hz.Hüseyni, Kərbəlanı istismar edir, siyasi, irqçi mənafelərini gerçəkləşdirmək vasitəsinə çevirir. Hz.Əliyə, hz.Hüseynə iftira atır, utanmadan deyir ki, bizim yolumuz hz.Əlinin, hz.Hüseynin yoludur. Şəhid hz.Əli, zülmə qarşı dirənmiş əziz Hüseyn müsəlmanların düşmənlərinə yardım etdilərmi? Etmədilər, etməzlər, onlar hər zaman məzlumları qorudular. Bu halda, müsəlmanların düşməni olan ermənilərə yardım göstərən İran hakimiyyəti hansı haqla deyir ki, bizim yolumuz hz.Əlinin, hz.Hüseynin yoludur, biz onların davamçısıyıq?;
- böyük imam hz.Əli də, əziz anamız hz.Fatimə də, zülmə qarşı dirəniş bayrağı qaldırmış hz.Hüseyn də zalımlara yardım edən İran hakimiyyətinin deyil, zülmə, zalıma qarşı savaşan Azərbaycan xalqınındır;
- fars dilini öyrəndim, qədim, böyük tarixi, mədəniyyəti, ədəbiyyatı, sənəti, dövlətçilik tarixi olan İranı yaxından tanıdım, sevdim. Əmin olun ki, molla rejimi bu cənnət ölkəni xarabaya çevirmişdir. Bu gün İranda ədalətin “ə”si, azadlığın “a”sı yoxdur, əzabkeş İran xalqı zülm içindədir. İranla bağlı arzum və duam budur ki, bu gözəl ölkə ədalət və azadlığın olduğu bir ölkəyə çevrilsin, Azərbaycanın əlindən və dilindən zərər görmədiyi qonşusu olsun!"
0.031272888183594